Lent.az maraqlı insan taleləri barədə silsiləni davam etdirir.
Türk dünyasında sevilən bir türkü var. Adı “Mihriban”dır. Neçə-neçə məşhur sənətkarın dilindən səslənib, neçə müğənniyə məşhurluq qazandırıb.
Sarı saçlarına deli gönlümü,
Bağlamıştın, çözülmüyor Mihriban.
Ayrılıktan zor belleme ölümü,
Görmeyince sezilmiyor Mihriban.
Bu türkünün maraqlı, daha doğrusu yanğılı bir tarixçəsi var. Türkü bir-birinə qovuşmayıb, ömürlərini həsrərtlə bitirmiş iki real aşiqin sevdası barədədir. Türkünün sözlərinin müəllifi Abdurrahim Karakoç aşiq olduğu qıza olan sevdasını töküb sətirlərinə.
1960-cı ildə Abdurrahim Karakoçun anadan olduğuğu Kahraman Maraşın Ekinözü kəndində bir toy qurulur, toy 3 gün 3 gecə davam edir. Toya başqa-başqa ellərdən qonaqlar gəlir.
Kahraman Maraş şəhərindən toy evinə bir ailə də gəlir. Abdurrahim gələn qonaqların içində uzun sarı saçlı bir gözələ aşiq olur. Mehriban baxışlarına, şirin təbəssümünə görə adını çəkmədən onun adını özlüyündə Mihriban qoyur. Qızla tanış olsa da, dərdini deyə bilmir. 3 gün tamam olunca, qız ailəsi ilə birlikdə kənddən şəhərə öz evlərinə dönür. Abdurrahimin atası da qardaşları da şair, ozan idilər. Oğullarının sozalan halından eşqə düşdüyünü anlayan ailə Maraşa elçi gedir. Lakin Mihriban nişanlıymış. Dərdindən divanəyə dönən ozan Abdurrahim evdə Mihriban sözünün çəkilməsini yasaqlayır.
Amma 7 il keçsə də, unuda bilmir. Bir yanıqlı türkü qopur sazının tellərindən. El-el yayılır. Eşitməyən qalmır. Təbii Mihriban da eşidir bu türkünü, şairə bir məktub göndərir. Cəmi bircə sətir yazır. “Unutmaq asan deyil”.
O da unutmayıbmış, oğula, qıza qarışıb, amma sevgisi də içində yaşayırmış. Cavab olaraq şair ikinci bir türkü yazır.
“Unutmak kolay deyil demə,
Unutursun Mihribanım”.
Abdurrahim də, Mihriban da bu gün həyatda yoxdur. Lakin 60 illik bir mahnı bu sevgini, həsrəti özündə yaşadır.