Qənirə Paşayeva: - “Oğlanı döyüb, saldım şkafa, ağzını da bağladım...” – MÜSAHİBƏ
01 avqust 2011 12:20 (UTC +04:00)

Qənirə Paşayeva: - “Oğlanı döyüb, saldım şkafa, ağzını da bağladım...” – MÜSAHİBƏ

Layihəmizdə gender bərabərliyi həqiqətən pozulmuşdu. 4 aydan bəri uşaqlığından bəhs etdiklərimizin hamısı kişilər idi. Elə buna görə də, növbəti qonağın qadın olmasına və zərif cinsin nümayəndələrinə qarşı yol verdiyimiz ədalətsizliyi bərpa etməyə çalışdıq.

“Uşaqlığın son gecəsi” rubrikasının növbəti – ilk qadın qonağı millət vəkili, keçmiş həmkar Qənirə Paşayevadır. “Yadına gəlməz” deyə, düşünmüşdüm, ancaq xatırladı. Qənirə xanım bir neçə il öncə ilk müəllimlik təcrübəsi zamanı mənə jurnalistika dərsi keçmişdi. Sevmədiyi 3 tələbədən biri olduğuma əminəm. Amma sonda da ən yüksən bal verdiyi 3 tələbədən biri olmuşdum: “Tanıdım səni, sənə dərs demişəm mən. Yazılarını izləyirəm, Allahın bəlasısan”, dedi və tələbələrinin uğur qazanmasına sevindiyini bildirdi. Daha sonra keçmiş tələbələrindən soraq aldı və başladı danışmağa.

... Allaha çox şükür eləyirəm ki, başqa mühitdə deyil, doğulduğum, böyüdüyüm ziyalı mühitində yaşamışam. Uşaqlıqdan ətrafımda ancaq tanınmış ziyalılar olub. Atam, anam hər ikisi müəllim olmaqla yanaşı, rayonumuzun tanınmış ziyalılarından olub. Atam, əmim Qəzənfər Paşayev həmişə yaxşı ziyalıların ətrafında, onlar da bizim ailənin ətrafında olardı. Çox yaxşı valideynlərə sahib olmuşam. Valideyn təkcə uşağı yedirdib-içirtmək, geyindirib-keçindirmək üçün deyil. Valideyn həm də uşağın mənəvi tərəfləri ilə - təhsili, tərbiyəsi və s. ilə maraqlanmalıdır. Bizim valideynlərimiz bu cəhətdən üstümüzdə həssas olublar. Atamın bizə ayırmağa o qədər də çox vaxtı olmasa da – tezdən gedib, axşam gec saatlarda evə qayıdardı – bizimlə hər zaman maraqlanar, bizə böyük insan kimi yanaşardı. Oxuduğumuz kitabları bizimlə müzakirə edər, çox ciddi şəkildə dinləyərdi.

...İndi necədisə, uşaqlıqda da elə olub. Bir əldə bir neçə qarpız tutmağı həmişə bacarıb. Elə yəqin ki, indiki halı da uşaqlıdan gələn vərdişdir. Dram dərnəyi, xor, musiqi məktəbi, şahmat yarışları, məktəb, məktəbdən kənar mütaliə... Hamısı da bir arada. Deyir, valideynləri onu bütün sahələrə yönləndirib, buna pul ayırıb, o da bütün bu işlərin hamısını görməyə və valideynlərini sevindirməyə çalışıb. Atası bunlar üçün ona nəinki şərait yaradır, hətta birbaşa özü nəzarət edirmiş. Uşaqlıqdan “kitab qurdu” olub. Deyir, kitab oxumaq vərdişdir, bir insan uşaqlıqda bu vərdişə yiyələnmirsə, sonradan gec olur. “Elə bir gün yoxdu ki, mən nəsə oxumayım”, deyir.
Ailədə 4 uşaq olublar. İki bacı, iki qardaş. Bir oğlan, bir qız ardıcıllığı ilə. Ailəsinin zəngin ailə olmadığını bildirir. Deyir, atası öz əmək haqqının böyük hissəsini rayondakı köməksiz adamlara, yardıma ehtiyacı olanlara ayırarmış. Ailədə heç nəyi tələb etməyiblər. Elə bir tərbiyə vermişdilər ki, deyir, ailənin nəyə imkanı çatardısa, onunla da qane olardıq. Sadə, rahat həyat yaşayıb.

...Amma atam bizim inkişafımız üçün hər cür şərait yaradardı. Mən indi eşidəndə ki, uşaqlar filan sinfi bitirib, restoranda tədbir keçirirlər, təəccüblənirəm. Bizim vaxtımızda uşaq nə idi, belə böyük əyləncələr nə idi?! Ümumiyyətlə, mən belə şeyləri qəbul etməmişəm. Şagird yaşının şagird əyləncələri olar.

...Məktəbə cəmi 4 yaşında – 5 yaşı tamam olmamış getməyə başlayıb. 4 yaşında icazə verməsələr də, 5 yaşında birinci sinfə getməyə icazə ala biliblər. Deyir, artıq 4 yaşından kitab oxumağa başlayıb, bütün əyləncəsi də elə, kitab oxumaq olub. Məktəbə gedəndən sonra da bu, dəyişməyib. Leninin “oxumaq, oxumaq, yenə də oxumaq” fəlsəfəsinə tam ciddi riayət edib. Kitab oxumaqla yanaşı musiqi ilə də məşğul olub. Düz 7 il musiqi təhsili alıb. Bu da azmış kimi, musiqidən kənarda da şahmat dərsləri ilə məşğul olur, uşaqlıqdan yarışlara gedirmiş. Hələ mən, xor və dram dərnəklərini demirəm. Məktəbli Qənirə səhər evdən çıxar, axşam qayıdarmış. Deyir, atasının çox böyük kitabxanası var imiş.

...Uşaq əyləncələrinə vaxt sərf elədiyim çox az olub. Balaca qız uşaqları kimi kukla ilə-filan oynadığım yadıma gəlmir. Xatırladığım telefonçu qız olmağımdı. O zaman “Telefonçu qız” məşhur idi. Mən də özümə balaca bir aparat düzəltmişdim. Özüm üçün telefonçu qız olmuşdum. “5-ci cavab ver... 6-cı, bağladım...” “Zəng edənlər”i yönləndirirdim. Xüsusi oyuncaqlarla oynayan Qənirə olmayıb. Buna heç vaxt da olmurdu. Bayaqdan dediyim məşğuliyyətlərdən imkan tapmırdım.

...Deyir, bəzən düşünür ki, uşaqlığını ənənəvi uşaqlar kimi keçirsəymiş, bəlkə yaxşı olarmış?! Sonra da əlavə edir ki, insana elə uşaqlıqdan məsuliyyət yükləyəndə, o böyüyündə də məsuliyyət daşımağı bacarır. “Öz uşaqlarına da özünün keçirdiyi kimi uşaqlıq yaşadarmı” sualına “yəqin ki, valideynlərimdən aldığım ənənəni davam etdirərəm” cavabını verir. Məktəb vaxtı üzüm yığmağa gedərmişlər, deyir, həmişə fəhlələrdən çox üzüm yığarmışlar. Gündə 130-140 vedrə üzüm yığarmış. O vaxtın deyimi ilə qabaqcıl üzümçülərdən imiş.

...Mən, açıq deyim ki, ənənəvi sakit qız uşağı olmamışam. Uşaqlıqda oxumaqla bərabər, çox dəcəl olmuşam. Uşaq vaxtı həmişə məktəbdə qızların müdafiəçisi rolunda oynamışam. Qızları kim incitsə, onlara artıq bir söz desə, qarşısında həmişə məni görüb. Oğlanları döymüşəm də. Bunu məktəbimizdə hamı bilir. Biz məktəbi bitirəndən sonra da bunu aramızda zarafatla danışırdıq. Qorxmaz uşaq olduğumu deyə bilərəm. Tanıdım-tanımadım, kiminsə bir qızı incitdiyini biləndə, dərhal onu müdafiə edər, həmin adamla dalaşardım. Mənim özümü incitməyə isə heç kimin cürəti çatmazdı. Buna ürək edəcək oğlan yox idi məktəbimizdə. Bir dəfə isə 1-ci ya ikinci sinifdə oxuyan zaman məktəbdə xoşagəlməz bir hadisə olmuşdu.

...Deyir, sinif müəllimi həmişə onu nəzarətçi qoyar, sinfi ona tapşırıb kənara çıxarmış. Bir oğlan var imiş, özünü çox dəcəl aparırmış. Deyir, sinifdə müəllim stolunun yanında çox da böyük olmayan bir şkaf var imiş. Məktəbli Qənirə bu dəcəl oğlanı tutub, bir az da döyüb, salıb həmin şkafın içinə. Şkafın da qapısını bağlayıb.

...Tənəffüs qurtardı, müəllim gəldi oturdu yerinə. İndi şkafdan səs gəlir, oraya salıb ağzını bağladığım oğlan şkafı döyəcləyir. Müəllimin də ağlına gəlmir ki, şkafın içində uşaq olar. Mən də unutmuşam, uşaq qalıb orda. Birdən ağlıma gəldi ki, oğlan hələ ordadı. Müəllimə dedim ki, bəs belə-belə. Müəllim bunu eşidəndə rəngi ağappaq oldu. Fikirləşdi ki, uşağa bir şey olar. Həmin hadisədən sonra bir də sinfin açarını mənə vermədi. Özünü pis aparan uşaqları – xüsusən də oğlanları həmişə cəzalandırardım. Ancaq həmişə ədalətli olardım. Ədalətsiz heç nə eləməzdim.

...“Həyatımın ən gözəl anları elə məktəb anları olub, yəqin” deyir və əlavə edir ki, sinif yoldaşlarının çoxusu bu gün həyatda özünə yer tutub. Deyir, bir dəfə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini səhnələşdirirmişlər. Qənirə dirəşib ki, Kefli İsgəndəri mən oynamalıyam. Oğlanlar deyib, bu, kişidi, mütləq oğlan oynamalıdır, Qənirə inadından əl çəkməyib. Deyir, Kefli İsgəndər ən çox sevdiyi qəhrəmanlardan olduğu üçün onu özü oynamaq istəyirmiş.

...Bizim sinifdə qız-oğlan münasibəti yox idi, demək olar. Hamımız yoldaş idik, bu gün də oğlanların çox ilə əlaqə saxlayırıq. Sinif yoldaşlarımızın arasında çox güclü bir həmrəylik var idi. Sinif uşaqlarımızdan kiməsə yuxarı siniflərdən söz atan olsa idi, yığışıb oğlanlı-qızlı hamımız gedərdik onun üstünə.

...Jurnalistikaya elə məktəb vaxtından başlayıb. Məktəbdə oxuyanda divar qəzeti buraxırmışlar. Bir neçə il qəzetin baş redaktoru özü olub. Hər şeydən yazarmışlar. Deyir, məktəbli qəzeti olsa da, çox ciddi mövzulardan yazırmışlar.

...Atamın mənim ədəbiyyata, humanitar sahəyə yönəlməyimdə çox böyük rolu olub. Uşaq vaxtından yazmağa olan həvəsim də yəqin ki, bununla əlaqəlidir. Məktəbdə buraxdığımız divar qəzeti bizim məktəbin tarixində ən yaxşısı olub. Biz məktəbi bitirəndən sonra da bizim buraxdığımız divar qəzetinin son sayları bir neçə il qaldı məktəbin divarlarında.

...Oxuduğu kitablarda daha çox partizanlara bənzəmək, onlar kimi olmaq istəyərmiş. Adını sevməzmiş uşaq vaxtı. Deyir, adına heç harda, heç bir kitabda rastlaşmazmış deyə, sevməzmiş. “Bu nə addı e, qoymusunuz mənə? Bir dənə kitabda yoxdu” deyə üsyan da edərmiş...
Soruşuram ki, oğlan döyən Qənirə oğlanlar tərəfindən xüsusi münasibət görmək baxımından necə olub bəs? Sevgi etirafları, məktublar-filan almırdı oğlanlardan? Deyir, buna heç kim cəsarət eləməzdi. Deyir və “bu mövzulara girməyək, bitirdik bu mövzunu” deyə yekun nöqtə qoyur. Sözünün qabağına söz deyə bilmirəm – elə universitetdə də qorxudan heç kim deyə bilmirdi – və mövzunu istəmədən də olsa, bitirirəm.
Uşaqlıqda humanitar sahəni sevən Qənirə Paşayeva məktəbi bitirəndə nədənsə, Tibb sahəsinə üz tutur. Səbəbini özü açıqlasın.

...Mənim gələcəyimi həmişə ədəbiyyata bağlayacağımı düşünürdülər. Yadımdadı, atamla rayondan Bakıya gedib gələndə, 400 kilometr o yana, 400 də bu yana – bütün yol boyu şeir deməliydim. Özü də bir şeiri ikinci dəfə deyə bilməzdim. Hamı mənim ədəbiyyata olan hədsiz marağımı bilirdi. Müəllimlərim də mənim ən azı humanitar sahəyə gedəcəyimi düşünürdülər. Amma anamın bir istəyi var idi. Anam kimyaçı idi. Nənəm onun həkim olmağını istəmişdi, amma anam qorxmuşdu həkim olmağa. Ona görə də istəyirdi ki, mən həkim olum. Anama həddən artıq bağlılığım məni tibb sahəsinə yönəltdi. 9-cu sinfə çatanda qəti fikrə gəldim ki, bu sahəyə gedəcəm. O vaxtı birinci ildən Tibb Universitetinə qəbul olmaq çox çətin idi. Atam fikirləşirdi ki, məktəbdə ən yaxşı oxuyan müəllim övladı olmalıdı. Mənə dedi ki, birinci il Tibb Universitetinə qəbul olmaq çətindi, bəlkə başqa sahəyə gedəsən?! Atama dedim ki, sənə söz verirəm, Tibb Universitetinə birinci il daxil olacam, sən də deyəcəksən, mənim qızım bu kənddə ilk belə uğura imza atdı. Beləcə, bu universitetə sənəd verdim və birinci ildən qəbul oldum.

...Tələbəlik illərinin çətinliklər içərisində keçdiyini deyir. Qardaşı ilə bir oxuyar, bir evdə qalarmışlar. Deyir, tibb sahəsinin ardınca getsəymiş, bu qədər uğurlu olmazmış. “Mən jurnalistikanı sevdiyim qədər, tibbi sevmirdim”, deyir. Elə birinci kursda oxuyanda o vaxtı daha tam formalaşmayan ANS kanalına müraciət edib, yarım gün işləmək istədiyini bildirib. Razılaşmayıblar. Üçüncü kursa – dərs yükünün müəyyən qədər azalmasına qədər gözləyib və yenə bu dəfə artıq televiziya kanalı olan ANS-ə müraciət edib. Müxbir kimi işə qəbul olub. Sonra isə...

Sonrasını yəqin ki, hamı bilir...

Anar GƏRAYLI
# 3414

Oxşar yazılar