Lent.az bu gün “Bir ulduz axdı” layihəsində azərbaycanlı tamaşaçılara “Yeşil Çam” filmlərindən yaxşı tanış olan türk aktyor Cevat Kurtuluşu xatırlayacaq.
Hər kəsin filmlərdə axmaq, səfeh kişi kimi tanıdığı bu komediya ustası əslində faciəli bir həyat yaşayıb. Çünki onu olduğu kimi görmür, filmlərdə gördükləri kimi tanıyırdılar. O rollarının əsirinə çevrilmiş bəxtsiz istedad idi.
Cevat Kurtuluş kino dünyasında “1001 üzlü” (“1001” surat”) ləqəbi ilə tanınırdı. Mimikalarını ustalıqla istifadə edir, üzü sözsüz danışa bilirdi. Çox bacarıqlı parodiya ustasıydı. Gözəl səsi vardı, opera sənəti üzrə ali təhsil almışdı. Amma rejissorlar onu sadəcə səfeh kişi obrazlarına yarayan aktyor kimi tanıtdılar və bu onu çox məyus etdi.
Müsahibələrindən birində “yanlış rolların yanlış adamı oldum, rejissorların mənə biçdiyi taleyi yaşadım, buna görə özümdən küskünəm. Şöhrətin acısını yaşayan tək insan yəqin ki, mənəm” demişdi.
Həyatı boyu 200-dən çox filmdə yalnız ikinci dərəcəli rollarda oynamış, bununla belə diqqət çəkə bilmişdi. Hər zaman varlı evlərin bağbanı, aşpazı, baş qəhrəmanın səfeh dostu, köməkçisi, yoxsul, ağılsız, lakin geniş ürəkli köməkçi və ya avam ər rollarını ifa edirdi. Ona görə türkiyəli izləyicilər Cevat Kurtuluşu həyatda da saf, sarsaq adam bilir, hətta küçədə gedərkən təhqir edənlər, üzünə tüpürənlər olurdu. Çox zaman utanıb küçəyə çıxa bilmirdi. Böyük aktyorun ölümünə səbəb də elə bu olmuşdu. Bir gün tamaşaçılarının roluna görə onu təhqir etməsinə dözməmiş, infarktdan ölmüşdü.
Dəfələrlə haqqı tapdanmışdı. Amma o kimsəyə acı cavab vermir, yaşadığı dövrün tələblərini bilib uyğunlaşmağa çalışırdı. Xarakterində qəribə bir çəkingənlik vardı. Gözə girməyi, yaltaqlanmağı bilmədiyi kimi, haqqını tələb etməyi də bilmirdi bu gözəl insan.
Hər kəsi güldürən adam əslində bədbəxt idi, kasıb, yarıac, yarıtox bir ömür yaşadı, boyuna biçilmiş təlxək obrazının sərhədlərini aşa bilmədi. Övladı olmamışdı, amma o bütün aktyorlar kimi "rollarım mənim balamdır" deyə bilmirdi. Rolları onun düşməninə çevrilmişdi.
“1001 üzlü” yaşasaydı bu gün 101 yaşı olacaqdı. Zamanında kino dünyası, “Yeşil Çam” onun dəyərini bilməsə də, tamaşaçılar onu xatırlayır. O yenə, rolları ilə güldürə, kədərli ürəklərə təsəlli ola bilir. Hər nə qədər bu rollar onun özünə kədər bəxş etmiş olsa da.
Cevat Kurtuluş və xanımı Meral Kurtuluş