İki gündür ortalıqda Əməkdar artist Elza Seyidcahanın "yeni şeiri" deyə bir gülməcə dolaşır. Bir çox saytlar da paylaşdılar, oxuyanlar gah qəhqəhə çəkdilər, gah dəli dedilər, gah da ayıbdır, amma düzdür dedilər. Çox uzağa getmirəm. Elə mediadakı həmkarlarımın bir çoxu da Əməkdar artistin susdurulmasının vacibliyi barədə statuslar paylaşdılar. Yazdıqlarını sərsəmləmə adlandırıb, “biri onu dayandırsın” dedilər. Bəs yaxşı, ay demokratik yazarlar, necə susdursunlar, əl qolunu kəndirləsinlər?
Elza xanım özü deyir ki, mənim şeirlərimdə erotika yoxdu, fəlsəfə var. Kimin içi fəsaddır, şeirlərimdən erotik məna çıxarır. Öz aramızdır, belə çıxır ki, ölkədə Elza xanımdan başqa hamı bu şeirləri oxuyanda erotika barədə düşünür.
Elza xanımın ədəbi yaradıcılığına qiymət vermək fikrim yoxdur. Qiyməti özü demiş dahi sənətkarlarımız verib. Onu Yazıçılar Birliyi kimi nüfuzlu bir təşkilata üzv seçiblər. Bundan sonra Elza xanımın qələminin dalı da kəsər, qabağı da. Demək istədiyim odur ki, bu cəmiyyət onun şeirlərini bəyənmirsə, niyə əzbər bilir, niyə ona nəzirələr yazırlar?
Fakt budur ki, ortalıqda Elza Seyidcahan adlı bir gerçəklik var və diqqəti öz üzərinə çəkməyi bacarır. Cəmiyyətə maraqlı olmasa müzakirə etməz. Tənqid də bir növ reklamdır. O qədər özünə şairəm deyənlər var ki, heç kim onlardan bir sətir də əzbər bilmir, amma Elzanın cızma-qaraları öz təbirincə desək atalar sözünə çevrilib.
Elza xanım Lent.az-a bəyan etdi ki, şeiri o yazmayıb, kimsə onun adından istifadə edib. İnsafən yazan kimdisə elə sırf Elzanın üslubunda yazıb, fərqləndirmək olmur. Amma bu da var ki, ölkədə kimlərsə ürəklərindən keçəni yazıb altına onun imzasını atırlar. İlanı Seyid Əhmədin, daha doğrusu bu dəfə Elzanın əliylə tuturlar. İndi Elza necə “tikim sizin ağzınızı” deməsin?
P.S. Ölkənin mədəniyyəti necədirsə, xalqın vəziyyəti də elədir. Bu gün bizim şeir sənətimizin günü budur. Dərdimiz təkçə bu qəribə şeirlərdirmi? Nə əkmişik, onu da biçirik.