Azərbaycan səhnəsində öz sözünü demiş, sevilməyi və yaddaşlarda qalmağı bacarmış müğənnilər çoxdur. Amma həm tanınıb, həm də sevilən müğənni bacıların sayı barmaqla sayılacaq qədərdir.
Lent.az həmin müğənni bacıları təqdim edir:
Fidan və Xuraman Qasımova bacıları opera sənətimizin iki möhtəşəm dayağı sayıla bilər. Hər iki bacı Xalq artisti fəxri adını və çoxlu sayda mükafatlar alıb. Bacılar hazırda Azərbaycan Dövlət Konservatoriyasında klassik musiqi sənətindən dərs deyir.
Rübabə və Mahrux Muradovalar muğam və xalq mahnılarımızın mahir ifaçıları idilər. Xalq artisti Rübabə Muradova gənc yaşlarından səhnəyə çıxsa da, bacısı Mahrux xanım sənətə çox sonralar gəlib. Bununla belə, öz yanıqlı səsi ilə ürəkləri ovsunlamağı bacarıb. Hər iki bacı artıq vəfat edib.
Nazpəri və Zeynəb Dostəliyeva bacıları da öz tərzləri olan ifaçılardır. Müğənni bacılar uzun illər küsülü olsalar da, indi barışıblar və hərdən efirlərə bir yerdə çıxırlar.
Sevda və Elmira Ələkbərzadələr estradamıza özlərinə xas ifa tərzləri ilə gəldilər. Qeyd edək ki, bacılar mərhum jurnalist yazıçı Çingiz Ələkbərovun qızlarıdırlar. Elmira ABŞ vətəndaşı ilə ailə qurduqdan sonra sənətində müəyyən fasilələr yaranıb.
Brilliant və Lalə Dadaşovalar da estradamızın ulduz bacılarındandırlar. Lalə xanım müğənniliklə yanaşı, həm də gözəl qarmon ifaçısıdır.
Şahnaz və Aybəniz Haşımova bacıları öz həzin ifaları ilə səhnəmizi, efirlərimizi bəzəyirlər. Şahnaz Haşımova uzun illərdir Gəncədə yaşayır.
Gülyaz və Gülyanaq Məmmədova bacıları muğam və xalq mahnılarının mahir ifaçılarıdırlar. Bacıların hər ikisi Xalq artisti fəxri adına layiq görülüb.
İlahə və Fədayə Laçın bacıları mahnı janrında oxumaqla tamaşaçı rəğbəti qazanıblar. Fədayə Laçın bir neçə il öncə həbs həyatı yaşayıb. Müğənni azadlığa çıxdıqdan sonra yenidən fəaliyyətinə davam edir. İlahə isə artıq özünü biznes sahəsində təsdiq edib.
Sevil və Sevinc Səfərova bacıları özlərini həm müğənni, həm də aparıcı kimi təsdiq ediblər. Bacılar yeni mahnılarla tez- tez tamaşaçı qarşısına çıxırlar.