Azərbaycanın  məşhur musiqi qrupları   indi hardadır?
22 iyul 2023 18:24 (UTC +04:00)

Azərbaycanın məşhur musiqi qrupları indi hardadır?

2000-ci illərin əvvəllərində Azərbaycan estradası öz qızıl dövrünü yaşayırdı. Bu gün xalq və əməkdar artist olan məşhurlarımızın bir çoxu o zaman sənət yoluna yeni başlasalar da, aralarındakı güclü rəqabət sayəsində peşəkar işlər ortaya qoyur, tez-tez yeni mahnılar yazdırır, kliplər təqdim edir, konserti konsert ardınca verirdilər.

Həmin ərəfələrdə “Qala”, “Şeron” , “X-trio”, “NM”, “N brother”, “Kristal” , “Dostlar”, “W- trio”, “Sevən ürəklər” və  digər musiqi qrupları yarandı. Bu qruplar həm televiziyalarda, həm də toylardakı çıxışları ilə populyarlaşmışdılar. Bu qruplar arasında çox populyar olanlar da vardı. İndi solo çıxışları ilə tanınan müğənnilərin bir çoxu vaxtilə həmin qrupların üzləri olublar. 

Xeyli vaxtdır məşhur olan və olmayan bu qrupların bəziləri ya fəaliyyətini dayandırıb, ya da varlıqları ilə yoxluqları bilinmir. Görəsən, indi o qruplar haradadır?

Lent.az-ın əldə etdiyi məlumata görə, keçmiş  qruplardan yalnız Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” fəaliyyətini davam etdirir. Onları ekranlarda çox görməsək də, toy məclislərində fəaldırlar. 2020-ci ildə qrupun üzvlərindən biri, Tərlan Əkbərov vəfat edib.

20 ildir fəaliyyətini davam etdirən “Sevən ürəklər” qrupu üç nəfərdən (Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbi) ibarətdir. Qrup kölgədə qalmağın əsas səbəbini  telekanalların onlara ögey yanaşmasında görür. “Azərbaycan televiziyalarının bizim klipləri efirə verməməsi və radiolarımızın 150-dən çox mahnımızı efirdə səsləndirməməsi tək problemimizdir”.

“N brother”i yaradan prodüser Namiq Qafarovla keçmiş qrup üzvləri arasında qalmaqal yaşanmışdı. 2015-ci ildə birləşib yenidən qrup olmaq istəyən üzvlər köhnə rəhbərləri ilə əlaqə qurmaq istəməmişdilər. Lakin brend  Namiq Qafarova aid olduğu üçün cəhd uğursuz alınıb. Namiq Qafarov hazırda başqa uşaqlarla toy bazarında yer qazanmağa çalışır.

Qızlardan ibarət “Kristal” qrupunun qızları ərə gedəndən sonra qrup rəhbəri Mədinə Məlik özü də oxumağa başlayıb və yeni qızlarla yoluna davam etməyə qərar verib. Amma ulduzu parlamayıb. Bu gün adları olsa da, özləri yox kimidirlər.

Dağılan “Qala”qrupundan bircə Ceyhunu ara-sıra efirlərdə görmək olur. Solo fəaliyyət göstərir.

Qrupların dağılma səbəblərinin kökündə bir qədər məşhurlaşdıqdan sonra aralarında yaranmış pulla bağlı mübahisələr, "ulduz xəstəliyi", gənclərin başqa işlərə üstünlük verməsi, solo fəaliyyət göstərməsi dayanır. Əslində qrup rəhbərləri qrup üzvlərinə haqlı olaraq öz kapitalları kimi baxır, onlardan qazanırdılar. Çox zaman tanınmış müğənnilər də qrup adı altında topladığı gəncləri özləri ilə toya aparır, həm toy sahibindən qrupu gətirdiyinə görə əlavə pul alır, həm də özü bir qədər oxuyub, sonra yorulmamaq üçün meydanı onlara təhvil verirdi. İndi bir çoxları toy tutmaq üçün yarım saatlıq dəvət aldığından belə müşaiyətçi qruplara da ehtiyac qalmır.

Qruplar ansambllara çevrilib şadlıq evlərində, restoranlarda gündəlik proramlar göstərməklə qazanc əldə edirlər. Bir növ iş yeri tapıblar. Dövrün tələbibinə, diqtəsinə uymayanlar, tamaşaçını ələ almağı bacarmayanlar, sadəcə meydandan çəkilmək məcburiyyətində qalırlar. Necə deyərlər, hər igidin öz dövranı var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10068
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar