Lent.az yeni "Göz önündə" rubrikasını təqdim edir. Bu rubrikada hazırda səhnədə olan məşhurların şəxsi həyatları, onlarla bağlı maraqlı məqamlardan bəhs edəcəyik.
Türkiyənin sevilən bəstəkarı və müğənnisi Yıldız Tilbe 1966-cı il iyulun 16-da İzmirin Gültəpə qəsəbəsində doğulub. Kürd ve Zaza əsillidir. Ailədə altı uşağın ən kiçiyi olan Yıldız Tilbəyə atası öldükdən sonra uşaq vaxtı adı ilə müraciət etməyiblər, ona "Yadigar" deyirmişlər.
Kasıblıq səbəbindən evdə yeyənlərin biri azalsın deyib, 16 yaşında evlənməyə məcbur ediblər. Bu evlilikdən qızı Sezen Burçin dünyaya gəlib.
5 il ailəli olduqdan sonra əri Güngör Karahandan ayrılıb. Uşaqlıqdan səsi olduğuna əmin idi, ona görə İzmirdə müxtəlif gecə klublarında oxumağa başlayıb. Səsinin sorağı tezliklə İstanbula çatıb.
1991-ci ilin sonunda pop kraliçası Sezen Aksu Tilbenin adını eşidib, onu dinləməyə gəlib, vokalçı olmağı təklif edib. Yıldız təklifi qəbul edib və İstanbula köçüb. O, Sezen Aksunun evində yaşamağa başlayıb, konsert və albomlarında əsas vokalist kimi çıxış edib.
Sezenin yanında tezliklə ulduzu parlayıb, hər kəs bu möhtəşəm səsi axtarmağa başlayıb, lakin…
Sezenlə münasibətlərinə bir eşq macərası son qoyub. Yıldız Sezen Aksunun çox sevdiyi sevgilisi Uzay Hepari ilə sevgi münasibətləri qurub. Günün birində Sezen Aksu öz evində çılğın cütlüyü yataqda tutduqdan sonra hər şey alt- üst olub. Uzay evi tərk edib və çox keçməyib ki, motosiklet qəzasında həlak olub. İllər sonra Yıldız Tilbə sərxoş olaraq onun yatağına girdiyini, yataqda basılmadıqlarını, hər şeyi Sezenə özü etiraf etdiyini demişdi. Lakin qəzəblənmiş Sezen Aksu hadisələri mətbuata fərqli şəkildə çatdırıb, Yıldızın yollarını bağlamağa çalışmışdı.
Yıldızla Sezenin arası dəyib, uzun illər hər iki sənətkar küsülü qalırlar. Yıldız Uzay üçün “Dəlikanlım” adlı mahnı yazıb və bu mahnı 30 ildir dildən dilə gəzib.
Sezen Aksu isə ürəyinin yanğısını “İki kadın, bir adam” bəstəsi ilə söndürüb. Bu acı xəyanət hər iki qadını düz 30 il yandırıb, yalnız bu yaxın günlərdə Yıldız və Sezen barışıblar. Təşəbbüs təbii ki, qızıl ürəkli Yıldızdan gəlib.
Yıldız Tilbə Sezen Aksunun evindən qovulduqdan sonra uzun müddət musiqi dünyasında özünə yer edə bilməyib. Sezenin dostları, onu sevənlər Yıldıza mahnılar vermək istəmirdilər. Beləcə, depressive günlərində çarəni narkotiklərdə tapan Yıldız narkotik maddələrin aludəçisinə çevrilib. Bu səbəbdən hətta qısa müddət həbs həyatı da yaşayıb.
Günün birində özü musiqi yazıb, oxumağa qərar verib və bu qərarı onun həyatını dəyişib. Mahnıları dildən-dilə düşüb və hər kəs ondan mahnı almağa can atıb.
Şöhrətə çatsa da, sadəliyindən əl çəkməyib. Xalq onu elə xalqın adamı olduğu üçün sevib. Yıldız dəliqanlı, səmimi etirafları ilə sevilir, müxtəlif tolk-şouların aranan simasına çevrilir.
Günlərin birində İbrahim Tatlısəslə eyni saatda şou proqram hazırlayıb, onun reytinqlərini üstələyəndə, İmperator ondan acı bir intiqam almaq eşqinə düşüb, Yıldızı öz efirinə çağırıb aşağılamaq istəyib. "Səni gecəykən pəzəvənglərin əlindən aldım, səni döymüşdülər”, - deyə çirkin bir açıqlama verib. Yıldız, “İbrahim abi, sənə abi dedim, güvəndim, sənin bu etdiyin nə kişiliyə, nə insanlığa sığəşar. Etdiyini niyə başıma qaxırsan?” - deyib proqramı yarımçıq tərk edib.
Yıldız Tilbə "pulum olanda marka geyinirəm, olmayanda bazardan 5-10 lirəyə bir şeylər alıram, yetər ki, səhnəyə çılpaq çıxmayım” fikri ilə xalqın ürəyində taxt qursa da, Bülent Ersoy da bu sözlərdən sonra onu “ucuz qadın” adlandıraraq əzməyə çalışmışdı. Tilbəni küçələrdə çox baxımsız, köhnə paltarlarla görəndə, heç kim təəccüblənmir. Çünki o tamaşaçıları görünüşü, bədəni ilə yox, dəli rəqsləri və möhtəşəm səsi ilə fəth edir.
Səhnələrin ulduzu kənar məhəllədə, sadə bir evdə yaşayır.
Bütün polemikalara, təhqirlərə baxmayaraq, Yıldız Tilbə öz səmimiyyəti, etirafları, açıqlamaları ilə Türkiyənin ən çox sevilən sənətkarı hesab olunur.