İtirilmiş şəhərə səyahət cəhdləri – REPORTAJ
Hər şey sırf təsadüfdən başlayır. Altı-yeddi il görmədiyim universitet yoldaşımla rastlaşıram və nə işlə məşğul olduğunu soruşanda o, “arxeologiya” ilə cavabını verir. Bu sahə maraqlandığım, ara-sıra ya yazı, ya da maraq üçün ünsiyyətdə olduğum və həsəd apardığım sahədir. Maraqlı söhbət dostumun işinin incəliklərinə aparıb çıxarır və məlum olur ki, Ceyhun təkcə arxeologiya ilə məşğul olmur, o həm də Qəbələ arxeoloji ekspedisiyasının üzvüdür, artıq tarix elmləri üzrə fəlsəfə doktoru adını da alıb və hazırda Qəbələnin Səlbir ərazisindəki konservasiya arxeoloji tədqiqat sahəsində çalışır. Söhbət mənə maraqlı olduğu qədər qəliz də gəldi.
Amma ayaqüstü söhbətimizin sonunda hər şeyi şifahi şəkildə söyləyə bilməyəcəyini görən dostum məni Qəbələyə, Səlbir ərazisindəki tədqiqatların və hal-hazırda II-V əsrlərə aid şəhər divarlarının konservasiya işlərinin aparıldığı yerə dəvət etdi.
Təklif o qədər səmimi və cazibədar olur ki, boyun qaçıra bilmədim. Və şəhərdəki işlərimi tələm-tələsik qaydasına salıb, Qəbələyə, daha doğrusu, Qədim Qəbələyə yola düşdüm.
Açılmamış sirlərlə dolu qədim Qəbələ... Bir vaxtlar öz əzəməti ilə hökmdarları heyrətə gətirən cənub darvazalarının qalıqları öz sirliliyini hələ də saxlayır. Çaqqallı (e.ə. IV – e. I əsrlərində şəhər yeri), Səlbir (e. I-XI əsrlərində şəhər yeri), Qala (e. I-XVIII əsrlərində şəhər yeri) adlanan və bir-birinə yaxın ərazilərdə aparılan qazıntılar, aşkarlanan tapıntılar buranın artıq qədim tarixə çevrildiyini göstərir. Əgər belə olmasaydı, Alban çarlığının əsas şəhərlərindən biri olan, hətta yüzilliklər boyu Albaniyanın paytaxtı olan qədim Qəbələnin ərazisi indi boş otlaq sahəsindən başqa bir yer olmazdı.
Heyətin müvəqqəti olaraq yaşadığı arxeoloji bazanı gəzdikdən sonra Ceyhunla arxeoloji qazıntıların aparıldığı əraziyə yollanırıq.
Qazıntı sahəsini ətrafdakı vəhşi heyvanlardan, mal-qaradan qorumaq üçün çəkilmiş hasarın yanında, qapının düz qarşısında örüşdən yolunu azmış bir dəstə inək var. Maşını içəri keçirə bilmək üçün inəkləri qovmalı oluruq...
Səlbir ərazisində görmədiyim tək şey 2010-cu ildə qazıntı aparılan sahənin bir qismini örtmüş qurğudur. Qalan hər şeyi - Orta əsrlərə aid insan skeletlərini, dulusçuluq emalatxanası olduğu güman edilən qazıntı sahəsini, qədim türbənin yerini, o vaxtlar Qəbələni su ilə təmin edən yeraltı saxsı boruları, XIII əsrə aid olduğu güman edilən hamamları (Qala ərazisindəki) bir il əvvəl görmüşəm... Arxeoloqların külüngü işlədikcə təqribən hər on santimetrdən bir əsrlər, tarixi təbəqələr bir-birinin ardınca dəyişir. Burada təxəyyülü işə salmamaq mümkün deyil. Gözə dəyən hər şey haqda tarixi ehtimallar irəli sürürsən. Bol saxsı qabların arasında burada işləyən dulusçuları, təndirxana olduğu güman edilən yerdə çörək yapan xanımları təsəvvür edirsən.
Konservasiya ilə məşğul olan işçi qrupu isə çox güman ki, bu romantikaya qapılmayıb. Təpədən-dırnağa toz-torpağa batıb bütün günü torpaq və tarixi qalıqlarla əlləşən adam tarixi romantikanın hayında ola bilməz – bunu anlamaq çətin deyil. Onların işi aşkar olunan tapıntıların qorunub-saxlanılmasına çalışmaqdır. Üstəlik qarşılarında bir tərəfi yarğana və çaya baxan Qəbələ şəhərinin şimal divarlarını təbiət hadisələrindən qorumaq üçün bu sahəni təmizləyib üstünü örtmək kimi konkret bir tapşırıq var.
