"Meyitxanada dirilən əsgər qolumdan tutub dartdı" - Xalq artisti ilə MÜSAHİBƏ – I hissə
06 iyun 2022 16:00 (UTC +04:00)

"Meyitxanada dirilən əsgər qolumdan tutub dartdı" - Xalq artisti ilə MÜSAHİBƏ – I hissə

Onunla görüşümüz, müsahibəmiz əslində tamam fərqli olmalıydı. Amma ilk sualımı müharibə günlərindən verincə, sanki coşğun selin qarşısını açdım. İldırım kimi guruldayan güclü səsi ilə döyüş günlərindən, millətimizdən, keçmişimizdən elə  coşquyla danışdı ki, başqa mövzulara toxuna bilmədik. Gah qəzəbləndi, gah  lal dənizə döndü, gah kövrəldi.

Lent.az-ın müsahibi Azərbaycan Respublikasının Xalq artisti,  Prezident təqaüdüçüsü, "Şöhrət" ordeni Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlıdır.

-  Nurəddin müəllim,  müharibədə iştirakınız barədə başlamaq istərdik söhbətə. Ölümlü-itimli bir yola həm özünüz getdiniz, həm də minlərlə gənci ruhlandırdınız. Kimin təklifi oldu? 

-  Müdafiə Nazirliyimizin çağırışı ilə getdik. Öncə biz çıxışlar yazdıq, bu çıxışlar  müxtəlif hərbi hissələrdə səsləndirilirdi. Lakin düşündük ki, bu effektiv deyil. Polkovnik Cəlal Qurbanovla birgə cəbhəyə ezam olunduq. Sonradan müğənni Mirələm Mirələmov da bir müddət bizimlə oldu. Bizim işimiz əsgərlərlə görüşmək, onları ruhlandırmaq, əlçatmaz yerlərə yardımları çatdırmaq idi. Bu işdə bizə Cavad Xan Fondunun birinci vitse-pezidenti Mücadil Həsənov çox kömək elədi, evini qərargaha çevirmişdi, xaricdən və ölkə vətəndaşlarından gələn bütün növ maddi yardım bir başa ora gəlirdi. Müharibədə gözlənilməyən  hallar ortaya çıxır. Əsgərin buna zamanı yoxdur, iş düşür mülkü şəxslərin, ehtiyatda olan zabitlərin üzərinə. Mən də ehtiyatda olan zabitəm. Əlimizdən gələni etdik.

- Bildiyimə görə, I Qarabağ müharibəsində də olmuşdunuz.

- I Qarabağ savaşı da gözümün önündə baş verib, bir başa və ya dolasıyla o proseslərin içində olmuşam. Biz onda uduzduq, amma erməniyə yox. Azərbaycan kimi torpağı, sərvəti, zəhmətsevər bir  xalqı əldən buraxmaq istəməyən imperiyaya uduzduq. Səbəb bizim gücsüzlüyümüz deyildi. Zaman keçdikcə hadisələrə bir qədər fərqli baxıram. Onda da igidlərimiz var idi, kişi kimi vuruşurdular, şəhid olurdular, amma əliyalın idilər. Birliyimiz yox idi. İndi o günlər, o müharibədəki iştirakım barədə danışmaq istəməzdim.

- Nə üçün?

- Çünki elə adamlar  müharibə günlərindəki qəhrəmanlıqlarından danışırlar ki, nə başının üstündən güllə uçub, nə günlərlə susuz qalıb, nə partlayış eşidib. Mən sadəcə deyilməsi lazım olanları deyəcəm. Şuşadan son dəfə 1991-ci il martın 12-də çıxmışam. O yerləri addım-addım gəzmişdim. Silah, ərzaq aparırdıq. Müəyyən işlər var idi, onları görürdük. Birinci və ikinci müharibədə də vuruşan eyni Azərbaycan xalqı idi. Birinci dəfə bizi rus bir tərəfə, ərəb bir tərəfə, İran bir tərəfə dartırdı, qəsdən zəif salırdılar, kim güclü oldu o da qələbə çaldı. Bizi hər zaman parçalamağa çalışıblar. Gah məzhəb münaqişələri saldılar, gah milli etnik... Məhz bu bəhanələrlə böyük türk imperiyaları qarşı-qarşıya qoyuldu, Əmir Teymurla Sultan Bəyazid, Sultan Səlimlə Şah İsmayıl üz-üzə  gəldi, türklük zəif düşdü, udan Avropa oldu. Bu gün də həmin oyunlar gedir. 
İkinci Qarabağ müharibəsində dünyanın qarşısında fərqli bir Azərbaycan var idi. Güclü hərbi, iqtisadi potensialı olan, bu müharibəyə qədər özünü dünyaya tanıtmış Azərbaycan. Müxtəlif böyük beynəlxalq tədbirlərlə güclü imic formalaşdırmışdıq. Ən əsası da 28 ildə fərqli tərbiyə görmüş Azərbaycan gəncliyi  yetişmişdi. 2016-cı ildə Azərbaycanın gücünü sınamaq əməliyyatı elədilər və cavablarını aldılar. Siz istər adına imperiya deyin, istər çar hökumətinin qalıqları deyin, nə deyirsinizsə deyin, mahiyyəti dəyişməyib, o, Azərbaycanın gücünü gördü. Zəfərinsə böyüyü kiçiyi olmur.

-  Amma, o zaman bu hadisələrin üzərindən müəyyən sükutla keçildi. Aprel döyüşləri illər sonra daha çox təbliğ olundu.

-  Bu həm də medianın günahı idi. Xüsusi təyinatlı qüvvələrimizin 96 üzvü şəhid oldu. Hər biri haqda yaza bilərdiniz, kim buna mane olurdu? Mübarizin şəhadətindən neçə illər keçib. Türkiyədə o hərbi film yoxdur ki, orda Mübarizin adı qürurla çəkilməsin. Adına küçə qoyublar. Bizdə onun haqqında bir dənə normal bədii film çəkilibmi? Yox. Mübariz Azərbaycan xalqının ruhunda, canında, taleyində titrəyiş yaradan, zəlzələ yaradan igiddir. Pis niyyətlilər onun adından istifadə edib pul qazanmağa da qalxdılar. Amma...

-  Film demişkən, zəfərimiz barədə böyük bir film çəkilməməsi barədə müzakirələr zamanı bəziləri deyirlər ki, qələbəni hiss etmək üçün zaman lazımdır. Siz  bu barədə nə düşünürsünüz?

-  Onu deyən gözünün içinə qədər yalan danışır. İndiyə qədər də uğurlarımızı qəbul edə bilməyənlər, düşmənə işləyənlər var. Nə zaman lazımdır? 30 il yetərli zaman olmadımı? Xeyir ola? II Dünya müharibəsi gedə-gedə tamaşalar da qoyulurdu, film də çəkilirdi bütün sənət adamları cəbhə bölgələrində əsgərlərin yanındaydı. O zaman olurdu, indi yox? Biri gəlsin  desin ki, Xocalı ilə bağlı ciddi bir iş qoymuşuq ortaya, dünyaya təqdim etmək üçün. Ağalarından qorxurlar? Milli əxlaq, milli təfəkkür olmalıdı. 14 il Akademik Milli Dram Teatrı “Xəcalət” tamaşası ilə xaricdə qastrollarda oldu, beynəlxalq festivallarda yer tutdu, 6 aktyorla biz faciəmizi təmsil elədik, tərcümə edildi, dünya səhnələrində tamaşalara qoyuldu, müzakirə olundu. Qaçqın problemi dünyanın bir nömrəli problemidir, yaradıb çəkəydilər də insan taleyindən. Bizdən çox qaçqını olan var? Gözləmək lazımdır deyən nadanlara demək lazımdır ki, sadəcə kişilik duyğusu lazımdır. Əsgər öz işini görüb, sənətkar da canı çıxmalıdır öz işini görməlidir. Leyla Əliyeva “Xocalıya ədalət “ adıyla hərəkat başlatdı. Bilirsinizmi, bu bizim son savaşımızda nə qədər mühüm rol oynadı? Deməli,  hər kəs öz  üzərinə düşən işi görməlidir. Məndən soruşsalar, Kərbəla anlayışı nədir? Mən deyərəm bizim Kərbəlamız Xocalıydı. Kərbəlada hakimiyyət, biət uğrunda savaş  getmişdi. İmam Hüseyn öz əqidəsi uğrunda böyük kişlik göstərib, savaşmış, şəhid olmuşdu. Xocalıda bir şəhərin məsum insanları məhv edilmişdi, yalnız azərbaycanlı olduqlarına görə. Mənim İmam Hüseynə sevgim,  hörmətim var, amma bu gün Azərbaycanın İmam Hüseyni Mübariz İbrahimovdur, tək başına ölümü gözünə alaraq, vida məktubu yazaraq, ölümün üstünə gedən oğlan. Bunu anlamalıyıq. Bizim nümunəmiz odur. Kim məni necə anlayır, anlasın, özümüzünkünə qiymət vermədən millət ola bilmərik, problemlərimizi qaldıra bilmərik. Mədinə mənim üçün əziz şəhərdir, lakin mənim Mədinəm Şuşadır. Mədinəmiz Şuşa olmalıdır. Təvaf yeri axtarırlar. Başına dolanılası müqəddəs yer Şəhidlər Xiyabanımızdır. Ola bilər, hər kəsin ürəyində həcc arzusu var, getsin amma 3-5 dəfə yox. Pulun var şəhidin balasına  qanad gər, bir qazinin qolundan tut, bu olsun sənə həcc savabı. Sən böyük-böyük pulu tök Məkkə şeyxlərinin kassasına, o da özü  üçün 600 milyon dollarlıq yaxta alsın, qızıl unitaz, qızıl  maşın alsın. Həmin o pullara qazilərin ehtiyacı var axı. Ona görə Cəlil Məmmədquluzadə deyirdi ki, axıdacağınız qanınız, sərf edəcək malınız varsa, gözünüzün qarşısında bir Azərbaycan matəmgahı durur. Bu ən böyük savabdı. Bir şəhid ailəsinin uçuq damını düzəlt, divarını yama. Bilirsinizmi Məkkədə kəsilən o qurbanıq qoyunlar  hara gedir? Əfqanıstandakı NATO əsgərlərinə yemək olaraq göndərilir. Onlar da yeyib-içib, silahı alıb müsəlmanın üstünə gəlir. Bəlkə ona görə Allah pandemiyanı göndərdi, dedi “al, bu da sənin  İslama və Allaha olan münasibətinin hədiyyəsi”. Pakistan və Türkiyədən başqa bir müsəlman ölkəsi yanımızda olmadı. Müsəlmanlığı da, din qardaşlığını da saxtalaşdırıblar. Bu savaşın bir qalibi var. Azərbaycan xalqı, Azərbaycan əsgəri, Milli Ordusu, onun Ali Baş Komandanı. Türkiyə bizə dəstək oldu, “vur” dedi, “yanındayam” dedi, dünyaya “qarışmayın” dedi. Amma ölən vuruşan biz idik. Müharibə bitdi, İran "bir fətvayla  Qarabağı azad etdik" dedi, durub gözləyənlər təbriklər yazdılar, prezidentimizlə görüşmək üçün sıraya düzüldülər. 

-  Bunlar cəmiyyətimizin gördükləri. Bəs siz nələr gördünüz, döyüş günlərindən unudamadığınız nələr var?

-  Mən nələr görmədim? Yarası sarındıqdan sonra hospitaldan qaçıb cəbhəyə gedən əsgər və zabitlərin sayı-hesabı yox idi.  Bir zabit var idi, dedim getmə, bu yarayla  orda öləcəksən. Dedi “mən hospitalda qalsam, öləcəm.Orda əsgərlərim ölür”.  Şəhid gətirən maşınlara minib gizlicə cəbhəyə qaçan yaralılarımız var idi. Bir əsgər var idi, morqda üst-başını təmizləyirdik. Təmizləmək deyəndə, yəni morqa gətirilən əsgərin üstünü axtarırsan, ünvan varsa, tapırsan, silahları  varsa,  götürüb təhvil verirsən. Onu deyim ki, əgər əsgər hospitala gələnə qədər ölmüş olmurdusa, həkimlər  yatmadan, dincəlmədən onun həyatı üçün vuruşur, xilas edirdilər. Mən gətirilmiş bir yaralının belə, öldüyün görmədim. Bərdəli bir əsgər ayılıb qolumu dartdı. Çox sonralar onunla qarşılaşdım. Dedim gözlərin tanış gəlir, dedi “morqda dirilən əsgərəm”.

-  Morqda ayılan çox oldu?

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8598
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar