Balaəlidən də  yaxşı meyxana deyənlər   var - Mehman Əhmədli ilə  MÜSAHİBƏ
14 iyul 2023 12:01 (UTC +04:00)

Balaəlidən də yaxşı meyxana deyənlər var - Mehman Əhmədli ilə MÜSAHİBƏ

Lent.az-ın  müsahibi meyxanaçı Mehman Əhmədlidir. Budəfəki müsahiblə söhbətimiz bir qədər fərqlidir. Ona sualları biz yox, oxucularımız ünvanlayıb. Biz də həmin suallara müsahimizdən cavablar almışıq.

- Deyirlər, eynəyi daha ağıllı görünmək üçün taxırsınız. Bu, eynəkli meyxanaçı kimi tanınmağınız üçündür?.

- Əslində optik eynəkdir. Gözümdə problem var. Amma həm də imicdi.

- Özünüzü kiminsə tələbəsi hesab edirsiniz?

- Bu sənətdə müəllimlərim bütün yaxşı ustadlar olub, hərədən bir şey oğurlamışam. Onların özlərinin xəbəri olmadan öyrənmişəm.

- Ən məşhur tələbələriniz kim olub?

- Elşən Xəzər. Düzdür, yaşda məndən böyük olsa da, məndən bəhrələnib, vuran əlim olub. Vasif  Əzimov. Ən mükəmməl səsli meyxanaçılardandır. Aqşin Fateh. Amma, ondan bir az gileyliyəm, aramız sərindir.

- Ustadı olduğunuzu danır?

- Danmır. Qanacağı çatır, deyir. Belə də ki, deməsə də, bunu hamı bilir. Bir adamı siləndən sonra onun sənin haqqında nə dediyi maraqlı olmur.

- Deyirlər, çox eqoist, yekəxanasınız...

- Bunu özümə də deyənlər çox olub. Hətta bir neçə dostum da bunu deyiblər mənə. Deyirdilər, sən efirdə meyxana yarışına çıxanda istəyirdik ki, səni sındırsınlar. İndi qardaş kimiyik. Amma yaxından tanıyandan sonra görürlər ki, əslində mehriban, dava-dalaş sevməyən adamam.

- Özünüzü çox təriflədiyinizi deyənlər soruşur ki, ulduz xəstəliyinə tutulmusunuz?

- Yox. İstədiyim hər yerə rahat-rahat gedirəm. İstədiyim adamlarla da söhbət edirəm. Telefonlara da özüm cavab verirəm. Əlçatmaz deyiləm.

 - Deyirlər, bir neçə kafeniz, restoranınız var. Tez-tez başınıza topladığınız xeyli adamla görürlər sizi bu məkanlarda...


 - Bəli, görürlər. Elə bilirlər, o məkanlar mənimdir. Amma deyil. Hətta bir neçə dəfə gedib həmin çay evlərindən, restoranların sahiblərindən soruşublar ki, bura Mehman Əhmədlinindir? Getdiyim məkanlarda dost-tanış başıma toplaşır, qonaqlarımı belə yerlərdə qarşılayıram, müsahibələr olanda dəvət edirəm. Elə bilirlər, yer mənimdir

- Başınıza toplaşan adamların da heç şübhəsiz restorana xeyri olur. Ən azından çay içirlər. Bu mənada restoran sahibləri müştərisi çoxalsın deyə sizi xüsusi dəvət edirlər?

- Yox. Amma getdiyim hər yerdə xüsusi hörmət qoyurlar. Elə öz yerim imiş kimi.

- Bir zamanlar gənclərə dəstək məqsədilə öz meyxana məktəbinizi yaratmışdınız. Sonu necə oldu?

 - Demək olar ki, fəaliyyəti dayandırmışam. Bu məktəbdən çıxıb əli çörəyə çatanların bəziləri sonra dönüb məni heç saymadılar. Baxdım ki, ora verdiyim zamanı, əməyi özümə sərf etsəm, daha yaxşı olar mənim üçün.

- Gənclərə dəstəyiniz olub?

- Çox olub.

- Bu gün tanınmaq  üçün hansısa bir gənc meyxanaçı sizinlə deyişmək istəsə, qəbul edərsiniz?

- Hər adamı yox. Baxaram kimdir, nəçidir, mənim üzərimdən özünü tanıdacaq, reklam edəcək, bəlkə heç layiq deyil buna. Hər adamla meydana girməzlər.

- Bəs qadınlarla necə? Meyxana meydanında Zarina, Samirə xanım var. Qadınların kişi məclislərində meyxana deməsinə necə baxırsınız?

- Yaxşı baxmıram. Belə məclislərdə etik normalar pozulur. Qadına yaraşdırmıram. Zarina, əslində deyişmir, yazılı meyxanaları deyir. Bədahətən deyə bilmir. Amma Samirə xanımın bədahətən deməyi var, həm də yaxşı deyir.

- Son zamanlar meyxanaçılar daha çox söyüşlə, təhqirlə danışırlar. Belə kəskin deyişmələrdən sonra  aranızda söz-söhbət düşmür? Yoxsa, hər şey meydanda unudulur?

- Baxır kimin üstünə haracan getmək olar, nə şəkildə davranmağa imkan verər. Mən nə özüm söymürəm, nə də mənimlə belə deyişməyə imkan vermirəm. İndi bəzi cavan meyxana deyənlər, elə bilirlər deyişmədirs,ə elə ağzına gələni deyə bilərsən. Amma düşünməlidirlər ki, bu onun adına, ədəbinə, sənətinə ziyandır. Gərək qabağındakına baxasan. Mən imkan vermərəm, yeri gəlsə, necə lazımdır cavabını verərəm.

- Dava-dalaşla?

- Dava eləməmişəm, amma söhbət elədiyim hal olub, demişəm, axırıncı dəfə olsun, mənimlə belə danışasan.

- Xanımızın sizi meyxana məclisinə yola salanda narahat olur? Yəni hər an dava düşə bilər deyə.

- Yox. Məni tanıyır. Sözümü, yerimi bilən adamam.

- Meyxana son zamanlar cəmiyyətə daha çox pozucu təsir göstərir. Bu fikirlə razısınız? Narkotiklərin təbliği də var, digər xoşagəlməz hallar da...

- Bəli, bizim təmizləyib gətirdiyimiz meyxananı utancverici hala gətiriblər. Ailəylə oturub meyxanaya qulaq asa bilməzsən. Əsəbiləşirsən, utanırsan. Əvvəllər biz meyxanaçıları dövlət tədbirlərinə də çağırırdılar. Mən hətta bir neçə dəfə prezidentimizin qarşısında çıxış etmişəm. Meyxana yarışmaları telekanallara yol tapdı. Hətta o qədər meyxananı yüksəklərə qaldırmışdıq ki, meyxanaçılara fəxri adların verilməsi müzakirə olunurdu. Lakin sonrakı nəsil elə etdi ki, qazandıqlarımızı itirdik. Xoşagəlməz axın başladı. İndi meyxana yarışmalarının keçirilməsinə bütün efirlərdə qadağalar qoyulub.

- Övladlarınızın meyxanaçı olmasını istəyərsiniz?

- Yox. Məni çox şeylərdən Allah saxlayıb, gələcəklərindən narahat olaram. Gedib nələrəsə qurşanıb-qurşanmayacağı da bilinmir. Valideyn öz yaşadığı çətinliyi övladına rəva görməz.

- Əsliniz Şəkidəndir. Niyə Əhmədli təxəllüsü ilə tanındınız? Şəkili meyxanaçı ola bilməz?

- Şəkidən olmağımla fəxr edirəm. Əhmədlidə doğulub böyümüşəm. Meyxana meydanlarına 14 yaşımda girdim. Bu sənətdə bəlkə ən çox zəhmət çəkən meyxanaçı mənəm.

Meyxana həmişə Bakı kəndlərində olub. Ora da çadır toylarının, meyxanasevərlərin məkanı olub. Mən isə Yeni Əhmədlidən, bina evindən çıxmışam. Əhmədlidən bir meyxanaçı çıxmamışdı ki, məni dəstəkləsin. Burda meyxana demək mənim üçün çox çətin idi. Bir də görürdün, sahə müvəkkili deyir ki, meyxana demək olmaz. Elə bilirdilər pis vərdişlərim var.

Yoxlayırdılar, görürdülər təmizəm. Yavaş- yavaş uşaqlar yığdım və elə bir yerə gətirib çıxartdım ki, Əhmədli məktəbi yarandı. Özümə yer edə bildim. İlk konsertlərdə təşkilatçılar adımın qarşısına Əhmədli yazırdılar, çünki Mehman adlı başqa meyxanaçılar da vardı. Belə qaldı.

- Meyxana indi rayonlara da ayaq açıb. Məsələn, Şəki, Salyan, Lənkəran ləhcəsi ilə meyxana demək olmaz?

- Olmaz. Meyxana Bakı ləhcəsində sevilib. Onun dilini qorumaq lazımdır. Bunun üçün mübarizə aparmışam. Özümün də yeniliklərim olub. Meyxananı başqa ləhcədə qəbul etmirlər.

- Musiqili meyxanaya münasibətiniz necədir?

- Olar. Amma mahnını meyxana adı ilə təqdim eləmək olmaz.

- Meyxanaçıların haqqında belə rəy var, deyirlər ki, çoxu yaxşı yolun yolçusu deyil...

- Mən öz adımdan danışa bilərəm. Sağlam həyat tərzim var. İdmanla məşöul oluram, işim, gücüm var. Nə siqaret çəkirəm, nə də içki içirəm. Nəzərdə tutduğunuz yolun yolçuları da var. Bu mühitdə sağlam qalmaq çətindir.

- Toy dəvətlərinin, sifarişlərinin çoxalması üçün qadınlarla duet edərsiniz?

- Bir dəfə xanımlarla duetim olub. Xalq artistləri Gülyanaq və Gülyaz xanımlarla. Şəki haqqında oxumuşuq. Layihə çərçivəsində klip çəkilirdi. Qadınlarla duetə yaxşı baxmıram. Kim edir, bacarır, özü bilər. Məni əsasən deyişmələrə çağırırlar. Bu da kişi meyxanaçılarla yaxşı alınır. 

- Meyxanaçı Kərimin görüşünə gedirsiniz? Ağamirzə gileylənirdi ki, onun sənətindən bəhrələnənlərin çoxu Kərimi unutdu...

- Düz deyir. Son zamanlar çox az hallarda getmişəm. Kərimi lap çox istəyirəm. Meyxana aləmində böyük rolu olan, iki-üç nəfərdən biri Kərimdir. Kərim həmişə meyxana aləmində problemləri də dilə gətirib. Səhvlərə göz yummayıb. Sadəcə, getməməyimin başqa səbəbi var. Yataq xəstəsidir. Onun yanına gedəndə istər-istəməz gərək üst-başına əl gəzdirələr, bu ona əziyyət verməkdi. Tanısa, tez-tez gedərdim. Oğlu ilə əlaqə saxlayıram. Nə zaman nə kömək lazım olsa, etməyə hazıram.

-  Meyxanaçılar bir-birlərinə meyxananın şahı, başı, daha nə bilim hansı titullar verirlər. Sizin üçün ən yaxşı kimdir?

- Çox meyxana deyənlərin dostluğu toy üstündədir. Kimi toya çox çağırırlarsa, ona qoşula bilmək üçün onu ən böyük elan edirlər, ətrafında birləşirlər. Meyxanada birinci deyilən şey yoxdur, varsa elə birinci mən özüməmə

- Rəşad Dağlının ən güclü söz sahibi elan edildiyini də eşitmişdim... 

- Ən deyil, amma sürətli deyirdi, bədahətən yaxşı deyirdi. Sözü, deyişməsi qaydasındaydı. Can verməyən meyxanaçıdı. Amma ən deyil. 3-4 yaxşıdan biridir.

- O birilər kimdir? Biri sizin təbirinizlə desək Mehman Əhmədlidir.

- (Gülür) Bəli, o heç. Ruslan Müşfiqabadlı, Orxan, Cahankeş yaxşı meyxana deyəndilər.

- Sizcə, söz adamı Rəşad yaranmış gərginliyi bıçaqla həll etməkdə haqlıydı? Söz var, kəsər savaşı demişdilər axı…

- Əsəblərinə hakim ola bilməyib. Məsələni başqa cür də həll edə bilərdi.

- Balaəlinin Rəşad Dağlıdan sonra birdən-birə ulduzu parladı. Sanki onun həbsi gündəmdə olanda Rəşadı müdafiə edərək özünə reklam qazandı...

- Balaəlidən də yaxşı meyxana deyənlər var ki, onları heç toya çağırmırlar. Balaəli dostdur. Çörək qazanır, qoy qazansın. İndi millət daha çox əyləndirən, musiqili meyxanalara üz tutur. Bir zaman Pərviz Bülbülə oldu belə. Türkanla yaxşı mahnılar oxuyurdu. İndi də Balaəli. Mahnı oxuyub adını meyxana qoymaq olmaz. Gərək meyxana əhli bunun əleyhinə olsun. Kim camaatı çox əyləndirir, onu dəvət edirlər. Balaəlidə alınır.

- Sizdə alınmır?

- Məndə alınmır. Öz prinsiplərim var. Mən oynamağı bacarmıram. Bizim vaxtımızda güclü idinsə, meydandaydın. İndi əyləndirə bilirsənsə, meydandasan. 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17502
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar