Elşən Şıxalıyev
25 sentyabr 2024 14:21 (UTC +04:00)

Elşən Şıxalıyev

“Atama demişdi ki, utanmırsan biqeyrət oğlun olduğuna görə?” - Bəxtsiz aktyorla MÜSAHİBƏ

Lent.az-ın müsahibi “Ata ocağı”, “Uçurum”, “Durnalar qayıdanda”, “Bir qadın”, “Bir ovuc torpaq”  “Yurd yeri”, “Qarabağnamə”, “Son iclas” kimi serial və filmlərdə bir-birindən maraqlı obrazlar yaratmış istedadlı aktyor, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının əməkdaşı Elşən Şıxalıyevdir

- Elşən bəy, bu günlərdə 50 yaşınızı qeyd elədiniz. Mən də təbrik edirəm. Neçə ildir səhnədəsiniz?

- Düz 26 ildir sərasər Gənc Tamaşaçılar Teatrınında işləyirəm.

- Həmişə bu teatrda olmusunuz?

- Yox. Bu teatrda tələbə vaxtı fəhlə işləmişəm - Səhnə maşinisti. O vaxt bizim binamızda 4 teatr yerləşirdi. Miniatür teatrı, Şuşa teatrı, Pantomima və Gənclər teatrı. 4 teatrın işini görürdüm, birinin maaşını verirdilər. Bu arada qeyd edim ki, mən ali məktəbə girəndə onun adı Mirzə Ağa Əliyev adına Dövlət İncəsənət İnstitutu idi, oxuduğum dönəmdə dönüb oldu Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universiteti, bitirəndə isə ad dəyişdi oldu Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti. O vaxtlar Coşqun və Rafaellə birlikdə Milli Ordunun ansamblında işləməyə başladım. Hərbi xidmətdə olmamışam deyə çıxartdılar, Hacıbaba Bağırovun Tənqid Təbliğ Teatrına dəvət aldım. Allah ruhunu şad eləsin, gənclərə çox kömək edirdi. Hətta mən hərbi xidmətə gedəndə Şəmkirə arxamca zəng vurmuşdu, ona görə heç bir əziyyət çəkmədim xidmət vaxtı.

Gələndən sonra məni Musiqili Komediya Teatrına dəvət etdi, amma səsim yox idi deyə getmədim. Həm də Ağakişi Kazımov müəllimim olmuşdu deyə, Gənc Tamaşaçılar Teatrına getmək var idi ürəyimdə. Lakin maaşlar az idi deyə, teatrda yox, fəhlə işləyirdim. Bilirsinizmi, qazanmaq istəyən adam gərək teatra gəlməsin. Evi olmayan bir adam, gənc ailə, uşaq var. Bunları düşünəndə teatra getmək fikri qorxudurdu. Maaşlar çox az idi. 1998-ci ildə Ağakişi Kazımov küçədə qarşıma çıxdı, dedi, gəl teatra. Qolumdan tutub gətirdi, təsəvvür edin bu gün əmrim verildi, səhəri gün tamaşada rol aldım. 

- Amma bu illər içində bir dəfə də baş rola dəvət almadınız...

- Bir az günah özümdədir. Can atsam olardı. 26 ildə ilk dəfə sizə müsahibə verirəm. Tamaşa oynayırıq. Afişada aktyorların adı yazılmır. Teatrın qarşısında vurulan afişada baş rolların adı yazılır, rejissorun, xoreoqrafın, vəssəlam. Niyə? Adımızı yazın adımız hallansın, bilinsin. Teatrın proqramında da elə yazılır. Tamaşada oynayır Əli, Vəli və başqaları. Bir dəfə dedim ki, mən başqaları olmaq istəmirəm, adımı yazın.

Bəxti gətirən aktyor var, bəxti gətirməyən var. Mən ikincilərdənəm, özüm kölgədə qalmağa çalışdım, şan-şöhrət dalınca qaçmamışam. Öndə həmişə ailəmi tutdum. Tamaşamı oynayıb getdim evimə. Ay oturum qeybət edim, qalmaqala girim, bu məndə olmayıb. Ən böyük mükafatım ailəmdir. Qızım Xoreoqrafiya Akademiyasında dördüncü kursda oxuyur, oğlum İqtisad Universitetinin pulsuz bölümünü qazandı. Mənim üçün bundan böyük mükafat ola bilməz. Bir iş yoldaşım Prezident mükafatı aldı. Amma övladı ali məktəbin pullu bölümünə düşdü. Yəni pulu ora yönləndirəcək. Mənimki pulsuz oldu. Elə bildim elə mükafat almışam.

Aktyor özünü kiçik rolda da göstərə bilər. Rəhmətlik Səməndər Rzayevin baş rolu yox idi. Amma səhnəyə hər çıxışı ilə göz doldururdu, özünü göstərirdi. Mən o uşaqlara paxıllıq edirəm ki, Səməndər Rzayevlə canlı görüşüblər. Bəlkə inanmayacaqsınız, universitetdə Əlabbas Qədirovla əl verib görüşdüyüm gün əlimi bir gün yumamışdım sevincimdən. Elə bilirdim tanınmış aktyorlar insan deyillər, fərqli varlıqlardırlar. Hətta, bir dəfə bir Xalq artisti yanımda söyüş söyəndə şoka düşmüşdüm. Biz də insanıq da. Aktyor da yalan danışa, oğurluq edə, kiməsə zərər vura pislik edə bilər.

- Universiteti bitirib sonra fəhlə işlə. Heç aktyorluğu seçdiyiniz üçün peşman olmusunuz?

- Özümə yox, anamın mənə çəkdiyi zəhmətə heyfim gəlirdi. Oğullar anaya bağlı olurlar axı.

- Haqsızlıqla üzləşmisiz?

- Mənə qarşı da olub, mənim yanımda kiməsə də qarşı. Həyatdır, hər şey olur. Həmkarlarımla lafetin üstündə rayonlarda kənd-kənd gəzib tamaşa oynamışıq. İsti-soyuq demədən. Amma söz düşəndə dedilər ki, eləmisən eləmisən də. Elə də olmalıymış.

- Heç rolunuza görə qınanmısınız?

- Olub. “Ata ocağı” serialında mənfi bir obrazım var idi. Evin gəlininə sataşıram. Suraxanı bazarında idim. Gördüm, iki yaşlı qadın diqqətlə mənə baxır. Biri o birisinə hündürdən dedi ki, tanımadın az, bu həmin əclaf, biqeyrətdir də. Hətta, bu rola görə bir məktəb direktoru atama demişdi ki, Telman müəllim, ayıb olsun sizə. Sən müəllim, yoldaşın müəllim, tərbiyə verdiyiniz övlada bax. Oğlun niyə gedib camaatın gəlininə sataşır? Atam da deyib, a kişi, bunu mənə bisavad adam desəydi, anlayardım sən ki, direktorsan.

Bacım Rusiyada yaşayır, ordan zəng etdi ki, qardaş, sənin ünvanını, nömrəni axtarırlar vurmaq üçün. 8 seriya oynadım. Ancaq töhmət gördüm  (gülür). Məni əsasən komediyaya çəkirlər, amma ciddi rolları sevirəm.

- Kino yoxsa teatr?

- Teatr, teat, teatr... Teatr canlı sənətdir. İmprovizəni sevirəm. Tamaşaya mane olmamaq şərtilə. Yadıma bir epizod düşdü. Cənnət xanım Səlimova teatra yeni  rejissor gəlmişdi. “Cənnətin 3 alması” tamaşasını qoyub. Mən də orda ata rolundayam. Nicat Kazımov dayanıb kulisdə, teatrın keçmiş direktoru Mübariz Həmidov da zalda oturub, izləyir. Mən uşaqlarıma üz tutub deməliyəm ki, balalarım bu almaları yeyin evlənin, baba olmaq istəyirəm. Mən dedim “balalarım, bu cənnət almalarından yeyin, səadətiniz uğrunda mübariz olun, allah sizi nicatınıza çatdırsın”. Tamaşaçı bunu anlamadı, amma Nicat uğundu getdi. 

- Kimlərlə səhnədə oynamaq rahatdır və ya əksinə?

- Heç kimlə narahat olmamışam. Elşən Rüstəmovla, Xuraman Əlizadə ilə çox rahat idi mənə.   Teatrımızda istedadlı aktyorlar çoxdur. Ramin Məmmədov, Elgün Yahyayev, Ceyhun Məmmədov duzdular. Elə gənclər var mən onlara baxıb öyrənirəm. Hamısı gələcəyin korifeylərdir. Çox istedadlı insanlarımız var, istifadə etmirlər.

- Bəs kimlərdən dəstək almısınız?

- Çox olub. Nicat Kazımov sağ olsun, həm istedadlı rejissordur, həm də gözəl insan. Ümid edirəm onu teatra baş rejissor qoyarlar, baş rejissorumuz yoxdur. Loğman Kərimovdan çox kömək görmüşəm. Məşq zamanı sərt idi, adam sənətinin dəlisidir, amma tamaşa bitdi, dönüb olurdu səxavətli kişi.
Asya Atakişiyeva, Təhminə Məmmədova, Xuraman Əlizadə o qədər kömək ediblər mənə. Onların etdiyini heç bir kişi kişiyə eləməzdi.

- Necə kömək?

- Maddi. Xuraman zəng edirdi ki, qardaşım pulun olmaz ha bacın ölməyib. O vaxt dolanışıq üçün teatrdan kənarda işlər görürdüm. Mobil telefonum yox idi. Təhminə Məmmədova öz telefonunu verdi mənə, dedi işdən axtaran olar, xəbərin olsun. İki il o telefonu işlətdim mən. Bir dəfə 18 toya çağırmışdılar. Məndə hardadır o imkan? Asya Atakişiyeva öz adından kredit götürüb verdi mənə. Bizim teatr xeyir-şər teatrıdır. Çox mehriban, zəhmətkeş kollektivimiz var. Bizim toylarımız çox şən keçir. Yası düşən bilməz məclis haradan gəlib hara getdi. Ələsgər müəllim var, truppa müdiri. Onun işini heç kim görə bilməz. Yasin Qarayevə hamımız əmi deyirik, evdən  şirniyyat, yemək gətirir, düzür masaya. Çayı dəmləyib, otağının qapısını açır, kim keçir çağırır. Rəhmətlik Ağaxan Salmanovu xatırlayıram. Həddən artıq gənclərə dəstək olan kişi idi. Xalq artisti idi, Prezident təqaüdü var idi. Dövlət ev verib. Zarafatla deyirdim “Ağaxan əmi, sənə gələn mənə gəlsin”. Deyirdi “adə, elə demə. Bir ayağım burdadı, bir ayağım gorda”. Yasin əmi də deyirdi ki, a kişi, azar-bezarı demir e, pulu deyir. Belə zarafatlaşardıq. Azər Mirzə dəfələrlə səhnədə qolumdan tutub. 

- Nə qədər maaş alırsınız, sirr deyilsə?

- Əvvəl 664 manat idi, artımdan sonra 720 manat oldu. Vaxt olub 6 şirvan maaş almışam, 10 şirvan kirayə pulu ödəmişəm.

-  Bəs necə dolanırsınız?

- Ömrüm bankdan kredit götürməklə keçib. 20 ildir durmadan ödəyirəm. Daimi müştərisiyəm. Bank dədəm rolunu oynayır.

- Əslində Prezident mükafatları aktyorlara maddi dəstək məqsədi ilə verilir. Heç vaxt bu mükafat verilməyib sizə?

- Yox. Nə adım var, nə mükafatım. Amma gileylənmirəm. Ehtiyacı olan çox aktyorlar var. Burada illərin sənətkarları var e, fəxri adları, mükafatları yoxdur, mən utanaram onlar dura-dura nəsə istəməyə. Yəqin mənə də növbə çatar. Hə dəfə mükafat öncəsi beynimdə planlar qururam. Amma Allahı güldürmək istəyirsənsə, planlar qur. Riyakarlıq olar desəm ki, istəmirəm. Elə şeylər var ki, zamanında olmalıdır. Uşaqkən top, velosiped arzu edirdim, mənim yox idi. Böyüdüm, ala bilərdim almadım. Daha o top, velosiped mənim nəyimə lazım idi ki.
İllərlə kirayədə qalmışam. Altdakı qonşu gündə gəlirdi ki, uşaqların səs edir. Eləmirdilər, amma o yenə gəlirdi. 8-9 il əlləşib, özümə bir ev tikdim. Anası qızıma dedi ki, daha evdə rahat gəzə bilərsən, Xavər xala yoxdur, öz evimiz var. Qızımın dediyini heç unutmaram. Dedi adamın öz evi olur? 

- Aktyorluqdan başqa əlavə işiniz var?

-  Cavan vaxtı kloun gedirdim. İndi hərdən bir Şaxta baba.

- Tamada necə?

- 50-100 manat üçün içmiş adamların hər dediyinə səbr edə bilmirəm.

- Deyəsən zamanə adamı deyilsiniz...

- Deyəsən elədi. Köhnə kişilərdənəm mən, biri ilə çörək kəsdimsə, söz verdimsə bitdi. Əsas odur insan qalaq, yaxşılıq etməkdən əl çəkməyək. Qapı döyüb özüm üçün nəsə istəməyi ayıb hesab edirəm, mənim siyasətim sənətimdir.

- Xanımınız bu illər içində heç deyibmi ki, yorulduq, əl çək bu sənətdən?

- Çətin olub. Bəzən deyirlər səhnə adamı pulu düşünməməlidir. Niyə?! Səhnə adamı dovşan yox, ailə saxlayır. Hətta dovşan saxlasa belə, onu da yedizdirməyə pul lazımdır. Fikri xəyalı öz-dərdi sərində olan adam nə yaradıcılıq göstərə bilər? Amma xanımım bu illər ərzində dəstək olub. Güc  verib. Yaxşı olacaq. Mən buna inanıram!


 

Fotolar: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22899
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar