Gənc yaşda motosiklet qəzasında həyatını itirmiş rok müğənnisi Barış Akarsu barəsində çəkilmiş "Merheba" bədii filmində Barış rolunu canlandıran aktyor İsmail Ege Şaşmaz maraqlı açıqlama verib.
O, Barış Akarsunu tez-tez yuxuda gördüyünü və onunla yuxuda dostlaşdığını söyləyib."Bir ildir müntəzəm olaraq onu yuxularımda görürəm. İki canda bir ruh kimi olmuşuq"- deyə aktyor söyləyib.
Aktyor film çəkilişləri barədə danışarkən “ Barışın ailəsi artıq mənim ailəmdir, tez - tez görüşürük. Aramızda mənəvi bağ yaranıb. Mən Barışın vəfat etdiyi yaşdayam” fikirlərini səsləndirib.
Barış Akarsu “Rokun sürməli cocuğu” adı ilə də anılır. Buna səbəb Barış Akarsunun səhnəyə gözlərində qara sürmə ilə çıxması idi.
Ömrü az olsa da, özündən sonra iz buraxmağı bacardı və gözəl mahnılar yadigar qoydu. Barış Akarsu 2007-ci ildə 28 yaşında yol qəzası nəticəsində həlak olub.
Unudulmayan rok müğənnisi haqqında bədii film ötən il ekranlara çıxıb.