"Atam ömrünün sonuna kimi mənimlə danışmadı" - Nurəddin Mehdixanlı ilə MÜSAHİBƏ – II hissə
07 iyun 2022 14:00 (UTC +04:00)

"Atam ömrünün sonuna kimi mənimlə danışmadı" - Nurəddin Mehdixanlı ilə MÜSAHİBƏ – II hissə

Onunla görüşümüz, müsahibəmiz əslində tamam fərqli olmalıydı. Amma ilk sualımızı müharibə günlərindən verincə, sanki coşğun selin qarşısını açdım. İldırım kimi guruldayan güclü səsi ilə döyüş günlərindən, millətimizdən, keçmişimizdən elə coşquyla danışdı ki, başqa mövzulara toxuna bilmədik. Gah qəzəbləndi, gah lal dənizə döndü, gah kövrəldi.

Lent.az-ın müsahibi Azərbaycan Respublikasının Xalq artisti,  Prezident təqaüdüçüsü, "Şöhrət" ordeni Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlıdır.


Əvvəlki hissə 


- Morqda ayılan çox oldu?

- Hə.


-  Ayılıb nəsə deyirdilər?


-  Adətən ayılanlar bir neçə gün susurdular. Çoxu kantuziya almış olurdu. Bəzən sadəcə bir necə kəlmə yazırdılar. Biri ayıldıqdan sonra mənə  ünvanını dedi, amma ailəsinin bilməsini qətiyyətlə istəmədi. Biz onun yaralandığını ailəsinə xəbər vermədik. Müharibədən sonra onu qələbə paradında gördüm. Masallıdan bir gizir gətirdilər, qolundakı yarasını sarıdıq, dedi “hava istəyirəm”. Mənə dedi, Nurəddin əmi, şərait yarat, burdan gedim. Cəbhəyə getmək istəyirdi, apardıq qoyduq cəbhəyə, çünki görürdük ki, dayanası deyil. “Evimə getmək istəyirəm” deyən bir oğul görmədim mən. Mən əsgərləri yola salanda hamısına bayraq paylayırdım. Demişdim kim Şuşaya getsə, Şuşanı görmüş o bayrağı mənə geri qaytarsın. Bir gün, döyüşlərdən çox sonra zəng gəldi, bir oğlan dedi Nurəddin əmi, döyüşərək Şuşaya getdim, bayrağı sənə harada verim? Dedim ay oğul, o bayrağı mənə qaytarmaq üçün verməmişdim, sağ-salamat geri qayıdasan deyə vermişdim. Yüzlərlə bayraq payladım. Geriyə zəng edən bir neçə nəfər oldu. Qalanların taleyindən xəbərsizəm. Bu gün hansı qazi və ya şəhid ailəsi zəng vurursa, köməyim lazımdırsa, məclis təşkil edirsə, mən etirazsız orda oluram.
Çox əziyyət çəkdi o balalarımız. Şəhid ailəsinə hörmət edən icra başçısı görəndə sevinirəm, hörmət etməyib, qapılarda saxlayan görəndə deyirəm Allah sənə lənət eləsin, axı sənin balan o əziyyəti görməyib, 3-4 gün dodağını islatmağa su tapmadan, yarpaq yeyərək həyatda qalmayıb axı. Bu gün bizim borcumuz onların borcunu qaytarmaqdır.


-  Qazilərə və ya şəhid ailələrinə etinasızlıq görəndə peşimanlıq hiss edirsiniz?


-  Bəzən hə. O qaziyə, o şəhid ailəsinə qarşı laqeydliyi görəndə bəzən deyirəm ki, onları mən ruhlandırdım. İrəli get dedim, görən düz dedimmi, günaha batdımmı?


-  Müharibədən sonra sizə hansısa bir mükafat verildi?


-  Vallah, mən bunu mükafat üçün etməmişdim. İstəmirəm. Vətən biznes obyekti deyil. Mənim yetərli qədər mükafatlarım var. Hər şeyi pulla satın almaq olmur. Elə pula satılmadığıma görə, mənim səsim gur çıxır.


-  Müharibə sizin ömür tarixinizə necə düşdü?


-  Mən 54 gün cəbhə xəttində oldum. Və ömrümün ən önəmli  dönəmi bu oldu. Bütün ömrün yoxsa, bu 54 gün deyə seçim olsaydı, 54 günü seçərdim.  


-  Siz hüquqşünaslığı atıb, aktyorluğu seçmisiniz. Məncə qanun dünyası sizi itirib. Bəzən deyirlər qanun dirəkdir, üstündən keçmək olmaz, amma yanından keçib getmək olar? Yanından keçdiyiniz qanunlar olub?


- Hə, aktyorluğu seçdiyimə görə, atam məni ömrü boyu dindirmədi. 16 yaşımdan Bakıda öz başımı saxlamalı oldum. Kişi güzəşt etmədi. Biz həmişə özümüz qanunsuzluqdan şikayət edirik. İnsanın haqqı, bir də borcu var. Haqqını tələb edirsənsə, gərək borcunu da verməyi bacarasan. Elementar qaydalara əməl etmək bizi daha tərbiyəli adama çevirir, əks halda xaos olar. Mənim öz millətimdən başqa sevdiyim iki millət var. Yəhudilər və almanlar. Yəhudiləri millətsevərliklərinə görə, almanları dəqiqliklərinə görə sevirəm. İki dünya müharibəsini başladıb, hər ikisində məğlub olan Almaniya məhz qanunlara dəqiq əməl etdiyinə görə, dünyanın ən irəli gedən ölkələrindən birinə çevrilib


- Qanundan qaçmaq həvəsi bizim qanımıza harda gəlib?


- Rus işğalından gəlib. Düma yazırdı ki, azərbaycanlılarda bir kişi sözü istənilən sənədi əvəz edir. Biz o idik. Rus mədəniyyəti bizə rüşvəti, yalanı, alışıq olmadığımız bütün pis vərdişləri öyrətdi. Gətirdikləri bizi bizdən uzaqlaşdırdı az verdilər çox aldılar. Biz millətimizin adını hələ doğru-dürüst dilə gətirə bilmirik. Biri azəri deyir, biri Azərbaycan türkü, biri azərbaycanlı. Biz türkük. Bütün türk dünyasına ən böyük ideologiyaları biz aparmışıq. Bütün böyük türk imperiyalarının qurucuları da bizik. Bu gün dünyada məşhur olan Osmanlı imperiyasının əsasını kim qoymuşdu? Muğandan getmiş Süleyman şahın övladları. Kök, öz türk bizik. Bizi kökümüzdən qoparıb tariximizi o qədər qarışdırıblar ki... 3000 il öncə Mete xan öz qanunlarını yazmışdı, ən humanist qanunlar idi. Söz namus idi, savaşda qadına, uşağa, qocaya toxunmaq olmaz deyirdi. Mən niyə bu gün öz kökümə qayıtmamalıyam? Çünki çox güclü olacam və dünya məndən qorxacaq.


- Dəyişməyə çoxları qorxur. Bir qədər də sərt məmur düşüncəsi var, insanları qılafa soxan, çərçivələrdən çıxmağa imkan verməyən.

- Məmur düşüncəsinə qarşı deyərdim ki, gözünüzün önünə ən böyük və birinci nümunə kimi Prezidenti qoyun. O hər şeyi açıq-açıq danışır, yol göstərir, nəyi necə etmək lazımdır deyir. Siz nədən qorxursunuz? Bəzən deyirlər Vətən elə kasıbındırmı? Müharibədə əsas kasıbların balaları döyüşdü, öldü. Mən deyirəm, kişilər getdilər, şərəfimizi, namusumuzu qorudular, bu kişilərin savaşı idi. Qurbansız qələbə olmur, qarını üçün yaşayanalr, sərvətini düşünənlər o qələbəyə kölgə salmamalıdırlar. Biz ermənilərin də, ağalarının da dərsini verdik. Yaxın 10 ildə bütün dünya tamam fərqli Azərbaycan görəcək.


10 il sonrakı azərbaycanlını necə görürsünüz?


- İndi öyündüyümüz Lütfizadə kimi böyük alimlərin sayı yüzlərlə olacaq, bu gün dünya universitetlərini qazanan  intellektual gənclərimizin sayı  belə deməyə əsas verir. Onların çiyində dayanacaq bu ölkə. Çox gözəl olacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9069
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar