Ramil Səfərovun macar dilindən çevirdiyi romanın təqdimatı olub
09 mart 2011 17:06 (UTC +04:00)

Ramil Səfərovun macar dilindən çevirdiyi romanın təqdimatı olub

APA-nın məlumatına görə, tədbirdə ziyalılar, millət vəkilləri ilə yanaşı, Macarıstanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Zoltan Kotska da iştirak edib. Qeyd edək ki, tərcümə olunan əsərin müəllifi Maqda Sabodur. Təqdimat mərasimində çıxış edən kitabın naşiri “AssA-İradə” xəbər agentliyinin baş direktoru Fazil Abbasov Ramil Səfərovun bu işini Azərbaycan ədəbiyyatına böyük xidmət kimi dəyərləndirib: “İlk dəfədir ki, macar ədəbiyyatı orijinaldan Azərbaycan dilinə tərcümə olunur. Ramil Macarıstanda macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini dilimizə tərcümə edib. Bu, onu göstərir ki, bu cür intellekt sahibi heç vaxt qatil ola bilməz”.

R. Səfərovun atası Sahib Səfərov isə bildirib ki, Macarıstan dövlətinin onun barəsində səhv qərar verməsinə baxmayaraq oğlu macar xalqına sevgisini bu əsəri tərcümə etməklə bildirib: “Tədbirə gəlməzdən qabaq Ramillə telefon danışığımız olub. O bu tədbir barədə məlumatlıdır. Məndən xahiş elədi ki, bu kitabın Azərbaycanda ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edim. Əgər Ermənistan bizim torpaqları işğal etməsəydi, bəlkə də Ramil heç hərbçi olmazdı. Nasir, hüquqşünas və ya həkim olardı. O məcburən hərb yolunu seçib”.

Millət vəkili Zahid Oruc isə deyib ki, bu romanın tərcüməsi təkcə ədəbi hadisə deyil, həm də siyasi hadisədir: “Macar ictimaiyyətində onun barəsində formalaşmış “əli baltalı” obraza ən böyük zərbəni elə Ramil Səfərovun özü vurdu. Ramil Səfərov yalnız öz cəzasını yaşamır, Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin faciəsini yaşayır. Onun əməlinə verilən qiymət belə olmamalı idi, Bu, tək Ramilə deyil, bütünlükdə Azərbaycanın Qarabağ müharibəsinə verilən qiymətdir”.

Qeyd edək ki, Maqda Sabo Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı “Quzu” 1947-ci ildə, ikinci kitabı “İnsana qayıdış” 1949-cu ildə nəşr olunub. Bu kitab “Baumgarten” mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb. O, “Fresko” və “Abigel” kimi məşhur romanların da müəllifidir. Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunub. 2003-cü ildə “Qapı” əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu “Prix Femina Etranger” mükafatı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390

Oxşar yazılar