Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. O,1961-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və təhsilini Moskvada davam etdirib.
O, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Rəssamlıq” fakültəsini bitirib. Mayis Ağabəyov təhsil aldığı illər ərzində M.Boqdanovun kursunda kino sənətinin incəliklərini öyrənib. O, Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb. O 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunub.
İstedadlı rəssam 1965-ci ildən başlayaraq bir sıra beynəlxalq və respublika sərgilərində kino eskizləri və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-ci ildə Türkiyənin İstanbul, 1994-cü ildə Fransanın Avinyon, 2000-ci ildə Böyük Britaniyanın London şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə əsərləri uğurla nümayiş olunub. 2002-ci ildə Baki İncəsənət Mərkəzində, 2005-ci ildə Səttar Bəhlulzadə adına Sərgi salonunda fərdi sərgiləri keçirilib. Rəssamın 70 illik yubiley sərgisi 2011-ci ildə Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib.
1996-cı ildə pedaqoji fəaliyyətə başlayan Mayis Ağabəyov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Akademik rəngkarlıq” kafedrasının professoru idi.
Monumental, tarixi filmlərin quruluşçu rəssamı olan Mayis Ağabəyov, eyni zamanda çoxsaylı rəngkarlıq, qrafika, heykəltəraşlıq nümunələrinin və “Filmdə rəssamın rolu” kitabının (2008) müəllifidir.
Mayis Ağabəyov “Babək”, “Nəsimi”, “Nizami”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Həyat bizi sınayır”, “Ürək...Ürək...”, “Günaydın, mələyim!” kimi bir çox dəyərli filmlərə tərtibat verib.
O, “Ədəbi motiv”, “Qızılquş ovu”, “Ailə”, “Dua”, “Danaya”, “Süd verən qadınlar”, “Rəssam və model”, “Novruz”, “Lampa işığı”, “Şərq qadınları” və s. rəngkarlıq və qrafika, “Ana”, “Atlı qız”, “Toreador”, “Model” kimi kiçik həcmli plastika əsərlərini yaradıb.
Mayis Ağabəyovun bədii yaradıcılıq və pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilib. Sənətkar 1990-cı ildə Əməkdar rəssam, 2000-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüş, təsviri sənət nominasiyasında "Humay" milli mükafatını alıb (2012).
Rəssamın əsərləri Moskvada Şərq Xalqları Muzeyində, SSRİ İncəsənət Fondunda, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Bakı İncəsənət Mərkəzində, həmçinin, Fransa, Türkiyə, London, Vyana, Almaniya, Yaponiya, İspaniya və Rusiyada şəxsi kolleksiyalarında saxlanılır.