Dünyanı nərdivanla gəzən  azərbaycanlı – “Ginnes məni ölkəmə tanıtdı”
15 fevral 2024 16:03 (UTC +04:00)

Dünyanı nərdivanla gəzən azərbaycanlı – “Ginnes məni ölkəmə tanıtdı”

Lent.az “Xaricdə yaşayan azərbaycanlılar” rubrikasında hazırda ABŞ-da yaşayan azərbaycanlı akrobat, sirk ustası və şoumen Üzeyir Novruzovdan bəhs edir.


 
Üzeyir 1976-ci ildə Bakıda anadan olub. 1988-ci ildə, 12 yaşı olanda ailəsi ilə birlikdə Rusiyaya köçüb. Orta məktəbi və kolleci Moskva şəhərində bitirdikdən sonra Moskva Dövlət Sirkində işləməyə başalyıb.  Bu sirk ilə dünyanın bir çox ölkələrinə qastrol səfərinə çıxıb. Müxtəlif nömrələrlə Yaponiyadan tutmuş Kanadaya qədər gəzib, tamaşaçıları öz hünərinə heyran qoyub.

Hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 3 övladı var. Öz dediyinə görə, illərdir vətəndən kənarda yaşasa da, daima Azərbaycan dilində danışıblar və indi də ailəsində övladları ilə doğma dilində danışır.

 2015-ci ildə qatıldığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ona məşhurluq gətirib. Üzeyir 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

“Kolleci bitirdikdən sonra sırf iş üçün uzun illər xaricdə qastrol səfərlərində olmuşam. Yaponiya, Çin, Kanada, eləcə də bir çox Avropa ölkələrinə getmişəm. Sonra isə ABŞ-yə gəlmək istədim və mənim buradakı işim çox yaxşı qarşılandı. Rekord qazandıqdan sonra qazancım artdı, dünya məni tanıdı. ən sevindiyim cəhət isə bu oldu ki, vətənimdə tanındım. Azərbaycan bayrağını qaldırmaqdan şərəf duyuram” deyə o müsahibələrindən birində  bildirib.

Üzeyir özünü kino sahəsində sınamaq istəyir. Tezliklə kinoaktyor kimi uğur qazanacağına inanır. Nərdivanla gəzən adamın ən böyük xəyalı azərbaycanlı olaraq Hollivudu fəth etməkdir.

# 5982
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar