Brejnevi “yıxan”, Kosıgini gözlədən sevimli “xuliqan” -  Bir ulduz axdı
14 dekabr 2022 17:09 (UTC +04:00)

Brejnevi “yıxan”, Kosıgini gözlədən sevimli “xuliqan” - Bir ulduz axdı

Lent.az-ın “Bir ulduz axdı” layihəsinin qonağı sovet və Rusiya kino aktyoru, kloun, SSRİ xalq artisti Yuri Nikulindir. O, Azərbaycan tamaşaçısı üçün də çox doğma və əzizi insandır. Ömrü boyu üzünü görən hər kəsə yalnız təbəssüm bəxş etmiş bu adamın çox maraqlı sənət yolu olub.

Nikulin 1921-ci ildə Rusiyanın Demidov şəhərində anadan olub. Müharibədə iştirak edib, həm də 1939-cu ildən 46-cı ilə qədər. Finlandiya sərhədində xidmət edirdi. Bu şən kloun əslində bir qəhrəman idi, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.

Müharibə başa çatdıqdan sonra Moskva sirkində kloun kimi işə başlayır və ömrünü bu sirkin direktoru kimi başa vurur. Düz 50 il sirkdən ayrılmır.

Nikulin özü danışmasa da, üzü danışan aktyor idi. Lakin onu məhz üzünə görə teatr məktəbinə qəbul etməyiblər, deyiblər, işə yaramırsan, bu sima ilə xarakter yaratmaq olmaz. O isə əksini sübut eləyib. 

Həyat yoldaşı olmasaydı, Nikulin kəşf olunmayacaqdı. Onun israrı ilə ilk dəfə 36 yaşında kinoda debüt edib. "Gitarlı qız" filmindəki epizodik rolda özünü sınayıb və rejissorların diqqətini çəkib. Sonrakı illərdə onun kino həyatında əsas rolları əyyaş, bomj, avara, xuliqan obrazları olub. Hətta “Muxtar” filmində ciddi polis obrazına çəkilməkdən imtina etmişdi. “İnsanlar məndə avara obrazını görməyə alışıblar, Sovet milisini gözdən salmaq istəmirəm”,- o bildirmişdi.

Həyatında ən önəmli rolu isə rejissor Qayday oynamışdı.Bu dostluq nəticəsində kino və komediya tarixinin inciləri yaranıb.

Georgi Vitsin, Leonid Qayday və Rac Kapur çox yaxın dost olublar. Bütün dostları onun səxavətindən, böyük yumor hissindən və əvəzolunmazlığından danışırdılar. 

Məşhurlaşandan sonra fanatları bir dəfə az qala böyük aktyoru və onun ailəsini əzirdi. Peterburqda tamaşaçıların görüşünə gedən aktyoru idarəolunmaz bir izdiham qarşılayıb, hər kəs ona yaxınlaşmağa can atır, bir-birini tapdayırdı. Nikulin arvadı ilə şəhər icraiyyə komitəsinin binasına girib, arxa qapıdan qaçmalı olmuşdu. 

"Ağaclar böyük olanda" filminin çəkilişi zamanı qrimlənmiş aktyor kinostudiyanın həyətindən çıxır, lakin geri gələndə onu tanımayan direktor içəri buraxmaq istəmir. Nikulini avara, yoldan ötən zənn edir.

Qaydayın məşhur "Qafqaz əsiri" komediyasını sevimli "Nikulin-Morqunov-Vitsin" üçlüyü olmadan təsəvvür etmək mümkün deyil. Bu üçlüyə şöhrəti məhz bu film gətirib, eyni zamanda bu üçlük də filmi şöhrətləndirib. Lakin əvvəllər Nikulin filmin ssenarisini bəyənməmişdi. Deyilənə görə, Morqunovla həyatda yola gedə bilmirlərmiş, lakin Vitsinlə yaxın dost olublar.

Onun fanatları təkcə sadə xalq deyildi, Brejnev və Kosıgin kimi dövlət rəhbərləri Nikulinin sənətinə pərəstiş edirdilər. Bir dəfə SSRİ rəhbəri Leonid İliç Brejnev Yuri Nikulini səhnədə canlı görmək üçün sirkə gəlir. Ölkə başçısı xüsusi lojaya keçərkən, tamaşaya uyğun olaraq işıqlar söndürülür və lojaya qalxan Brejnev yıxılır. Bu hadisəyə görə Nikulin xeyli sorğu-suala çəkilir. Lakin sonda Brejnev sirk rəhbərini günahı olmadığına görə bağışlayır.

SSRİ Nazirlər Sovetinin sədri Kosıgin sevimli aktyora sürpriz etmək istəyir, sirkə zəng vurur, o isə məşqi dayandırmır, “kimdirsə sonra zəng etsin”, - deyir. Məşqdən sonra Nikulin həmin nömrəyə zəng vurur, xəttin o başından bir xanım gözləməli olduğunu deyincə, Nikulin, “mən qəbula yazılmamışam”, - deyib heyrətlənir. Həmin xanım isə zarafatla deyir: “Amma Kosıgin sizin qəbulunuza yazılıb”.

Kosıgin telefon söhbəti zamanı ona bir “Volqa” bağışladığını deyir və əlavə edir. “Yura, imkan olanda mənim kimi qeyri-məşhurların da zənginə cavab ver”.

Ümumiyyətlə, çox sözü ötən, hörmətli insan olub. 

“Brilliant əl" filminin çəkilişləri zamanı Nikulin 15 gün Bakıda olub. Çəkilişlər zamanı İçərişəhər sakinləri onu həvəslə çaya, şirəyə qonaq edirdilər. Hətta Nikulinə əl işi olan qiymətli bir nərd  taxtası da bağışlanmışdı. Çünki aktyor boş vaxtlarında İçərişəhər sakinləri ilə nərd oynamağı sevirdi. Həmin nərd taxtası hazırda aktyorun ev muzeyində qorunur.

Həyatı boyu harada olsa ona mütləq alkoqollu içkilər təklif olunardı. Elə bilirdilər möhkəm içəndir. O isə yalnız yarım qədəh qırmızı şərabla kifayətlənərdi. Ürəyi xəstə olduğuna görə sağlam həyat tərzi keçirərdi.

Nikulinin varisi, oğlu Maksim jurnalistdir. Hazırda Almaniyada yaşayır. Lakin bu günlərdə Belarusda yaşayan və sosial şəbəkələrdə məşhurlaşan, üzdən eynilə Nikulinə bənzəyən Aleksey adlı bir gənc onun oğlu olduğunu iddia edir.

Nikulin1997-ci il avqustun 21-də ürək əməliyyatından sonra 75 yaşında vəfat edib. Təntənəli şəkildə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar