“Akif daha yaxşı idi”   – 40 il sussa da, 1 gün unudulmayan korifey
08 avqust 2023 21:15 (UTC +04:00)

“Akif daha yaxşı idi” – 40 il sussa da, 1 gün unudulmayan korifey

Günümüzün reallığı elədir ki, efir adamları 5-10 gün gözə görünməsələr unudulurlar. Populyar olmaq istəyənlərin sel kimi axını içində yadda qalmaq, unudulmamaq, əsl sənət göstərmək asan deyil. Amma onun taleyinə şöhrəti fərqli şəkildə yaşamaq yazıldı. Ömrünün 38-ci baharında səsini itirdi, lakin oxuduğu mahnılar, nəğmələr illər boyu dildən-dilə dolaşdı. Səsi unudulmadı. Elə möhür vurdu ki, özündən sonra kim onun mahnılarını oxusa, mütləq şəkildə “Akif daha yaxşı oxuyurdu” fikri səsləndi. 40 il bir igidin ömrüdür, o 40 ildir susur, amma yenə sevilir, yenə yad edilir. Sağlığında korifey sayılan, adına küçə verilən çox az sayda insanlardan biridir o. Bu gün xalqımızın sevimli sənətkarı Akif İslamzadənin 75 yaşı tamam olur. 

Lent.az unudulmaq istəsə də, unudulmayan adamdan bəhs edir.

Böyük ömrün qısa xülasəsi: Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-Radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Xanəndə Sara Qədimovanın oğludur.

Qəribə ömürdür Akif İslamzadə ömrü. Sanki bir həyatda 2 dəfə doğulub. 2 fərqli insanın həyatını yaşayıb.

Birinci Akif 1986-cı ildə səs tellərində yaranmış xəstəlik səbəbi ilə daha oxuya bilməyən sevilən müğənni idi. Ona qədər şöhrətlənmiş, sevilmiş, buna baxmayaraq təvazökarlığını da itirməmiş qaynar ömür yaşayan birisi idi.

İkinci Akif 40 yaşlarında doğuldu, Allaha doğru yolçuluğa başladı. Səsini itirdikdən sonra ruhani duyğulara daha üstünlük verən Akif İslamzadə zaman içində müdrik bir qocaya çevrildi. Allahla danışan, özünü tanrıya həsr edən itaətkar bir bəndədir o bu gün.  Görüncə qarşındakının o lətif musiqiləri ifa edən populyar estrada müğənnisi olduğuna inanmağa çətinlik çəkirsən. 
Öz dediyi kimi, axan sel idi, durulub, sakitləşib. “Yaxşı ki səsimi itirdim. Səsim itməsəydi, özümü tapmayacaqdım. Allaha bu qədər möhkəm bağlanmayacaqdım. Yaşadıqlarım məni Allah yoluna dəvət etmək üçün imiş” deyir söz düşəndə.

Ad günü münasibətilə ürək sözlərini eşitmək istədik.

“Keçmiş üçün darıxmıram. Hər gün özünü kəşf etməyən, yeni bir şey öyrənməyən, Allahını tanımayan ömrünü boşa yaşamış sayılır. Yaşadığım ömürdən razıyam. İnsanlar hələ də xatırlayır. Görünür nə isə edə bilmişəm. Yaşadığımız hər şey Allahın sınağıdır. Allahdan özüm üçün tək bir istəyim var. Qocaldıqca ağlımı əlimdən almasın. Özümü dərk edəndən sonra çalışdım ki, bəndələr qarşısında günahım olmasın. Ölümdən qorxmuram. Allahın sorğu-sual etməsindən, onun mühakiməsindən qorxuram”.

Bəs bir ağsaqqal kimi cəmiyyətin bu günkü halından məmnundurmu Akif İslamzadə?

“Mənim gəncliyimdə sənətkarların bir-birinə hörməti, sayğısı var idi. Böyük-kiçik yeri bilinərdi. İndikilərdə bu varmı? Cəmiyyətdə cılızlaşma gedir. Bu prosesləri ağrı ilə izləyirəm”,- deyə cavab verir.

Akif İslamzadənin ömür karvanı başı qarlı dağlara doğru üz tutub gedir. 80-ci, 90-cı, 100-cü zirvədə görüşmək ümidiylə, unudulmayan insan, oxumayan müğənni!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6201
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar