Abdulla Şaiqin 130 illik yubileyi qeyd olunacaq
23 fevral 2011 11:02 (UTC +04:00)

Abdulla Şaiqin 130 illik yubileyi qeyd olunacaq

Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən Mənzil Muzeyinin işini təqdim etməkdir. Yubiley tədbirində mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, Azərbaycan elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, Ali məktəblərin professor və müəllim heyəti toplaşacaq.

Ədibin müxtəlif janrlı əsərləri, şeirlərinə yazılmış musiqi nümunələri təqdim olunacaq. Muğam teatrının solistlərinin ifasında ədibin qəzəlləri üstündə muğamlar, görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun rəhbərliyi ilə uşaq filarmoniyasının “Aysel” teatrının ifasında uşaq mahnıları səslənəcək. Eyni zamanda Gənc Tamaşaçılar Teatrının hazırladığı “Qaraca qız” tamaşasından, Dövlət Dram Teatrının ifasında “Eloğlu” dramından səhnələr göstəriləcək. Abdulla Şaiqin uzun müddət qadağan olunmuş türkçülük, repressiya dövrü yaradıcılığına müraciət edilərək, vətənpərvərlik mövzulu və lirik şeirləri ifa ediləcək. Mərasimdə, həmçinin yubiley münasibəti ilə nəşr olunan “Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011” kitabı təqdim olunacaq.

Bundan öncə isə fevralın 24-də Abdulla Şaiqin Mənzil Muzeyində yubiley münasibəti ilə tədbir keçiriləcək. Tədbirdə Abdulla Şaiqin həyatı və yaradıcılığı haqqında maraqlı çıxışlar olacaq. Miniatür kitab muzeyinin direktoru Zərifə Salahova tərəfindən ədibin yeni “Tülkü həccə gedir” miniatür kitabı təqdim ediləcək. Həmçinin, 20 yaşını qeyd etdiyimiz Mənzil Muzeyinin yaranması, fəaliyyəti, gördüyü işlərdən bəhs olunacaq.

Xəyalə
# 1373

Oxşar yazılar