“Əqrəb mövsümü” serialının böyük maraqla qarşılandığını nəzərə alıb, ikinci filmi çəkməyə qərar verdik. Filmin rejissoru yenə Emil Quliyev olacaq. Bu dəfə daha maraqlı süjet xətti, daha dərin intriqalarla qarşınıza çıxacağıq”.
Bu sözləri Lent.az-a aktyor Azər Aydəmir bildirib.
O qeyd edib ki, filmdə əvvəldən tanış olduğumuz köhnə kriminalistlər yeni cinayət işinin açılması üçün çalışacaqlar.
“Ssenaridə yeni qətl hadisəsi və yeni qatil peyda olacaq. Filmin köhnə heyətinə yeni aktyorların da daxil olması gözlənilir” deyə aktyor qeyd edib ki, yenə də İTV də yayımlanacaq. Artıq serialın çəkilişi üçün hazırlıqlar başlanılıb.
Xatırladaq ki, “Əqrəb mövsümü” serialı Ceyhun Hidayətlinin ssenarisi əsasında çəkilmişdi.
Aktyor daha bir neçə layihədə rol aldığını, tezliklə başqa bir filmlə də tamaşaçı qarşısına çıxacağını bildirsə də, filmlərin adını sürpriz saxlayıb.