“Qorxma, mən səninləyəm” 30 ildən sonra
20 iyun 2011 12:43 (UTC +04:00)

“Qorxma, mən səninləyəm” 30 ildən sonra

1981-ci ildə Yuli Qusmanın quruluş verdiyi “Qorxma, mən səninləyəm” filminin davamı çəkiləcək. Çəkilişlər bu ilin avqustunda Azərbaycanda aparılacaq. Filmdə Polad Bülbüloğlu, Muxtarbəy Kantemirov və Lev Durov illər sonra yenidən bir araya gələcək.

Lent.az-ın məlumatına görə, bunu “RİA Novosti” agentliyinə Yuli Qusman özü bildirib. Onun sözlərinə görə, bu filmin davamını çəkmək ideyası “Qorxma, mən səninləyəm” ekranlara çıxandan sonra yaranıb: “Lev Durov, Muxtarbəy Kantemirov və Polad Bülbüloğlu çoxdandır ki, yenidən belə bir romantik şəraitdə görüşmək istəyirdilər. Buna baxmayaraq, yeni süjet tapmaq, Azərbaycan və Rusiya tərəfləri arasında razılıq əldə etmək üçün 30 il vaxt lazım oldu. Avqustun sonlarında filmin çəkilişləri başlayacaq”.

Yuli Qusman deyib ki, film “Qorxma, mən səninləyəm - 1919” adlanacaq. Hazırda filmin dekorasiyaları, lazımi soyuq silahları hazırlanır, kostyumları tikilir.

Çəkiliş komandasının hesabına görə, filmin tam büdcəsi 12 milyon dollar təşkil etməlidir. Ancaq rejissor qeyd edib ki, bu vəsaitin hələ üçdə biri də yoxdur. “Hesab edirdik ki, bu, Azərbaycan-Rusiya layihəsi olacaq. Ancaq Rusiya kinosunun bugünkü durumu ilə əlaqədar olaraq qərar hələ tam verilməyib. Azərbaycan isə bu layihəyə öz ölkəsinin kinematoqrafiyası üçün yüksək sayıla biləcək vəsait ayırıb. Lakin bu da lazımi vəsaitdən 4 dəfə azdır. Film adi deyil - əsrin əvvəli, tarixi geyimlər, ingilis ordusu, atlar, pələnglər, fillər, sirk və s.” - deyə, Qusman vurğulayıb.

Rejissor süjet xəttini tam açmasa da, qısaca bildirib ki, hadisələr 1919-cu ildə ilk Demokratik Respublika qurulandan bir az sonra Azərbaycanda cərəyan edir: “Filmdə təhlükəli sərgüzəştlər də olacaq, iki gənc qəhrəmanın - Şərqin Romeo və Cülyettasının məhəbbəti də. Qızın atası həm deputatdı, həm də bəstəkar. Oğlanın atası isə deputat və quldurdur”.

“Qorxma, mən səninləyəm - 1919”da Polad Bülbüloğlu, Muxtarbəy Kantemirov və Lev Durovla yanaşı yeni və gənc aktyorlar da iştirak edəcək.

Qeyd edək ki, “Qorxma, mən səninləyəm”in 30 il əvvəlki versiyasında baş rollardan birinin ifaçısı olan Azərbaycanın xalq artisti Həmidə Ömərova Lent.az-a açıqlamasında yeni versiyaya dəvət olunmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635

Oxşar yazılar