Biləcəridə, gözdən uzaqlarda bir ev var. Qapısını açıb kiçik bağçası olan güllü-çiçəkli qədimi bir həyətə daxil oluruq. Həyətin ortasında köhnə, damı az qala çökməkdə olan alçaq bir ev və onun sakinləri qarşılayır bizi. Bu evdə bir zamanlar hər kəsin tanıdığı, sevdiyi bir cütlük yaşayıb, məşhur qonaqları olub. Bu gün isə...
Qapıdan xırda cüssəli, qısa saçlı, yaşına baxmayaraq, çox baxımlı bir xanım çıxır. Əsadan dəstək ala-ala “haradan bildiniz xəstəyəm, nə yaxşı gəldiniz?” deyir. Əslində xəstə olduğunu bilmirdim. Gedişimiz də sürpriz idi. Amma o hər zaman gözü yolda kiminsə qapısını döyəcəyini gözləyirmiş. Çox dəyişib, yalnız səsindən tanıya bilirəm. İllər öncəki aydın, ifadəli düzgün danışıq tərzini qoruyub saxlayıb. Azərbaycan televiziya və radiosunun diktoru Xalidə Əhmədova, başqa adla Xalidə Gözəlin qonağıyıq.
O masa başına oturar-oturmaz evdən yeniyetməni xatırladan bir qız anasının əlindən tutub yanımıza gəlir. Xalidə xanımın nəvəsidir. Əqli və fiziki qüsurludur. 20 yaşı olsa da, balaca uşağa oxşayır. Anası Aytən xanım ona baxdığı üçün işləyə bilmir. Atası yoxdur. Xalidə xanımın 40 yaşlı oğlu Vəliəhd də işsizdir. Bir zamanlar narkotik asılılıqdan əziyyət çəkmiş, lakin özündə güc taparaq sağalmağı bacarmış nəvəsi yenicə iş tapıb. Öz ayaqları üstündə durmağa çalışır. Ailə demək olar ki, Xalidə xanımın ümidinə qalıb.
Lent.az Xalidə Gözəllə müsahibəni təqdim edir.
- Xalidə xanım, nə olub sizə belə?
- Ay qızım, 6 aydır yıxılmışam, çanaq sümüyüm qırılıb. Yaman gündəydim. Hələ təzə-təzə ayağa durmuşam. İcra hakimi sağ olsun, bir dəfə baş çəkib. Amma o Mədəniyyət Nazirliyindən bircə dəfə də halımı soruşan olmayıb. Bircə nəfər demir ki, Süleyman Dəmirəlin mənəvi qızı, xarici ölkədə rusun bayrağını yandırıb, yerinə Azərbaycan bayrağını ucaltmış, ilk bayraqdar qadın indi haralardadır? Dekabr ayında 75 yaşım tamam oldu. Onda da yada düşmədim. Bu xəstə nəvə, bu ailə hamısı mənim 300 manatlıq pensiyama göz dikib.
- Nəvənizin xəstəliyi anadangəlmədir?
- Yox. Körpə olanda peyvənd vurdular, qıc oldu. Uşağı şikəst elədilər. Həkim səhvinin qurbanı olduq. Çox əziyyət çəkdik, sağalda bilmədik.
- Bu evdə uzun illər ömür yoldaşınız, diktor Davud Əhmədovla yaşamısınız. Maraqlıdır, necə tanış olmuşdunuz?
- Mən diktor olmazdan qabaq “Lalə” Qızlar Ansamblında işləyirdim. Bir dəfə Bakıda zavodlardan birində zəhmətkeşlər qarşısında konsert verirdik, televiziya da çəkirdi. Davud ən öndə oturub izləyirdi. Proqramın aparıcısı o idi. Türk mahnısı oxuyurdum . “Sevdim onu, oldum qəlbi qırıq sərsəri”. Bu sözləri deyəndə Davud əliylə özünə işarə edib “məni?” deyə soruşdu. Mən də təbəssümlə başımı “hə” mənasında yellədim. Bu əlbəttə kiçik bir zarafat idi. Mahnım başa çatanda onun yanındakı boş stulda oturdum. Telefon nömrəsini verdi. Bir-birimizi ilk baxışdan bəyənmişdik. Lakin zəng etmədim. Bir də aylar sonra qərara aldım ki, zəng edim ona. Yağışlı yağmurlu bir gün idi. Görüşdük. İkimiz də təpədən dırnağacan islanmışdıq. Təklif elədi ki, yaxınlıqdakı kinoteatra girək, həm filmə baxarıq, həm də üst-başımız quruyar. Getdik. Film boyu hiss etdim ki, kinoya yox, eləcə mənə baxır. Çıxanda dedi ki, mənimlə evlənmək istəyir. Davud ona qədər bir dəfə evlənib, boşanmışdı. Razılaşdım. Elçi gəldilər. Atam narazılıq etmirdi, amma anam dedi “evlənib boşanmış kişiyə veriləcək qızım yoxdur”. Məni tutmaq olardı? Valideynlərim evdə olmayan bir gün evdə nəyim vardı götürüb yığdım taksiyə. Yorğan döşəyimi də götürüb, Davuda qoşulub qaçdım.
- Yorğan - döşəyi niyə?
- Heç nəyi yox idi. Nəyi vardısa birinci ailəsinə verib ayrılmışdı. Bir uşağı da var idi o xanımdan. Kirayədə yaşadıq uzun illər. Bu evi də çox sonralar mən aldım, öz gücümə.
- O necə həyat yoldaşı idi?
- Çox gözəl insan idi. Mən işdə olanda samovar dəmləyirdi, yemək bişirirdi. Uşaqları üçün əsən ata idi. Gözəl plov dəmləməyi vardı. Diktorların çoxu bizim evə onun aşını yeməyə gəlirdilər. Ləvəngisi bir ayrı aləm idi. Yaraşıqlı kişiydi. Evə çoxlu zənglər gəlirdi. Qadınlar ona eşq elan edirdilər. Amma o gözütox idi. Nə qədər ki, Davud var idi, elə bilirdim arxamda dağ dayanıb. Heç incitmədi məni. Nə yaşayanda, nə öləndə. Burda eyvanda canını tapşırdı. 2015-ci ildə. Sağ-salamat gəzirdi ayaq üstə. Dedi elə bil havam çatmır. Uzandı divana. Gözünü yumdu. Quş kimi uçdu getdi (kövrəlib, ağlayır).
- Bəs diktor olmağa necə qərar verdiniz?
- Televiziyada müsabiqə keçirilirdi. Davud gəlib dedi ki, sən də qoşul. Onda artıq 2 uşağımız doğulmuşdu. Hazırlaşmamışdım. Amma ona qədər konsertləri özüm aparırdım. Diksiyam düzgün idi. Yüzlərlə insanın arasından seçildim, işə götürdülər. Amma heç vaxt məni Davudla birlikdə xəbər oxumağa qoymadılar. Əsəbiləşirdim. Deyirdilər evlisiniz olmaz. A balam, biz çıxıb orda bir-birimizə eşq elan eləyəcəyik?
- Qısqanclıqla yanaşmalar olub sizə?
- O qədər olub ki. Bax bir söz deyim. Orda ən təmiz qız Gülşən Əkbərova idi, bir də mən. Efir rejissorları diktorların üst-başını qaydaya salmaq bəhanəsiylə qəsdlə toxunurdular, sığallayırdılar. Bunu nə mənə, nə Gülşənə edə bilməzdilər. Biz çox diktor qadınlar kimi, siqaret çəkmirdik, kişilərlə içki məclisinə oturmurduq deyə, bizə yad kimi yanaşırdılar.
- Uğurlu karyeranız var idi. Və birdən birə ekranlarda görünmədiniz. Nələr oldu?
- 1990-cı illərdə oldu nə oldusa. 20 Yanvar hadisələrindən öncə Ankaradaydım. Tək getmişdim. Orda olanda eşitdim baş verən faciəni. Türk televiziyaları xəbər verdilər. O qapı sənin, bu qapı mənim gəzib səsimizi eşitdirməyə, siyasi dəstək almağa çalışırdım. Milli Harekat Partiyasının (MHP) sədri Alparslan Türkeşlə əlaqəm vardı. Onun köməyi ilə, səhiyyə naziri ilə görüşdüm. Səhiyyə Nazirliyinə gedib ölkəm üçün dərman və qan istədim. Bakıda qırğın olmuşdu. Ehtiyac olduğunu düşünmüşdüm. O zaman məni Sovet səfirliyinə yönləndirdilər. Səfir Çernişov soyadlı adam idi. Burda bir qeyd edim ki, 20 yanvar hadisələrini eşidəndə Ankarada insanlar ayağa qalxmışdılar. Xüsusən Qarsdan, İğdırdan olan azərbaycanlılar sakitləşə bilmirdilər. Mən də qoşulmuşdum onların aksiyalarına. Tandoğan meydanında rus bayrağını yandırıb, heykəlin zirvəsinə Azərbaycan bayrağını qaldırmışdım. Buna baxmayaraq Çernışov məni süfrə açaraq qarşıladı. Dedim mən ermənilər kimi silah istəmirəm, qan və dərman istəyirəm. Aldıq və göndərdik Azərbaycana.
- Bunu istəməyi Azərbaycandan kimsə tapşırmışdı sizə?
- Yox, qızım. Hamısını öz başıma edirdim.
- Bəs sizə irad tutmadılar?
- Tutdular. Elə buna görə Əli Həsənovla, Ramiz Mehdiyev məni işdən atdırdılar. Mehdiyevin qul olduğu bayrağı yandırmışdım. O qoyardımı məni Azərbaycanda qalam? Rus bayrağını meydanda yandırmağım barədə türk kanallarında süjetlər verildi. Mobil telefon yox idi. Bir də gördüm, məndən reportaj alan jurnalist qaldığım evin qapısını döyür. Dedi hörmətli Süleyman Dəmirəl sizi görmək istəyir. Mən otağına girəndə Dəmirəl ayağa qalxdı, “gəl bakalım, Azərbaycanın iyid qızı. Sən də Azərbaycanın Xalidə Ədibisənmiş, O yazardı, sən də spiker” deyib bağrına basdı. Xalidə Ədibin kim olduğunu soruşdum, Atatürkün dostu, silahdaşı odluğunu dedi. “Bu gündən sən mənim qızım olacaqsan” deyib, göstəriş verdi. Mənə ikili vətəndaşlıq verildi. Pasportuma da adım Xalidə Dəmirəl yazıldı. Ondan sonrakı görüşümüzdə mənə 10 000 dollar pul verdi, İşdən çıxarıldığımı, incidildiyimi bilirdi, dedi ailəni də götür, köç Ankaraya. Mən də köçdüm və orda siyasi fəaliyyətə başladım. Mənim onun mənəvi qızı olduğumu Heydər Əliyev də bilirdi.
- Ailəsi ilə də görüşürdünüz?
- Hə. Özü məni Nəzmiyyə xanımla tanış eləmişdi. Hətta Nəzmiyyə xanım qaynanasından ona yadigar qalmış antikvar mirvari boyunbağını 50 yaşım olanda mənə bağışlamışdı. Demişdi, mən artıq yaşlandım, Süleymanın qızı olaraq, bu xatirəni sən qoru.
- Siz Azərbaycanda müxalifət cəbhəsində idiniz?
- Yox. Mən həmişə Heydər Əliyevçi idim. Türkiyəyə köçüb gedəndə o kömək etdi mənə. Onda özü hələ Naxçıvanda işləyirdi.
- Bəs Türkiyədə nə iş gördünüz?
- Həm müğənnilik edirdim. Həm Davudla ikimiz Ankaranın Azərbaycan dilində proqramlar yayan “Türkiyənin səsi” radiosunda işləyirdik, tərcüməçilik edirdik.
- Hansı partiyada idiniz?
- Babamın partiyasında. O zaman Dəmirəl “Doğru yol” partiyasının sədri idi.
- Dəmirəldən sonra sizə münasibət dəyişdi?
- Bəli. Amma mən onun vaxtında dönmüşdüm geriyə. Bizim ev kirayələrimizin pulunu bir neçə il ödədilər, sonra ödəmədilər. Gücüm yetmədi, küsdüm qayıtdım geri.
- O bilmədi?
- 1 ildən sonra bildi. Ad gününüə gedəndə dedim ona. Hər il ad gününə gedirdim. Barışdıq orda. Mənim bişirdiyim şəkərburaları çox sevirdi. MHP rəhbəri Alparslan Türkeş və Dəmirəl. Bu iki insan mənə çox əziz olub. MHP sədri Alparslan Türkeş rəhmətə gedəndə onunla vida mərasiminə getdim. Xatirə dəftərinə ürək sözlərimi yazdım. Elə bu vaxt Devlet Baxçeli gəldi. Türkeşdən sonra o sahibləndi partiyaya. Məndən soruşdu ki, Xalidə xanım, sizi nə zaman görəcəyik öz sıralarımızda? Dedim görə bilməyəcəyiniz, çünki, milliyyətçiliyim Türkeşlə bitdi.
- Sinan Oğanla tanış idiniz?
- 2008-ci ildən tanışam onunla. Bu gün Sinan Oğan siyasətdə mənim sayəmdə var, mənim sayəmdə deputat oldu. Siyasi fəaliyyətim əsasən Kars və Iğdır bölgəsində olub. Oranın xalqından səs alırdım. O zamanlar “Böyük Birlik” Partiyasına qoşulmuşdum və deputat seçiləcəkdim. Lakin sonra mənə yığılan səslərin MHP-dən Sinan Oğana verilməsini istədim. 35 min səs almışdım. Partiyam səddi aşa bilmirdi deyə uduzurduq. Sinan Oğan seçildi. Azərbaycanlı idi. Niyə qazanmayaydı? Onun bu gün işlətdiyi şüar da mənim o vaxt buraxdığım jurnaldan götürülüb. “Oğuz yurdu Azərbaycan” jurnalının şüarı “Azərbaycan dünyaya günəş kimi doğacaq” idi. O, “Türkiyə dünyaya günəş kimi doğacaq” dedi. Mən çox istəyirdim o öz səsini Ərdoğana versin. Və verdi də. Türkiyəyə bu dəfəki səfərim Ərdoğanın seçilməsi münasibətilə olacaq. Mahnı da bəstələmişəm. Onu oxuyacam. Sinan Oğanla da görüşəcəm. Deyiləcək çox sözüm var.
- Bəs Gözəl təxəllüsünü sizə kim verdi? Türkiyəyə Xalidə Əhmədova kimi gedib, Xalidə Gözəl kimi gəldiniz?
- Bu adı da mənə Dəmirəl babam verdi. Dedi özün də gözəlsən, səsin də gözəldir. Səhnə adın da Gözəl olsun.
- İndi gözlərdən uzaq həyat sürürsünüz. Qayıtmanıza peşmansınız?
- Siyasi həyatımın bitməsinə üzgünəm. Orda Azərbaycan üçün daha çox iş görürdüm. Burda bələdiyyəyə seçilmək istədim, səslərimi oğurladılar. Nə fəxri adım, nə mükafatım var. İnsanlar məni sevir, amma Mədəniyyət Nazirliyinin yadına düşmürəm.