"Gözümə inanmadım"  - Zemfira Nərimanova Ramiz Məlik haqqında  NƏLƏR DANIŞDI?
09 yanvar 2024 16:16 (UTC +04:00)

"Gözümə inanmadım" - Zemfira Nərimanova Ramiz Məlik haqqında NƏLƏR DANIŞDI?

Xalq artisti, Prezident təqaüdçüsü Zemfira Nərimanova Lent.az-a dostu, həmkarı, Xalq artisti Ramiz Məlik haqqında xatirələrini danışıb. 

- Zemfira xanım, özünüzü necə hiss edirsiniz?

- Nə bilim, bu aralar çox üzgünəm. Neçə dəyərli sənətkarımızı, neçə əziz insanı itirdik. Həmkarım. Dostum. Xalq artisti Ramiz Məlikin ölümü mənə çox ağır təsir etdi. O, əvəzsiz sənətkar idi, lakin vəfat etdikdən sonra onun xatirəsinə yetərli qədər diqqət göstərilmədi. Niyə jurnalistlər onun haqqında çox az yazdılar?

- Zemfira xanım, Ramiz Məlik sağlığında özü yaxın buraxmaq istəmirdi axı... 

- Ramiz kənardan başqalarına acıdil insan kimi görünə bilərdi, amma o həddindən çox ürəyi təmiz insan idi. Bunu onu yaxından tanıyan hər kəs bilirdi. Ramiz acıdil deyildi, o sadəcə düzünü danışırdı deyə başqaları qıcıqlanırdılar.

- Onunla dostluğunuz necə başlayıb?

- Mənə gah balaca, gah da “tirpaş” deyirdi. “Tirpaş” sözü onun məşhur sözü idi. Çox işlədirdi. İncəsənət İnstitutunu bitirib teatra yeni gəlmişdim. O zaman Ramiz “O qızı tapın” adlı filmdə çəkilmişdi və məşhurlaşmıdı. Çox yaraşıqlıydı. Biz bir tamaşada tərəf müqabili olmalıydıq. Məşqlər başladı, mən rolla bağlı ona bir neçə fikir bildirdim. Mənə dedi ki, “ey balaca, tirpaşlıq eləmə”. İlk dəfə onda bir-birimizi qırdıq, dalaşdıq. Sonralar barışdıq, dostlaşdıq. Ondan sonra həmişə mənə “balaca” deyə müraciət edərdi. Balaca desə də sənətimi qəbul eləyirdi.
Ramiz Məlik çox ədalətli, qayğıkeş insan idi. Moskvadan yeni gəlmişdim. Bir də gördüm ondan zəng gəldi. Evdəkilər açdılar telefonu. İsrarla deyirdi ki, verin Zemfiranın səsini  eşidim. Aldım telefonu hal-xəbər tutdu, sonra bağladı. Yalnız bir neçə gün sonra teatrda görüşəndə dedi ki, haqqında ölüm  xəbəri yaymışdılar, səsini eşidib əmin olmaq istəyirdim, ona görə zəng eləmişdim. Sosial şəbəkə hesabından belə xəbər yayanları “yıxıb-sürümüşdü”. Sənətinə də, sənətkara da qiymət verməyi bacarır, qiymət verilməsini tələb edirdi.

- Zemfira xanım, uzun illər teatrdan uzaq qaldınız. Bunun səbəbi nə idi?

- Mən teatrdan küsmədim, teatr mənim doğma evim idi, orda böyümüşəm, teatrın divarlarını öpürdüm mən, ondan necə küsəydim. Azər Paşa Nemətovla aramızda inciklik yarandı, ona görə daha ora ayaq basmadım. Ramiz Məlik tez-tez zəng vururdu, qayıt, gəl deyirdi. Ötən il bir tədbirlə bağlı teatra getdim. Məni görüb gözləri doldu, əməlli-başlı ağladı. Allah ona rəhmət eləsin. Ramiz sənət üçün yaşayırdı. 

- Onunla bağlı ən unudulmaz xatirəniz nədir?

- Yadımdadır, o bir dəfə infarkt keçirmişdi. O zaman teatrda “Özümüzü kəsən qılınc” tamaşasının məşqləri gedirdi, Ramizə də əsas rollardan biri verilmişdi. İnfarkt keçirdiyinə görə, məşqləri dayandırıldı, yerinə başqa aktyor təyin olundu. Amma mən görürdüm ki, həmin aktyor Ramizin rolunun öhdəsindən gələ bilmir, o yükü daşıya bilmir. Tamaşanın təhvil verilməsinə az qalmışdı. Bir gün zəng etdim, evlərinə getdim. Gördüm yataqdan qalxıb, otaqda gəzişir. Dedim, Ramiz, gəl tamaşaya, gəl rolunu oyna, sənsiz olmur. Səhəri gün gözümə inanmadım. Gəlmişdi. O tamaşada da rekvizit çox keyfiyyətli idi, ağır qılınclar, zirehli geyimlər... Xəstə ürəyinə baxmayaraq, o necə qılınc çalırdı, necə döyüşürdü. Türkiyəni qarış-qarış gəzdik o tamaşa ilə. Ramizi sadəcə olduğu kimi qəbul etmək lazım idi. Xərçəng xəstəliyi insanı istər-istəməz əsəbi edir. Bir müddət oğlu da, xanımı da xəstə idi. Bu qayğılar əlbəttə onu narahat edirdi.  Asan deyildi. İstər-istəməz inciyirdi. Bir dəfə ailəvi bir məsələləri olmuşdu. Bir bacısı atadan qalma torpağı özəlləşdirmişdi. Məhkəmə yolu ilə o torpağı geri alıb bacı-qardaşları arasında tən böldü, özünə pay götürmədi. Ramiz belə bir insan idi.  
Ona görə söhbətimizin əvvəlində dedim ki, dəfn etdilər, amma xatirəsinə yetərli qədər diqqət göstərilmədi. Ona Təzə Pir məclisində ehsan mərasimi verilə bilməzdimi? Bilərdilər. Belə insanlar bizim dəyərlərimizdir. Ramiz Azərbaycan teatrında və kinosunda xidmətləri olmuş istedadlı insan idi. O Xalq artistidir, bu adın bir ağırlığı olmalıdır, bu adı daşıyanlara hörmət qoyulmalıdır. Ramiz və onun kimi böyük sənətkarlar unudulmamalı, unutdurulmamalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15105
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar