Sirrini çadraya büküb atan daş qadının hekayəti
03 avqust 2011 16:16 (UTC +04:00)

Sirrini çadraya büküb atan daş qadının hekayəti

... O, sanki əsrlər ağırlığında olan zülmət çadrasını ataraq, başını dik yuxarı qaldırır. Ürək dolusu göylərin dərinliklərinə baxır... Elə bil indicə, çadra yaraşıqlı çiyinlərinin arxasından sürüşüb, o mavi göylərin ənginliklərinə, dərinliklərinə qovuşacaq. Azca, bir az irəli atılmış sol ayağının hərəkəti də onun bu qətiyyətliliyini üzə çıxarır. Və aydın hiss olunur ki, qadın, özünün bu azadlılığı ilə bir daha heç vaxt keçmişlərə, o əzablı günlərə qayıtmayacaq...

Tədqiqatçıların çoxu iddia edir ki, müəllif bu əsərini yaradan zaman Cəfər Cabbarlının “Sevil” əsərindəki məşhur səhnədən yararlanıb. Amma bu obraz həqiqətənmi Sevil idi? Görəsən, müəllif əsər üzərində işləyən zaman kimi, hansı qadını düşünürdü? Və nəticə olaraq illərdir gördüyümüz bu “daş” qadın obrazı əslində kimin olub?

Lent.az yeni rubrikaya başlayır – “Daşlaşmış tarix”. Bu rubrikada şəhərimizin ən məşhur abidə və heykəllərinin yaranma tarixinə nəzər salacağıq.

“Daşlaşmış tarix”ə “Azad qadın” heykəli ilə start veririk.

1960-cı ildə “Nizami” metrostansiyasının yaxınlığında ucaldılan “Azad qadın” heykəlinin müəllifi Fuad Əbdürrəhmanov, memarı Mikayıl Hüseynovdur.

Qısa arayış: Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Nuxada anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub. 1942–1948-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib. Nizaminin Gəncə və Bakıdakı abidələri, Bakıda Səməd Vurğunun abidəsi Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı “Çoban”, “Azərbaycanlı qadın”, ”Azadlıq”, “Azad qadın” və digər əsərlərində milli xüsusiyyətlər zəngindir. Buxarada İbn Sina, Düşənbədə Rüdakinin abidələri də ona şöhrət qazandırıb. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini yaradıb. Ancaq abidə ölümündən iki il sonra, 1973-cü ildə ucaldılıb. Moskva Dövlət Universitetində Nizaminin büstü də heykəltəraşın ölümündən sonra qoyulub. Fuad Əbdürrəhmanov 1971-ci il iyunun 15-də Bakıda 56 yaşında vəfat edib.

Azərbaycanda qadın obrazını əks etdirən ikinci abidə

Fuad Əbdürrəhmanov ilk dəfə 1951-ci ildə gipsdən “Azərbaycan qadını” heykəlini hazırlayır. Sonralar əsər üzərində dönə-dönə işləyərək, onu daha da təkmilləşdirir. Abidə 1957-ci ilədək olan müddətdə tuncdan tökülmək üçün yenidən hazırlanıb özünə ikinci həyat qazanır. “Azadlıq” adlanan bu kompozisiya özündən əvvəlki “Azərbaycan qadını” ilə birlikdə İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. Sərgiyə gələn mütəxəssislər həmin heykəlin formasını, yaranma məzmununu bəyənirlər. Və belə bir mülahizə irəli sürülür ki, sovet hökumətinin 40 illiyi ilə əlaqədar bu heykəl şəhərin mərkəzi hissələrinin birində ucaldılsın.

Bundan sonra Fuad Əbdürrəhmanov abidənin Azərbaycanda inqilab və qadın azadlığı mövzusunun parlaq rəmzi kimi ucaldılması üçün onun iri həcmli forması üzərində çalışmağa başlayır. Monument 1959-cu ildə Leninqradda tuncdan tökülüb, Bakıya gətirilir. Abidənin qoyulacağı məkan da seçilir – “Nizami” metro stansiyasının yanındakı kiçik bağ. Məkan seçiləndən sonra memar Mikayıl Hüseynov tərəfindən həmin ərazinin memarlıq xüsusiyyətləri öyrənilir. Ərazinin təbii quruluşu nəzərə alınır. Buradan şəhərin dağüstü hissəsi başlanır. Çadrasını atan azərbaycanlı qadınının ifadəli, gözəl və dəqiq silueti müxtəlif nöqtələrdən aydın görünür... Beləliklə, “Azad qadın” heykəli 1960-cı ildə - Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 40 illiyinin geniş qeyd olunduğu bir vaxtda Bakının mərkəzi küçələrində, üç tərəfdən gur gediş-gəlişli bir yerdə ucaldılır.

O zamankı, elə indiki Bakı üçün də möhtəşəm bir abidə idi “Azad qadın” heykəli. Hətta Fuad Əbdürrəhmanov bu heykəli yaratmazdan öncə bir çox Şərq ölkələrindəki eyni mövzulu heykəltəraşlıq abidələrilə yaxından tanış olub. Onun bu işi İraq heykəltəraşı X-el Rahalın “İraq qadını” abidəsi (1960-1961) ilə müqayisə olunur. İraq heykəltəraşının yaratdığı obrazda böyük ictimai əhəmiyyət daşıyan ideyanın ifadəsi tam uyğunluğunu tapır və müəyyən dərəcədə özünün ideya-obraz məzmununa görə azərbaycanlı həmkarının yaratdığı obrazla səsləşir. Sfinkslə qarşı durub çadradan azad olan qadının obrazını yaradan Misir heykəltəraşı Mahmud Muxtar da özünün “Oyanma” abidəsində xalqın oyanma ideyasını, müstəmləkəçilikdən azad olunmasını özünəməxsus tərzdə həll edir. Onu da deyək ki, bu, dövrünə görə qadın obrazını əks etdirən ikinci abidə sayılırdı. Ondan öncə 1940-cı ildə Treplyovski tərəfindən indiki Ədəbiyyat Muzeyinin qarşısında Natəvanın ayaq üstə heykəli qoyulub. “Azad qadın” heykəlindən 5 ay sonra isə Natəvanın indiki – “Azərbaycan” kinoteatrının qarşısındakı heykəli Ömər Eldarovun müəllifliyi ilə ucaldılıb.

“Abidədə işıqla kölgə arasındakı sintez əlaqəsi itib”

“Azad qadın” heykəli üçün memar Mikayıl Hüseynovun layihəsi əsasında hazırlanmış kürsülüyün forma və üslubunu əvvəlki heç bir abidənin kürsülük xüsusiyyətləri ilə müqayisə etmək olmazdı. Burada mavi rəngli uzun, dördkünc qranit, abidəni yüksəklərə qaldırıb daha baxımlı edir, sanki özü nəzərə çarpmadan bütün diqqətin yuxarıdakı obraza cəlb olunmasına xidmət edirdi. Əslində, memar da, heykəltəraş da istədiyinə nail olmuşdu. Həmin əraziyə daxil olan kimi abidə uzaqdan diqqəti cəlb edirdi və dərhal nəzərə çarpırdı. Amma indi...

Rəssamlıq Akademiyasının baş laborantı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Samir Sadıqov heykəlin tarixi barədə danışarkən bildirir ki, o vaxt “Azad qadın” heykəlinin arxa fonunda iki mərtəbəli bina vardı. Bu bina heykəlin görünüşünə heç bir xələl yetirmirdi. Çünki abidə qoyulan zaman heykəlin orada yerləşən bütün binalardan yüksəkdə yerləşməsi əsas götürülmüşdü. Ancaq sonralar Bakıda hündür mərtəbəli binaların ucaldılması vəziyyəti dəyişdi. Tək bu heykəlin yox, digər abidələrin də görünüşünü korladı: “Sonradan o iki mərtəbəli bina söküldü, yerinə çoxmərtəbəli bina ucaldıldı. Bu da heykəlin görünüşünə mənfi təsir etdi. Ümumiyyətlə, təsviri sənətin bütün növlərində mütənasiblik anlayışı var. Amma “Azad qadın” heykəlində bu anlayış tam pozulub. Heykəllə onun arxasındakı fon arasında müəyyən tarazlıq olmalıdır. Dövrünə görə bu tarazlıq vardı. Amma indiki memarlıq nöqteyi-nəzərindən heykəlin yerləşdiyi məkanda uyğunsuzluq mövcuddur. Hər abidədə işıqla kölgə arasında sintez əlaqəsi var ki, bu da əsas məsələlərdən birini təşkil edir. Amma “Azad qadın” heykəlində artıq o sintez itib. Günəşli hava olanda binanın üzlüyünə düşən şüadan yaranan işıq effektlərinin əksi heykəli görünməz edir. Binanın üzlüyündəki şüşələr şüanı əks istiqamətə o qədər ötürür ki, orada hansı abidənin olduğunu görmək üçün gərək heykələ tam yaxınlaşasan. Bu, böyük bir nöqsandır. Belə laqeydlik etmək olmaz”.

Sənətşünas deyir ki, “Azad qadın” heykəli simvolik xarakter daşıyır, ümumilikdə qadın azadlığını, qadın hüquqlarını nümayiş etdirir. Belə bir simvolik abidə hazırlayarkən qarşısına nə kimi yaradıcılıq vəzifələri qoyduğunu Fuad Əbdürrəhmanov özü belə açıqlamışdı: “Azərbaycan qadınlarının əsarətdən xilas olması mövzusu məni çoxdan düşündürürdü. Bu təsadüfi deyildir: inqilabdan əvvəl Azərbaycan qadınları dilsiz-ağızsız, kəniz idilər. Onlar müti və zavallı bir məxluq kimi əvvəlcə atalarının, qardaşlarının, sonra isə həyat yoldaşlarının əmrinə müntəzir olub, acınacaqlı həyat sürürdülər. Ölkəmizin hər yerində, hər bir respublikadan, kolxozçulardan, fəhlələrdən, mühəndislərdən, alimlərdən, ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir qadınlar ordusunun yaşayıb yaratması məni dərindən düşündürür, qəlbimdə iftixar və sevinc duyğuları oyadır. Mən qadının əsarətdən qurtarmasını heykəldə əks etdirərək, Azərbaycan qadınının sadəcə çadranı atdığını göstərməklə kifayətlənmək fikrində deyildim, onun yeni simasının formalaşması kimi dərin bir psixoloji prosesə mürəkkəb, uzun, bəzən də əziyyətli prosesə müəyyən dərəcədə toxunmaq istərdim. Mən bunu “Azadlıq” fiqurunda da istifadə etməyə çalışmışam. Heykəl üzərində isə başlayarkən, nədənsə, tora düşüb çapalayan bir qartalı təsəvvür edirəm. Qartal toru dartıb, nəhayət xilas olur. Bir andan sonra o, sürətlə günəşli səmaya uçacaqdır...” Fuad Əbdürrəhmanovun özünün bu əsəri barədə bizim dövrə gəlib çatan fikirləri ancaq budur. Yəni, müəllif bu əsəri üzərində işləyərkən konkret olaraq kimin, hansı qadının obrazını yaratdığını qeyd etməyib. Amma bir çox mütəxəssislər tədqiqat aparıblar ki, Azərbaycan qadınının zülm və əsarətdən xilas olub birdəfəlik azadlıq yoluna çıxması kimi mühüm bir ideyanı qarşısına məqsəd qoyan müəllif istədiyinə nail olmaq üçün Cəfər Cabbarlının “Sevil” pyesində Sevilin çox keşməkeşlərdən sonra çadrasını atıb işıqlı gələcəyə doğru üz tutması səhnəsindən istifadə edib, bunu obrazın açılması üçün əsas götürüb. Heykəltəraş bu anı “Sevil”dən alsa da, əlbəttə, bu, hadisəyə yalnız ümumiləşmə xarakteri aşılaya bilib. Bəs görəsən bu obraz konkret olaraq hansı qadına məxsus olub? Bunu hələ heç bir sənətşünas üzə çıxara bilməyib. (Fuad Əbdürrəhmanov cəmi 56 il yaşayıb. Bir az artıq ömür sürsəydi, bəlkə də sənətşünaslar öyrənə bilərdilər) Ona görə də konkret deyə bilmərik, müəllif bu əsərini yaradarkən Sevil obrazının xüsusiyyətlərini əsas götürüb, yoxsa öz həyat yoldaşlarından hansısa birinin...

Fuad Əbdürrəhmanov dörd dəfə ailə həyatı qurub. Dörd izdivacdan iki qızı dünyaya gəlib. Həyat yoldaşlarından biri fəlsəfə elmləri namizədi Şükufə Mirzəyeva olub. Digəri isə xalq rəssamı Maral Rəhmanzadənin bacısı. Deyilənə görə, Fuad əslində Maralı sevirmiş və onunla ailə qurmaq niyyətində imiş. Ancaq hər şey birdən-birə dəyişir. Maral Rəhmanzadə Qubaya Xınalıq etüdlərini çəkməyə gedir. Qayıdıb gələndən sonra sevgilisi bacısı ilə evlənmişdi artıq...

Heykəltəraş dörd dəfə evlənsə də, nədənsə xoşbəxt ola bilməyib. Yazılarında da ailə, qadın sarıdan bəxti gətirmədiyini etiraf edib, əsərlərini öz ailəsi hesab edib. Və kim bilir, bəlkə elə Fuad Əbdürrəhmanov “Azad qadın” heykəli ilə arzuladığı, heç vaxt qovuşa bilmədiyi xəyalındakı qadının obrazını yaradıb?!

Xəyalə MURADLI
# 3466

Oxşar yazılar