Qara qarağatdan ev şəraitində şərab hazırlamağın ən asan üsulu
22 iyul 2026 16:43 (UTC +04:00)

Qara qarağatdan ev şəraitində şərab hazırlamağın ən asan üsulu

0

Qara qarağatdan hazırlanan ev şərabı həm təbii, həm də aromatik içki sevənlər üçün əla seçimdir. Əgər şərab hazırlamağın çox çətin və uzun proses olduğunu düşünürsünüzsə, bu resept fikrinizi dəyişə bilər. Sadələşdirilmiş üsul sayəsində minimum vaxt sərf etməklə keyfiyyətli ev şərabı hazırlamaq mümkündür.

Lent.az bu resepti təqdim edir:

Lazım olan ərzaqlar

Bu üsulda sadə nisbət qaydasından istifadə edilir. Hər 1 kq qara qarağat üçün 1 litr su və 500 qram şəkər götürülür.

Bu resept üçün sizə lazım olacaq:

Qara qarağat - 2 kq
Su - 2 litr (lazım gələrsə sıxlığı tənzimləmək üçün əlavə 1 litr)
Şəkər - 1 kq (iki mərhələdə əlavə olunur)

Şərab necə hazırlanır?

Giləmeyvələrin hazırlanması

Qara qarağatı yumamaq məsləhətdir. Çünki giləmeyvənin səthində olan təbii yabanı mayalar mayalanma prosesini təmin edir. Əsas məqsəd bütün giləmeyvələri tam əzməkdir. Bunu əl ilə etmək çətin olduğundan ən rahat üsul ətçəkən maşından istifadə etməkdir. Bu, meyvənin şirəsini maksimum dərəcədə çıxarmağa kömək edir. 2 kiloqram qarağat əzildikdən sonra təxminən 2 litr qalın püreyə çevrilir və 6 litrlik şüşə bankaya tökülür.

Şərab mayesinin hazırlanması

Şəkərin hamısını birdən əlavə etmək məsləhət görülmür. Çünki güclü mayalanma zamanı köpük bankadan daşa bilər. İlk mərhələdə 500 qram şəkəri 1 litr suda həll edib şərbət hazırlayın və qarağat püresinin üzərinə əlavə edin. Daha sonra daha 2 litr su tökün.

Beləliklə, bankada:

2 litr qarağat pürəsi;
3 litr su;
500 qram şəkər olur.

Bu nisbət mayalanma zamanı yaranacaq köpük üçün kifayət qədər boş yer saxlayır. Şəkərin qalan 500 qramı isə ilk mayalanma başa çatdıqdan və şərab süzüldükdən sonra əlavə edilir.

Su kilidinin quraşdırılması

Mayalanmanın düzgün getməsi üçün bankaya hava daxil olmamalı, lakin yaranan karbon qazı sərbəst çıxmalıdır. Bunun üçün plastik qapağın ortasında kiçik dəlik açılır və ora nazik elastik boru yerləşdirilir. Borunun qapaqla birləşdiyi yer plastilinlə möhkəm bağlanır ki, hava keçirməsin. Qapaq bankaya kip bağlanır, borunun digər ucu isə su ilə dolu qaba salınır. Qarağat püresi qalın olduğu üçün ilk qaz qabarcıqları bəzən 2-3 gündən sonra, bəzən isə artıq ertəsi gün görünə bilər.

Çöküntüdən ayırmaq və şəkərin əlavə edilməsi

İlk mayalanma tam başa çatana qədər bankaya toxunulmur. Borudan qaz qabarcıqlarının çıxması dayandıqda prosesin ilk mərhələsi bitmiş hesab edilir. Bundan sonra şərab ehtiyatla çöküntüdən ayrılaraq təmiz qaba süzülür. Bankanın dibində qalan meyvə qalıqları və işlənmiş mayalar atılır. Qalan 500 qram şəkər artıq təmizlənmiş gənc şərabın içinə əlavə edilir. Daha sonra qab yenidən su kilidi ilə bağlanır və son mayalanma, durulma və dadın formalaşması üçün qaranlıq və sərin yerdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar