İspaniyanın Kanar adalarında kütləvi turizmdən kənarda qalmış sakit və fərqli bir məkan mövcuddur. Söhbət Kanar adalarının ən qərbində yerləşən El Hierro adasından gedir. Cəmi 11 min nəfər əhalisi olan bu ada dinc istirahət axtaranlar üçün ideal seçim hesab olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, El Hierro Kanar adaları arasında sahəsinə görə ikinci ən kiçik adadır və burada cəmi bir svetofor mövcuddur. Adada yerli, autentik mətbəx təklif edən çoxsaylı restoranlar fəaliyyət göstərir, təbiət mənzərələri isə ziyarətçilərə unudulmaz görüntülər təqdim edir.
Adaya çatmaq üçün əvvəlcə Tenerife adasına uçmaq, daha sonra isə bərə ilə El Hierroya keçmək mümkündür. Turistlərin əsasən Lanzarote və Tenerifeni seçməsi səbəbindən El Hierro uzun illərdir diqqətdən kənarda qalır.
Sərt və vəhşi gözəlliyi ilə tanınan El Hierro təxminən 1,2 milyon il əvvəl Atlantik okeanının dərinliklərində baş verən güclü vulkan püskürmələri nəticəsində formalaşıb. Bu proses adada qeyri-adi landşaft, maraqlı qaya strukturları və qara vulkanik qum sahilləri yaradıb.
Adanı əhatə edən saf və şəffaf sularda müxtəlif balıq növləri və skat balıqları yaşayır. El Hierro həmçinin dalğıclıq və təbiət turları üçün əlverişli məkan kimi tanınır.
Daily Mailin yazdığına görə, bu “gizli” ada qış mövsümündə istirahət üçün xüsusilə uyğundur. Burada mütləq ziyarət edilməli yerlərdən biri Mirador de la Peña baxış meydançasıdır. Bu nöqtə adanı yuxarıdan seyr etmək istəyən turistlər arasında populyardır.
Tripadvisor istifadəçilərindən biri bu məkan haqqında belə yazıb: “Bir fincan qəhvə içərək El Hierro adasının nəfəs kəsən mənzərələrini quş baxışı ilə seyr edə biləcəyiniz möhtəşəm yer”.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, turistlərin azlığına baxmayaraq, qış aylarında El Hierro adasında hava temperaturu təxminən 20 dərəcə isti olur. Bu isə onu səs-küydən uzaq, rahat və mülayim iqlimli istirahət üçün ideal məkana çevirir.