Uzun müddətdir reklamı gedən və tamaşaçılar tərəfindən maraqla gözlənilən “Bihter” filmi nəhayət ki, təqdim edildi.
Kaş ki, təqdim edilməsəydi, yenə şirin ümidlərlə gözləsəydik. Filmin nümayişindən sonra izləyicilərin böyük əksəriyyətinin içərisindən bu duyğu keçdi.
Təqdim olunan ekran işinin film, tamaşa, parodiya, məzhəkə, komediya yoxsa dram olduğunu anlamaq əsla mümkün deyil.
Halit Ziya Uşaklıgilin “Aşkı Memnu” adlı romanı əsasında çəkilmiş filmin tarixi əsər olacağı, klassik janra sadiq qalınacağı deyilmişdi. Filmdə tarixilikdən xəbər verən tək şey aktyorların ötən əsrin modasına uyğun libasları idi.
“Aşkı Memnu” kimi möhtəşəm bir serialdan sonra filmə baxmaq əlbəttə istər-istəməz insanda müqayisə duyğusu yaradır. Amma seriala baxmasan, filmi , ümumiyyətlə, anlamaq mümkün deyil. Çünki səhnələr, hadisələr o qədər ötəri çəkilib ki, sanki erotik bir filmdə bütün mövzuları sadəcə bir neçə kəlmə ilə verib, cinsəlliyi öndə tutmağa çalışılar.
Film başdan sona Bihterin kaprizləri, qəribə xarakteri üzərində qurulub. Tez-tez kameraya baxıb düşüncələrini deyir. Bunu bəlkə də film dünyasında yenilik kimi qəbul etmək olar. Amma yeni çəkilən filmlər belə olacaqsa, "kino sənəti uçuruma tərəf tam sürətlə gedir" demək olar.
“Mən Adnan Ziyagilin xanımı, Firdevs xanımın qızı deyiləm. Sadəcə Bihterəm”. Verilmək istəyən mesaj bu idi.
Lakin bu Bihter azqın, bütün xəyalları atəşli sevişmədən ibarət olan murdar xarakterli içiboş bir qadındır. Nə keçmişdən gələn könül yaraları var, nə duyğuları, nə sevgisi. Sadəcə özünə güvəni var. Film sözün həqiqi mənasında lağlağı ilə çəkilmiş paraodiyaya, məzhəkəyə bənzəyirdi. Sanki ekranda “Güldür- Güldür şou” komandası film adıyla ağıllarına gələni təqdim edirdilər.
Sonda Bihter ölmədi, “mən yaşayacam” deyib tamaşaçının gözünə baxa- baxa hamıya meydan oxudu, “tarixdə qalacam, yaşayacam” dedi, güldü keçdi.
Ssenarist nə demək istəyirdi? Uzun illər Bihterlə Behlülün eşqi Türkiyənin qırmızı xətti hesab edilmişdi. Behlülün öz əmisinin xanımı ilə yasaq sevgi yaşaması tənqid olunmuş, əsəri bu qədər baxımlı edən də məhz bu xətt olmuşdu.
Yeni çəkilmiş “Bihter” filmi isə sadəcə belə bir sevginin mümkünlüyünü, sevginin bütün hallarda azad olduğunu sübut etməyə çalışıb, ərinə xəyanət edən azğın, tərbiyəsiz ( bu Bihter sözün həqiqi mənasında tərbiyəsiz, kobud, zalım və hərdəmxəyal bir personaj idi) qadını qəhrəman kimi cəmiyyətə sırımağa çalışdı. Sonda Behlül qayığa minib qaçır, Bihter isə “o qaçdı mən burdayam” deyib sinəsinə döyür.
Film üçün xərclənən vəsaitə və sərf olunan zamana heyfim gəldi.
Sosial şəbəkələrdəki rəylərə əsasən, film ümumiyyətlə izləyicilər tərəfindən tam bir fiyasko kimi qiymətləndirilib.