Dünən aktyor Hikmət Rəhimov öz sosial şəbəkə hesabında mərhum rejissor Azərpaşa Nemətovun haqqında xoş olmayan ifadələr işlədib, Xalq artistinin aktyorları incitdiyini yazıb. Bu gün Hikmət Rəhimovun özü hədəfə götürülüb.
Lent.az-ın xəbərinə görə, Hikmət Rəhimovla dava etmiş və hazırda küsülü olan aktyor Səmimi Fərhad Hikmət Rəhimova ağır ifadələr işlədib, “Sən necə öləcəksən?” deyib.
“Rəhmətlikdən mən də razı deyildim, nə işindən, nə özündən. Bəs, sən necə öləcəksən? Sən o adamsan ki, dost-qardaş deyib süfrəmin başında əyləşib, qıraqda haqqımda olmazın söhbətləri edibsən. Onunla da kifayətlənməyib, ölkədə büdcəsi ən çox (250 min manat) olan layihədə (Əqrəb Mövsümü) “iki balamı qəbirə qoyum, büdcə çox zəifdi, buna çəkilsən, sonrası yaxşı olacaq” deyib, 10 çəkiliş gününə cəmi 1000 manat təklif etdin.
Məndən faiz tutmaya və yaxud dəvət etməyə də bilərdin. Mən isə bundan xəbər tutanda artıq çəkilirdim və yarımçıq qoyub getmədim. Emil Quliyev isə öz növbəsində qonorarıma əlavə etdi. Bunun hesabını səndən soruşanda, bir-iki şilləyə görə həkimdən ekspert kağızı alıb, oradan da polisə qaçdın. Hansı ki, bir cılız uşağı vurmuşdun, səni polisə vermişdi deyə hər yerdə “işverən” deyib dalınca danışırdın. İndi də xəbərin çatır, kimlərlə birləşib nələr danışırsız, siz olan layihələrdən məni necə “burursunuz”.
O adamlar ki, onların haqqında mənə və bir çoxlarına nələr danışıb, nə söyüşlər söyüb, indi də onlarla öpüşüb, görüşürsən. Çünki zəifsən. Sənətin olmasaydı, bəlkə də səni başa düşərdim. İndi çıx de ki, belə olmayıb. Lazım olsa, adbaad deyərəm”.
Qeyd edək ki, Hikmət Rəhimov mərhum rejissor haqqında öz səhifəsində belə yazmışdı: "Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda, bir heç olduğunuzu tanrı qarşısında anlayasinız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram.
Allah həqiqətən böyükdür".