Əhməd Şəfəq: “Sarıqamış”dan “Sarı gəlin”ədək Azərbaycan və Türkiyə sevgisi
19 mart 2011 12:20 (UTC +04:00)

Əhməd Şəfəq: “Sarıqamış”dan “Sarı gəlin”ədək Azərbaycan və Türkiyə sevgisi

Lent.az-ın məlumatına görə, konsertdə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı açılış nitqi söyləyib.

Sabir Rüstəmxanlı Ə.Şəfəqin tək müğənni kimi yox, həm də yazar kimi də tanındığını və yazıları ilə Azərbaycanı Türkiyə mətbuatında təbliğ etdiyini tamaşaçılara xəbər verib, Şəfəqin səsini "tarixin səsi" adlandırıb.

“Yaşa, Azərbaycan” oxuyan Əhməd Şəfəq səhnəyə tamaşaçıların gur alqışlarıyla buyurdu. Konsertdə göstərdikləri dəstəyə görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça, Türkiyənin "Sky TV" telekanalının proqramçısı Mətin Özkana, "Beyaz TV"dən proqramçı Nuriyyə Atabəyə, "FOX TV"nin genəl yayım yönətməni Doğan Şəntürkə, "Milliyət" qəzetinnin köşə yazarı Mehmet Tezkana, "Bengütürk TV" telekanalının genəl yayım yönətməni Murat İdenə, "Orta Doğu" qəzetinin genəl yayım yönətməni Mehmet Müftüoğluna təşəkkürlər edilib.

Əhməd Şəfəq konsert boyu tamaşaçılarına çoşğu dolu anlar bəxş edib. Sənətçinin konserti musiqili gecədən çox diqqət yetirmədiklərimizə çağırış, mesaja bənzəyib. Bu çağırışa cavab verən Azərbaycanda yaşayan türkiyəli tələbələr olub. Tələbələr sənətçinin barış, dostluq şüarlarını ucadan, ehtirasla “Qarabağ türkündür, türkün olacaq!” cümlələri ilə təsdiqləyib.

Sənətçinin özünün yazdığı “Qarabağ” mahnısı ilə qəlbi yanğılı vətənpərvərləri riqqətə gətirib.

Əhməd bəy gecə boyu tariximizi, keçmişimizi, əsil soy-kökümüzü özümüzə xatırladıb: “Bakıda olduğum vaxtlarda Sabir Rüstəmxanlı ilə şəhərimizi gəzərkən Sabir bəyə Xəzər dənizindəki adanı göstərib məlumat almaq istədim. Sabir bəy adanın adı Nargin olduğunu dedi. Dedi, 1914-cü ildə Türkiyədə Sarıqamış əyalətində baş vermiş hadisələrdə ruslar yüzlərlə türkü əsir götürərək, Azərbaycanda Nargin adasında saxlayırdılar. Adada qaldığı müddətdə ruslardan istifadə edən ermənilər türk əsirlərinə əzab verirdilər. Həmin dövrdə yaşamış Azərbaycan ziyalıları isə türk əsirlərinə kömək edərək, onları qida ilə təmin edirdilər. Hətta, bəzi əsirlərə sahib çıxmışdılar. Amma həyatını dəyişən türk oğulları da vardı". Allah onlara və bütün şəhidlərimizə rəhmət eləsin!”

Bu hadisədən sonra “Sarıqamış” mahnısını yazan müğənni məqamında o mahnını ifa edib. İfadan sonra göz yaşlarını saxlaya bilməyərək, bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Səhnəyə gecənin qonağı əməkdar artist Tünzalə Ağayeva çıxıb. “Yaşa, Azərbaycan” mahnısını yeni variantda işləyərək, müğənni Tünzalə Ağayeva ilə birgə ifa ediblər. Daha sonra xalq mahnımız “Sarı gəlin”i T.Ağayeva Azərbaycan, Şəfəq isə Türkiyə versiyasında səslənib.

Ardınca isə o, sözləri Sona Vəliyevaya məxsus olan “Qaragilə” mahnısını T.Ağayeva ilə birgə oxudu. Türkiyəli sənətçi daha bir rəğbətə layiq jest nümayiş etdirib. Azərbaycanın korifey qadın bəstəkarı Şəfiqə Axundovaya yaxınlaşaraq, duyğu dolu sənət ehtiramı göstərib. Az sonra “Nədən oldu” mahnısını xüsusi qeyd edərək, Tünzalə ilə birgə mahnını ifa edib.

Konsertin sonlarına yaxın “Eşq duyğularımızın Vətənidir” deyən Əhməd Şəfəq sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan yeni lirik mahnısını oxudu.

Konsert xeyriyyə məqsədilə keçirilib. Əldə olunan vəsait fiziki qüsurlu uşaqlara yardımlara sərf olunacaq. Konsertin təşkilatçısı isə “Azəri-Türk Qadınlar Birliyi”dir. Layihə Azərbaycanla Türkiyə arasında dostluğu daha da möhkəmləndirmək məqsədilə təşkil olunur.

Şəfəqin konserti bütün sənətçilərə nümunə idi...

Lalə
# 857

Oxşar yazılar