Sevda Məmmədəliyeva GUİMET muzeyinin direktorunu qəbul edib
03 iyun 2011 19:28 (UTC +04:00)

Sevda Məmmədəliyeva GUİMET muzeyinin direktorunu qəbul edib

Lent.az-ın məlumatına görə, görüşdə qonağı salamlayan nazir müavini Azərbaycan haqda ümumi məlumat verib və GUİMET muzeyi ilə Azərbaycan muzeyləri arasında ikitərəfli əməkdaşlığın, mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.


Qonaq Jak Jies də öz növbəsində Azərbaycana səfərindən məmnunluq duyduğunu və burada ilk dəfə olmasına baxmayaraq ölkəmizlə tanışlıqdan böyük zövq aldığını bildirib.

Sonra tərəflər mümkün qarşılıqlı əməkdaşlıq perspektivlərini, Azərbaycan sənət nümunələrinin GUİMET muzeyində və həmçinin, həmin muzeyin eksponatlarının Azərbaycan sərgilərində nümayiş etdirilməsinin mümkünlüyü və digər məsələləri müzakirə ediblər. Qonaq ikitərəfli əməkdaşlığın növbəti mərhələsi kimi əməkdaşlıq sazişi imzalanmasını və yüksək səviyyəli tədbirlərin təşkil olunması üçün müvafiq ideyaların və konsepsiyaların işlənib hazırlanması təklifini irəli sürüb.


Görüş zamanı nazir müavini S.Məmmədəliyeva bu ilin sonunda Azərbaycan Dövlət İncəsənət Muzeyində qədim Azərbaycan incəsənəti sərgisinin olacağını və artıq bu məqsədlə ekspertlərin bütün regionlara gedib lazımi materialları topladığını qonağın nəzərinə çatdırıb. Eyni zamanda, S.Məmmədəliyeva cənab J.Jiesi cari ilin sonunda təşkil olunacaq həmin sərgiyə və həmçinin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış mərasimində iştirak etməyə dəvət edib.


Qeyd edək ki, J.Jies iyunun 7-dək Bakıda səfərdə olacaq. Səfəri çərçivəsində qonaq Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olub və qoruğun direktoru Məlahət Fərəcova ilə görüşüb. Eləcə də Qız Qalası incəsənət qalereyası, İçərişəhər Dövlət Qoruğu, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, Art Gallery, Rüstəm Mustafayev adına İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyinə də baş çəkib. Səfərinin növbəti günlərində qonağın Müasir İncəsənət Muzeyini, Qala Arxeoloji-Etnoqrafik muzey kompleksini, Dövlət Musiqi Mədəniyyəti Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və yeni inşa olunan xalça muzeyi binasını ziyarət edəcəyi nəzərdə tutulub.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar