Nahid Emiloğlu: “Madonnanı Azərbaycana gətirmək niyyətindəyik” - MÜSAHİBƏ
15 iyul 2011 17:30 (UTC +04:00)

Nahid Emiloğlu: “Madonnanı Azərbaycana gətirmək niyyətindəyik” - MÜSAHİBƏ

Azərbaycanda bir çox yaddaqalan konsertlərin təşkilatçısı, hazırda Türkiyədə fəaliyyət göstərən Nahid Emiloğlunun APA-ya müsahibəsi

- Artıq 9 aydır, Türkiyədə fəaliyyət göstərirsiniz. Türkiyədəki fəaliyyətiniz nədən ibarətdir və niyə Azərbaycandan getmək qərarı verdiniz?

- Burada olduğum müddət ərzində bir çox yeni layihələr həyata keçirmişəm. Türkiyənin müxtəlif bölgələrində konsertlər təşkil edirəm. Şükür Allaha işlərim kifayət qədər uğurlu alınır. Gələcək üçün daha möhtəşəm proyektlər nəzərdə tuturuq. Beş-altı il əvvəl Tarkanın komandası tərəfindən dəvət olunmuşdum, ancaq getməmişdim. Bu dəfə qəti qərar verdim...

- Belə demək mümkündürmü ki, Azərbaycanın ən yaxşı konsert təşkilatçılarından birini Türkiyə bizim əlimizdən aldı? Niyə seçiminiz məhz Türkiyə oldu?

- Əlbəttə, demək olar. Etiraf edim ki, burada işləmək daha rahatdır. Əhalinin sayı, eyni zamanda sənətçilərin peşəkarlıq səviyyəsi və təşkilatçılarla əməkdaşlıqları başqa səviyyədədir. Burada iş görmək çox asandır, sözsüz ki, peşəkarlar üçün... Xaricdən gələn müğənnilərə burada daha çox ehtiyac var.

- Sənət aləmində Azərbaycan və Türkiyə arasındakı fərqliliklərə azdan-çoxdan bələdik. Bəs, təşkilatçılıq sahəsində vəziyyət necədir?

- Konkret təşkilatçılıq sahəsində Türkiyədə peşəkarlıq çoxdur. Adicə mühafizəçisindən tutmuş, sürücüsünə qədər hamısı peşəkardır. Həm texniki avadanlıq, aparatura baxımından heç bir problem yaşanmır. Bu iş burada daha tam və peşəkar həyata keçirilir, nəinki bizdə. Azərbaycanda yalnız Heydər Əliyev Sarayının adını çəkmək olar ki, artıq lazımi, hər cür texniki avadanlıqla təchiz edilib.

- Hazırda Tarkanla birgə çalışırsınız?

- Məni Türkiyəyə Tarkan dəvət edib, hazırda onunla çalışıram. Lakin mən onun şirkətində işçi kimi çalışmıram. Bizim ayrı şirkətimiz var və Tarkanın bütün işləri bizim şirkətə həvalə olunub. Tarkanın bütün konsert və digər layihələrini məhz bizim şirkət həyata keçirir. Tarkanın bütün piar kompaniyası da birbaşa bizə bağlıdır.

- Sadaladıqlarınız Azərbaycanda təşkilatçılıq sahəsində yenidir. Bəs niyə bunları Azərbaycanda etmədiniz?

- Bu işlərin ən yaxşısını mən Azərbaycanda gördüm. Ancaq bəzən elə şeylər və vəziyyət olur ki, insan qırılır... Edirdim, nəticədə “konsert idi də...” kimi fikirləri artıq qəbul edə bilmədim. Mən gətirdiyim və konsertlərini elədiyim müğənniləri niyə indi heç kim gətirmir? Təşkil eləsinlər də... Meydanı boş buraxıb, onlara vermişəm. Niyə heç kim eləmir? Ümumiyyətlə, bu gün təşkilatçılar Azərbaycanda nə konsert edirlər ki?! Mən kiçik ölçülü məkanlardakı konsertlərdən danışmıram. Stadionda, böyük kütlə üçün möhtəşəm konsertləri deyirəm. Hanı Tarkanın Respublika stadiondakı konsertləri? Niyə yoxdur? Meydan bom-boşdur, ayılsalar yaxşıdır.

- Demək istəyirsiniz ki, Azərbaycanda konsert təşkilatçılığı sahəsi Sizin adınızla bağlıdır?

- Şəxsən mən artıq belə düşünürəm. Çünki reallıq belədir. Nə yalan deyim, artıq “təkcə mən varıymışam” qənaətinə gəlmişəm. 9 aydır, yoxam, getsinlər heç olmasa bir iş görsünlər, heç olmasa, kiçik də olsa, bir konsert təşkil eləsinlər, boş dayanmasınlar... Qayıdacağam və bunu elan edirəm. Hələ ki, boşluqdan istifadə etsinlər!

- Belə çıxır ki, Azərbaycanda Sizi həm incidiblər, həm də hansısa səbəblərdən bezib getmisiniz...

- Bəli, vəziyyət elə dediyiniz kimidir. Əslində, o qədər səbəb var ki, ancaq açıqlamasam yaxşıdır. İlk dəfə olaraq bir faktı açıqlamaq istəyirəm. Türkiyəyə gəlməmişdən əvvəl “Sən bir nəğməsən” layihəsini həyata keçirdim. Bunu heç bir təşkilatçı etməzdi. Bu layihə ətrafında min şayiə yaydılar: “pulu yedilər”, “pulu götürüb qaçdılar” və daha nələr... Halbuki məhz maddi problemdən dolayı bu layihənin finalı keçirilmədi. Bu yaxınlarda layihənin final mərhələsi keçiriləcək və televiziya kanalında da yayımlanacaq. Final gecəsində hər şey şəffaf olacaq. Bu layihəyə görə ümumilikdə bizə 19 min manat ödənilib. Layihəyə xərclənən pulun miqdarı isə 220 min manat olub. Qalan pulu mən ödəmişəm. İndi bilmədiyini danışmaq dəb halını alıb. Fakt budur və istənilən idarə, təşkilat, qurum bunu yoxlaya bilər. Bu layihə ilə bağlı hər şey nöqtəsinə kimi sənədləşdirilib. Mən bunu həm paxıllıq, həm də arxadan vurulan zərbə kimi qiymətləndirirəm. Ancaq mən çox güclü insanam və məni vurmaq mümkün deyil. Mən Türkiyəyə gələndən sonra da əl çəkmirlər. Budur mənə təsir edən və incidən. Sözsüz ki, bir insan haqqında hamı müsbət fikirdə ola bilməz, ancaq bu cür eləmək olmaz. Mənim heç kiminlə düşmənçiliyim yoxdur, sadəcə onlar rahat dayana bilmirlər, ancaq onu düşünürlər “Nahidin işinə necə mane olaq?” Budur onları düşündürən yeganə məsələ.

- Azərbaycana qayıtmaq niyyətiniz varmı? Bakıda Tarkanın konsertini təşkil etməyi düşünürsünüzmü?

- Planda Tarkanın və digər sənətçilərin konsertlərinin təşkili var. Azərbaycan mənim Vətənimdir və heç bir yer oranı əvəz edə bilməz. İnşallah planlaşdırırıq ki, ilin sonuna kimi 4-5 konsert təşkil edək. Layihələr arasında Tarkanın konserti də var. Onun möhtəşəm konsertini təşkil etmək niyyətindəyik.

- Başqa hansı planlarınız var?

- Gənc müğənnilərimizi burada tanıtdırmaq istəyirəm. Bizim gənc müğənnilərimizin albomlarının çıxması, kliplərinin Türkiyə telekanallarda nümayiş olunması yönündə danışıqlar aparıram. Artıq bütün dünya türk kanallarına baxır və bu Azərbaycan müğənniləri üçün böyük piar ola bilər. Kliplərini təqdim etsinlər, yayımlanması ilə məşğul olaq. Artıq buna çox böyük ehtiyac var, gecikmək olmaz. Azərbaycan dilində oxunan mahnıların da yayımlanmasında problem yoxdur. Bilirsiniz ki, Türkiyə kanallarında Azərbaycan dilində oxunan mahnıların kliplərinin yayımlanması bir növ qadağadadır, ancaq mən bunu edəcəyəm. Türkiyə kanalları ilə artıq danışıqlarımız olub və razılıq əldə edilib. Sözsüz ki, davam etdiriləcək. Bundan başqa, hazırda Tarkanın yeni albomu hazırlıq mərhələsindədir və bəstəkar Kamalın mahnısı Tarkanın albomunda birincidir. İlin sonuna kimi bu mahnıya klip çəkiləcək və bütün kanallarda yayımı təşkil olunacaq. Klipin Azərbaycanda çəkilməsi ideyası da var. Burcu Günəş Elnurun ifasında səslənən “Gəlsən də, gəlməsən də” mahnısını oxuyacaq. Bu mahnını ilk əvvəl Sərdar Ortac oxumalıydı, sonra Burcunun səsinə daha uyğun gəldi. Müəlliflərlə danışdım, müsbət cavab verildi. Burcu Günəş bu mahnını olduğu kimi Azərbaycan dilində ifa edəcək. Bu mahnıya görə sinql belə çıxaracaq. Sərdar Ortaca isə başqa bir mahnı verdik. Rafet El Romanın da repertuarında da bir Azərbaycan mahnısı olacaq. Sibel Cana, Ebru Gündəşə də mahnılar verilib, bu yaxınlarda hamısını eşidəcəksiniz.

- Türkiyə qardaş ölkə olsa da, hər halda maraqlıdır, fəaliyyətinizə hər hansı maneələr yaradılmır ki?

- Qəti şəkildə maneə yaradılmır. Hətta deyərdim bir çox məsələlərdə professional kimi mənimlə məsləhətləşirlər. Mənə aid olmayan, tamamilə başqa şirkət konsertlə bağlı öz toplantılarına dəvət etdilər ki, fikrimi bildirim. Heç kim bir-birinə maneə yaratmır. Əskinə bilənlə məsləhətləşirlər ki, işləri daha mükəmməl alınsın. Həm iş, həm də yaşayış baxımdan Türkiyə məni tamamilə qane edir.

- Bir neçə il əvvəl APA-ya müsahibənizdə “Ən böyük arzum Maykl Ceksonun Azərbaycanda konsertini təşkil etməkdir” demişdiniz. Maykl Cekson vəfat etdikdən sonra, kimi Azərbaycana gətirmək fikriniz var?

- Madonnanı... Ancaq bu dəfə real olacaq. Gələn həftə Tarkanın meneceri Uyqar Ataşla birgə Amerikaya gedirik. Orada müxtəlif layihələrlə bağlı görüşlərimiz və razılaşmalar olacaq. Planımızda var ki, Madonnanın Türkiyədə konsertini keçirəcək. Eyni zamanda bu konsertin Azərbaycanda keçirilməsi ilə bağlı lazımi danışıqlar aparılır. Fikrimizdə var ki, Madonnanı Türkiyədən Bakıya gətirək. İnşallah müsbət cavab alsaq, Azərbaycanda ilin sonu üçün Madonnanın konsertini keçirmək fikrindəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390

Oxşar yazılar