Fidan Hacıyeva fransalı tenorla eyni səhnəni bölüşəcək
31 may 2011 18:45 (UTC +04:00)

Fidan Hacıyeva fransalı tenorla eyni səhnəni bölüşəcək

Lent.az-ın məlumatına görə, Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertlə bağlı Fidan Hacıyeva, fransalı tenor Jan - Fransis Munvuason və Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Lyuk Obrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda konsert barədə məlumat verən F. Hacıyeva bildirib ki, konsert iyunun 3-də solisti olduğu Akademik Opera və Balet Teatrında baş tutacaq: “Məhz bunun üçün Bakıya qonaq gələn fransalı tenorla konsert öncəsi artıq bir neçə məşqimiz də keçirilib. Bu konsertdə ilk dəfə olaraq 12 yaşlı tələbəm də tamaşaçılar qarşısında çıxış edəcək. Fransanın Azərbaycandakı səfirliyinə təşəkkürümü bildirirəm. Bu konsertdə qonaq tenorla bir sıra operaları birgə səsləndirəcəyik. Ən əsası “Karmen” operasını Jan-Fransislə birgə oxuyacağıq”.



Azərbaycanlı musiqiçi fransalı həmkarına Azərbaycan musiqilərini də öyrətməyə cəhd edir və bu konsertdə mahnılarımızdan birini ifa etməsini arzulayır. Azərbaycan və Fransa mədəniyyətlərini birləşdirən bu layihəyə həsr olunmuş tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Lyuk Obri bu layihələrin davamlı olacağını qeyd edib: “Fidan Hacıyevanın fransızca tələffüzü, ümumiyyətlə görünüşü, istedadı bizə ona bu təklifi etməyə izn verdi. Azərbaycan mədəniyyəti bizim hər birimizi heyran edir və bu mədəniyyətdən danışdıqca insan fərəhlənir. Azərbaycanı çox sevirəm və sentyabrın 1-də Azərbaycandakı vəzifəmin bitməsinə baxmayaraq, bu ölkə ilə əlaqəni kəsmək fikrində deyiləm və bu cür mədəni layihələr çox olacaq”.


Qısa müddət ərzində Azərbaycan mədəniyyətinə, istedadlı musiqiçilərimizə heyran olan Jan-Fransis Munvuason burada olmağından məmnunluğunu dilə gətirib. Fransalı qonaq ilk dəfə olaraq Azərbaycana gəldiyini və Fidan Hacıyeva ilə ortaq layihədə iştirak etməsindən şərəf duyduğunu qeyd edib.

Bu konsertin sonrakı etapda Fransada da təşkil olunması nəzərdə tutulur.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar