Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında son günlər baş verən qalmaqallar barədə şərh verib.
Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, iki ittifaq ola bilməz:
“Hələ ki, Kinematoqrafçılar İttifaqı barədə münasibət bildirə bilmərəm. Onu deyə bilərəm ki, iki ittifaq, iki sədr ola bilməz. Bu, qeyri-qanunidir. Proseslərin necə nəticələnəcəyini isə zaman göstərəcək. Azərbaycan kinosuna xidmətləri olmuş sənət adamları sədri olduğum ittifaqın üzvü ola bilərlər. Ancaq nə qərara gələrlər, özləri bilərlər. Onlar başqa qurumdur, biz başqa”.
Qeyd edək ki, aktrisa Şəfiqə Məmmədovnın rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqını tərk edənlərin bəziləri Rasim Balayevin tərəfinə keçmək istəyir. Həmsöhbətimizdən “onlar gəlsələr qəbul edərsinizmi” deyə soruşduq. O, isə “buyurub gəlsinlər” - deyə, cavab verdi.
Xatırladaq ki, Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçildiyinə görə 20-yə yaxın mədəniyyət və incəsənət xadimi ARKİ-nin üzvlüyündən imtina edib. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.