Dostunu  qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
22 iyul 2026 18:48 (UTC +04:00)

Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadə verməsi ilə davam edib.

Təqsirləndirilən İ.Lısenko İlqar Məmmədovun hər zaman onu maddi və mənəvi zərərə məruz qoyduğunu bildirib:

“İlqar içki aludəçisi olan biri idi. Mən təzəliklə onun oğurluqla da məşğul olduğunu öyrənmişdim. Həmişə hər kəsdən nə isə istəyirdi. Verməyəndə dava-dalaş salır, insanları narahat etməyə başlayırdı. Bir dəfə də mənə zəng elədi ki, onu yaşadığı yerdən çıxarıblar, qalamağa yeri yoxdur. Mən anamla məsləhətləşdim və ona üç gün qala biləcəyini bildirdim, razılaşdı. İlqar həddən artıq çox içirdi, içən kimi də mənimlə mübahisə etməyə başlayırdı. Bir qədər sonra o əl-qoluna güc verməyə, mənə əl qaldırmağa, döyməyə başladı. Mən mülayim təbiətli bir insanam, deyirdim yəqin içkili olduğuna, problemləri olduğuna görə belə edir. Özü də həmişə qapalı yerlərdə mənə əl qaldırırdı, camaatın içində, anamın yanında bunu heç vaxt etmirdi. Bir dəfə məni güclə qəbiristanlığa aparıb, vurmağa başladı. Mən ona qarşılıq verə bilmirdim, bu bəlkə də mənim zəif iradəli insan olmağımdan irəli gəlirdi. O artıq pullarımı oğurlamağa başlamışdı. Maaşımı aldığım gün pullarımın yarısı yoxa çıxmağa başlayırdı. Anam da artıq dilə gəlməyə başlayırdı ki “Sən bu qədər əziyyət çəkib işləyirsən, qazandığın pul hara gedir?” Get-gedə o məndən daha böyük məbləğlər istəməyə başladı, mənim bu qədər pulum yox idi. Mən bir dəfə onun bir qadını necə ölümcül döydüyünü görüb gözüm qorxmuşdu. Məni hədələyib deyirdi ki, onu satsam, anamı da, məni də öldürəcək. Deyirdi sənin maşının var, ver arendaya, mənim problemlərimi həll edərsən. 2025-ci ilin noyabrında anam onu evdən qovdu. Hadisə günü tezdən oyananda İlqar mənə zəng elədi ki, gəl görüşək. Çölə çıxanda onu həyətdə gördüm; əlində araq, sərxoş vəziyyətdə idi. Məni içki təklif edəndə imtina etdim. Dedim orucluq ayıdır, içki içmək günahdır. Məni ələ salıb güldü ki, nə orucluq, kef elə. Mənə çox, özünə az araq süzdü, məcbur elədi ki, arağı içim. İçəndən sonra gördüm yuxu aparır məni. Bir azdan məni tərpədib telefonunun harada olduğunu soruşdu. Ona telefonunun məndə olmadığını dedim. O telefonu öz adıma ona mən almışdım. Mənə qayıdıb dedi ki, sən qəsdən onu itirmisən. Üstümə hücum edib mənə zərbələr endirməyə başladı. Onun elədiklərinə artıq dözə bilmədim; maşınımdan bıçağı götürdüm, gözlərimi yumub haradan vurduğumun fərqində olmadan İlqara ard-arda bıçaq zərbələri endirməyə başladım”.

Daha sonra məhkəmə şahid ifadəsi ilə davam edib. Şahid C.R. təqsirləndirilən şəxsin qonşusu olduğunu bildirib:

“İlqar çox qaba, kobud insan idi, daima İqora qarşı zorakılıq göstərirdi. O həm də içki düşkünü idi; dəfələrlə sərxoş vəziyyətdə olub, insanlara maneçilik yaradırdı. Hadisənin necə baş verdiyini görməmişəm. Mən hadisə yerinə çatanda onu yerdə uzanmış gördüm, İqora “Sənə demədim bu adamı evinizdən uzaqlaşdır, neylədin sən?” -dedim.

Növbəti proses 5  avqust saat 12:00 təyin olunub.

Xatırladaq ki, hadisə 21 fevral 2026-cı ildə  Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib.

İqor Lısenko Rusiyada yaşayan dostu İlqar Məmmədovu Bakıya çağırıb. Dostlar bir müddət bir yerdə yaşayıb. Daha sonra aralarında mübahisə düşüb. Bu səbəbdən İlqar Məmmədov İqora məxsus avtomobildə gecələməli olub. İ.Lısenko gecə saatlarında avtomobildə olan İ.Məmmədova yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi vurub. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə)və 228.5-ci ( qanunsuz olaraq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar