Bu gün Azərbaycan kino sənətinin ən parlaq ulduzlarından biri Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərovun 80 yaşı tamam olur.
80 deməyə insanın dili gəlmir. Çünki yaddaşımızda həmişə gənc Qatır Məmməd, Məzahir, müstəntiq Gündüz Kərimbəyli, Qəzənfər və bu kimi koloritli obrazları ilə qalıb. O, 49 yaşında dilində yaxalandığı onkoloji xəstəlik səbəbilə həyatını itirib.
Böyük aktyorun çox gözəl səs tembri, istedadı, insanın ruhunu oxuyacaqmış kimi dərin baxışları onu ekranların tələb olunan simasına çevirmişdi.
Şahmar Ələkbərovun gənclik dostu, Xalq artisti Tariyel Qasımovun onun barəsində Lent.az-a danışdığı xatirələri təqdim edirik:
“Şahmarla biz dost yox, qardaş idik. Şahmar, mən, Həsən Əblüc daima bir gəzərdik. Universitetdə bizə “3 müşketyor” deyirdilər. Şirin zarafatları olan, mehriban, şən, sakit oğlan idi. Şahmar olmasaydı yəqin mən aktyor olmayacaqdım, oxuya bilməyəcəkdim. Çünki atam aktyor olmağımı istəmirdi, teatr dərnəyində məşğul olduğumu eşidib küsmüşdü. Anamı dalımca Bakıya göndərmişdi ki, artistliyi atmasam, övladlıqdan siləcək. Kişi mənə pul göndərmirdi. Mən əsgər getməyə hazırlaşırdım artıq, Şahmar qoymadı. Düz 4 il Şahmargilin evində qalmışam, onun köməyi ilə yaşamışam. Mənim elçiliyimə onun anası gedib. Sonralar məşhurlaşandan sonra Şahmar rayonumuza getdi, atamla bizi barışdırdı, o, əvəzsiz bir insan idi”, - deyə Xalq artisti bildirib.
“Bəs sonralar da dostluğunuz davam etdimi?” - sualımıza cavab verən Tariyel Qasımov bildirib ki, Şahmar Ələkbərovla ölən günə qədər ailəvi dost olublar.
“Bir evli kimiydik. Şahmarın əkiz qızları var idi. Onların toyunu eyni gündə etdi. “Abşeron” otelində iki bəy, iki gəlin eyni gündə oturdu masaya. Əmiləri kimi mən də oradaydım. Xəstələnəndə də yanında oldum, dəstək göstərməyə çalışdım. Sonralar qızları xaricə köçüb getdilər. Mənim xanımım onun xanımı Kəmalə xanımla görüşürdü, danışırdı. Şahmarın olmadığı evə getməyim düzgün olmazdı. Son illər rayonda yaşayıram deyə düzünü desəm, çox əlaqə saxlaya bilmirik. Amma o mənim bacımdır, əzizimdir, qardaşımın yadigarıdır”, - deyən Xalq artisti bildirib.
O qeyd edib ki, Azərbaycan incəsənətində Şahmarı əvəz edəcək gücdə ikinci bir aktyor yoxdur.
Şahmar Ələkbərov həm də istedadlı rejissor kimi özünü təsdiq etdi. Onun "Qəzəlxan" və "Sahilsiz gecə" filmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Yaşasaydı kim bilir daha neçə gözəl əsərlər çıxacaqdı ortaya. Amma əcəl də həmişə ən parlaq ulduzları, ən uca ağacları seçir. Şahmar kimi...