Cəzalandıran da bizik, cəzalanan da, haqq olur bizə - REPLİKA
31 oktyabr 2023 11:40 (UTC +04:00)

Cəzalandıran da bizik, cəzalanan da, haqq olur bizə - REPLİKA

Qadın səhər yuxudan durur. Gecədən ərinə acığı tutduğu üçün ağlayıb, üzünün gözünün boyası bir-birinə qarışıb. Dəhşətli görünür. Güzgüdə bir özünə baxır, bir də yataqda xoruldayan ərinə. Acıqla “Sənə bu da azdı, haqq olur, ancaq buna layiqsən, əclaf” deyir.

Həm gülməlidir, həm də ağlamalı. Verdiyi cəza ilə özünü də cəzalandırdığının fərqində deyil. Eyni bizim telekanallar kimi...

2 gündür mediamızın gündəmini Musiqi Forumunda baş verənlər, orada edilən çıxışlar zəbt edib. Öncə Zeynəb xanımın media nümayəndələrinə müsahibə vermək istəməməsi tənqid edildi, sonra "Xəzər" televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşovun telekanalların fəaliyyəti ilə bağlı söylədiyi fikirlər müzakirələrə səbəb oldu.

Murad Dadaşov əslində nəyisə səhv demədi. Onun işinin adı öz dediyi kimi əlində olanı satmaqdır. Satıcı əlində olan məhsula tələbat olmasa onu satmaz. Murad Dadaşovun dediyi kimi, bu bir biznes layihəsidir. Telekanallara baxanlar kimlərdir? Onlar nə istəyirlər? Bu gün azərbaycanlı tamaşaçıların böyük əksəriyyətinin tələbatı şouya və şou proqramlaradır.  Ağıllı başlı bir araşdırma yaz, məqalə yaz 5-10 nəfər  oxucusu olur. Amma kriminal xəbərləri ballandıra – ballandıra ən dəhşətli formada təqdim edirsən, xəbərin başlığına təzavüz, zorlama, erotika sözlərini qoyursansa oxunma sayı “partlayır”. Bu bomba bir gün əlimizdə partalayacaq demirəm, artıq partlayıb. Nə günə qaldığımızı görmürsünüzmü? Hara baxırsan "palatka toyu". Ağlanası halımıza çalıb-oynayırıq.

Zeynəb xanıma da haqq verirəm. O qədər oxucu, reytinq toplamaq üçün kontekstdən çıxarılmış başlıqlar vermişik, hər yoldan ötənin əlinə qələm verib jurnalist demişik ki, kişinin qızı jurnalist sözündən qorxub. Danışmaq istəmir. İstəmirsə bu da onun haqqıdır. Öldürəsi deyilik ki. Niyə dərhal illərlə çəkdiyi zəhməti bir anda ayaq altına atıb pisləməli, tənqid etməliyik?

O qədər oxucu, tamaşaçı kütləsi toplamaq üçün onların dalınca qaçdıq ki, indi media kütləni yox, kütlə medianı ardınca sürüyür. O qədər şit, gicbəsər proqramlarla zövqlər korlandı, beyinlər yuyuldu ki, əksəriyyət ağıllı başlı proqramları, yazıları sadəcə dərk edə bilmir. 

Ailə qalmaqalları evin içində yox, efirdə baş verirsə bunları görə-görə böyüyən uşaqlar elə başa düşəcəklər ki, bu elə belə də olmalıdı. Danışığını bilməyən tərbiyəsiz aparıcının efirdə qonağına ən intim sualları rahatlıqla verib, zorla cavab qopardığını görən yeni nəsil də bunu etiket qaydası kimi qəbul edəcək. Onun-bunun işinə burun soxmağı, küçə söyüşlərini, əxlaqsızlığı adi hal kimi qəbullanacaq. Müasirlik, azadlqı adı altında  estetik əməliyyatlarla kentavra bənzəyən böyük arxalarını yarıçılpaq halda oynada–oynada camaatın gözünə soxan qadınların (Çoxusunun üzünü görmürük, çünki kameraya ancaq arxalarını nümayiş etdirirlər), qadın olmağın sərfəli olduğunu görüb özünü qadın kimi aparan kişilərin erasına qədəm qoymuşuq.  

Ona görə boşanma  partiləri, cadılar bayramı kimi əndirabadi bayramlar dəbə düşüb. Ruhumuz cadılaşır, xəbərimiz var, amma sərf edir deyə, susuruq, gözümüzü yumuruq, yoldu da gedirik. Əsas odur, pul olsun.

Ən böyük təbliğat maşını olan televiziya, media "can bazarına" çevrilib. Söz başlamazdan məsəl çəkdiyim lətifədəki qadın kimi cəzalandıran da bizik, cəzalanan da. Haqq olur bizə!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10440
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar