IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı konfransı Azərbaycanda keçiriləcək
02 iyun 2011 11:37 (UTC +04:00)

IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı konfransı Azərbaycanda keçiriləcək

Lent.az-ın məlumatına görə, konfrans mayın 30-da Səlcuq Universiteti Süleyman Dəmirəl Kültür Mərkəzində öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı sərgisi ilə tanış olublar. Sərgidə müxtəlif ölkələri təmsil edən 60-a yaxın əl işi nümayiş etdirilib.
Konfransa Türkiyə, Azərbaycan, İran və digər ölkələrdən etnoqraf, sənətşünas və arxeoloqlar qatılıb. Ölkəmizi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə geniş elmi heyət təmsil ediblər.
Konfransın təşkilat komitəsinə rəhbərlik edən tanınmış türk alimləri ilə yanaşı, akademik Nailə Vəlixanlı da söz alıb. Azərbaycan təmsilçilərindən epiqraf Həbibə Əliyevanın “Azərbaycan xalça və parçalarında xətt nümunələri”, etnoqraf Afət Rüstəmbəyovanın “AMEA Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasındakı qələmkar səhnələri”, Məhfuzə Zeynalovanın “AMEA Milli Azərbaycan Tarixi Muzeyindəki xalça və parçaların qorunması” mövzusunda məruzələri dinlənilib.
Professor Qafar Cəbiyev və MİRAS İctimai Birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlillinin “Orta əsr Ağsu şəhəri qazıntılarında tekstil və boyaq örnəkləri” barədə məruzələri konfrans iştirakçılarının xüsusi marağına səbəb olub. Ağsu tədqiqatlarında xarici ölkələrdən, o cümlədən Türkiyə, İtaliya və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə əldə olunmuş elmi nəticələr və bu nəticələri əks etdirən video görüntülər natiqlər tərəfindən konfrans iştirakçılarının nəzərinə çatdırılıb. Ağsu qazıntıları ilə bağlı nəşr olunmuş kitab və kataloqlar, habelə “Xocalı vaxtı” və “Tərəkəmə çərşənbəsi” filmlərindən ibarət diskləri konfrans iştirakçılarına və Səlcuq Araşdırmaları Mərkəzinə hədiyyə edilib. Tanınmış türk alimi professor Örcün Barışta Azərbaycan arxeoloqlarının tədqiqatlarının əhəmiyyətini yüksək qiymətləndirərək Türkiyənin ayrı-ayrı şəhərlərində, o cümlədən İstanbul, Amasiya, Manisa və Konyada Ağsu materiallarından ibarət sərgilərin təşkili məsələsini gündəmə gətirib.
Türk xalqlarının toxuculuq və ənənəvi sənətkarlıq nümunələrinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva Səlcuq Araşdırmaları Mərkəzinin xüsusi mükafatına layiq görülüb.
Akademik Nailə Vəlixanlı konfransın yekun iclasında çıxış edərək 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı konfransının Azərbaycanda keçirilməsini təklif edib. Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə bəyənilib. Beləliklə, 2013-cü ildə IV Beynəlxalq Türk Toxuculuq və Ənənəvi Sənətkarlığı Konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268

Oxşar yazılar