Yeri gəlmişkən, Ceyhunun mənə göstərdiyi qazıntı ərazilərində bir il əvvəl gördüyüm yerlər artıq yağışın, küləyin təsirindən deformasiyaya məruz qalıb. Nazik polietilen ilə örtülməyən yerləri kol-kos basıb. Arxeoloqlar buranı tərk edən kimi ərazi təbiətin şıltaqlıqlarına və arabir çay tərəfdən bura ayaq açan vəhşi heyvanların tapdağına da məruz qalıb.
Dostum və onunla çalışan heyət hazırda qədim Qəbələnin tarixini insan və təbiət təhlükəsindən qorumağa çalışırlar. Bir neçə ay ərzində quraşdırılmış nəhəng qurğu qazıntı aparılan sahənin bir hissəsini örtüb. Şimal divarları səliqə ilə təmizlənir, qopmuş, ya qədimdən, ya da qazıntı zamanı zədələnmiş hissələr tarixə təhrif gətirmədən tədqiq olunur. Torpaqdan qazılma dar pilləkənlər bizi bir qazıntı-konservasiya sahəsindən o birisinə aparır. Şəhər divarlarının bir hissəsi yarğana baxdığından divarın yarğan tayında təhlükəsizlik səddi çəkilir.
Tarixi məlumatlar adətən cansıxıcı olur. Amma arxeoloqların qazdığı, konservasiya qrupunun qorumağa çalışdığı bu ərazinin keçmişinə diqqət yetirmək zəruridir. Çünki bu tarixi hansı qiymətinə görə qorumağa çalışdığımızı əlbəttə ki, bilməliyik.
Şairlərin vəsf etdiyi əsrarəngiz şəhər
Qəbələnin adı tarixi mənbələrdə ilk dəfə eramızın I və II əsrlərində çəkilir. Şəhərin yaşı isə daha qədim dövrlərə gedib çıxır. Ən qədim tapıntılar şəhəri ilk Tunc (hətta Paleolit) dövrünə aid etməyə əsas verir.
Burada sənətkarların, tacirlərin sıx münasibətdə olduğu və Qəbələnin qədim Alban dövlətinin siyasi və iqtisadi mərkəzinə çevrildiyi intibah dövrü e.ə. IV və b.e. ilk əsrlərinə təsadüf edir.
Görəsən şəhərin əsasını kim qoyub? Tarixdə böyük şəhərlərin salınmasının adlarını şəhərlərdə əbədiləşdirmək istəyən şöhrətpərəst hökmdarların adları və əməlləri ilə bağlı olması ənənəsi var. Elə bəzi ərəb və fars mənbələri də Qəbələ şəhərinin əsasının qoyulmasını Sasani şahı Qubadın (488-531) adı ilə bağlayırlar. Lakin Qəbələnin Qubaddan xeyli əvvəl Albaniya dövlətinin paytaxtı olduğu məlumdur. Buna görə də Qubad şəhərin əsasını qoya bilməzdi. Ola bilər ki, ərəb və fars tarixçilərinə bunu deməyə əsas verən səbəb Qubadın dövründə şəhərdə aparılan çoxlu tikinti işləridir.
XII-XV əsrlərdə Qəbələ (Qala ərazisində) memarlıq və şəhərsalma dinamikasının inkişafı ilə diqqəti çəkir. XV əsrdə yaşamış şair Bədr Şirvani öz şeirlərində burada quruluşu və bağ-bağatı ilə cənnətə meydan oxuyan gözəl sarayı təsvir edir. XIII əsrə aid olan iki hamamın tikintisində, döşəməsində istifadə olunan kərpiclər, hətta metlaxlar da bunu deməyə yeni əsaslar verir. Şəhərin mədəni həyatının zənginliyindən xəbər verən bu hamamlarda hətta çirkab suyunun hamamdan xaric olunması üçün trap və quyular da var.
Tapıntılar qədim və orta əsr Qəbələ əhalisinin ovçuluqla, heyvandarlıqla, dərzilik və naxışişləmə sənəti ilə, dulusçuluqla məşğul olduğunu göstərir. Qədim və kəndə xas olan peşələrdən xəbər verən əşyalar, qalıqlar çox olsa da onların çoxluğu buranın şəhər olduğunu göstərir. Burada yeraltı anbarlardan tapılmış sayca 80-dən çox təsərrüfat küplərinin içindən çaxır və fındıq qalıqlarının aşkar olunması isə maraqlı faktdır.
Qazıntılar arasında ən çox diqqəti çəkən tapıntı təsvirli gil parçaları – bullalardır. Bullalar, adətən, möhür basmaq üçün istifadə olunub. Deməli, qədim Qəbələdə mülkiyyət mövcud olub. Amma maraqlıdır ki, illər uzunu aparılan arxeoloji qazıntılar zamanı kurqanlar, qəbirlər, yanında nizə, mizraq, hər növ silah basdırılan döyüşçü məzarları aşkarlansa da əsrlər boyu burada hökmranlıq etmiş alban çarlarından heç birinin qəbri tapılmayıb.
Qəbələ pulları
Strabonun yazısına əsasən, albanlar 100-ə qədər çətinliklə sayır, puldan istifadə etmirdilər. Ticarəti də, adətən, mübadilə yolu ilə aparırdılar. Amma burada böyük pul dəfinələrinin, qədim sikkələrlə dolu küplərin tapılması bu təsəvvürləri alt-üst etdi. Tapılmış dəfinələrin birindən çıxan 700-dən çox pul şəhərin həm daxili, həm də xarici ticarət həyatını öyrənməyə imkan verdi. Məlum oldu ki, qədim Qəbələdə işlənən ən qədim pullar Makedoniyalı İsgəndərin (e.ə. 336-323-cü illər) gümüş pulları olub. Amma həmin pullar şəhərin ticarət tələbatını ödəyə bilməzdi. Buna görə də hələ 2400 il bundan əvvəl yerli sənətkarlar İsgəndərin pullarına çox bənzəyən gümüş pullar zərb ediblər. Həmçinin Selevkilər, Parfiya, Baktriya və Roma dövlətlərinə məxsus “gəlmə” pullar, Sasani hökmdarlarının pulları da tapılıb.
Lakin bu pullar tapılanların hamısı deyil. Müasir Qəbələdə yol çəkilən, müxtəlif qazıntılar aparılan zaman yerli əhali dəfələrlə pul dəfinələri tapıb. Onlardan dəfinəni mütəxəssislərə təslim edənləri də olub.
Təbiət hadisəsi, yoxsa hökmdar atanın qəddarlığı?
Əzəmətli qalalara, yerli memarları olduğunu sübut edən böyük bina və tikililərə, gur əhaliyə, sənətkarlıq, ticarət, məişət ənənələrinə sahib olan şəhər niyə tənəzzülə uğradı? Dəhşətli monqol yürüşlərindən salamat çıxmış şəhərin sonradan dağılmasının sirri nədir?
Ehtimallardan biri Teymurlənglə bağlıdır. 1386-cı ildə burada Teymurləngin hərbi düşərgəsinin yerləşdiyi iddia olunur. Tarixi məlumatlara görə, oğlu Miranşahı Azərbaycan hökmdarı təyin edib və dünyanı fəth etmək üçün növbəti yürüşlərə çıxan hökmdar oğlunu cəzalandırmaq üçün qayıtmışdı. Səbəb təkcə Miranşahın yerli camaata qarşı qəddar davranmağı deyildi. Tarixi mənbələrdə Miranşahın qədim Qəbələdə eyş-işrətlə məşğul olması barədə məlumatlar var. Ölkə idarəçiliyini boş buraxıb kef məclisləri quran, hökmdarlığın və Teymurləngin özünün adına ləkə gətirən oğlunu cəzalandırmaq üçün hökmdarın ölkəyə növbəti səfəri zamanı böyük fatehin qədim Qəbələni xarabazara çevirməsi ehtimalı nə dərəcədə doğrudur? Söhbət Miranşahdan gedirsə tarixi mənbələr Teymurləngin oğlunu cəzalandırdığını təsdiqləyir. Əmir Teymur o vaxt Azərbaycana məşhur “Nəsimi” filminin qəhrəmanlarından birinin dediyi kimi “İslamı xilas etməyə” deyil, buranı Miranşahın əxlaqsızlığından xilas etməyə gəlmişdi. Amma doğrudanmı qədim Qəbələ də bir hökmdarın əxlaqsızlığının o birinin isə qəddarlığının qurbanı oldu?
Bu sualın cavabını tapmaqda ədəbiyyat tarixin köməyinə çatır. Bədr Şirvani Qəbələ hakimi Əmir Şücaəddin Ərdəşirə həsr etdiyi şeirlərində Qəbələnin təsvirini verir. Buranı cənnətə bənzəyən abad yer kimi təsvir edir. Deməli, Teymurləngin buranı xarabazara çevirməyi ehtimalı özünü doğrultmur.
Arxeoloqların aşkarladığı ən üst mədəni təbəqə XVII əsrə aiddirsə və qədim Qəbələdə həyat XVIII əsrin ortalarına qədər davam edirsə ədəbiyyat olmadan da Teymurləngin şəhərin həyatına son qoyması ehtimalı sıradan çıxır. Ədəbiyyat da, arxeologiya elmi də bu tarixi böhtanın üstündən xətt çəkir və növbəti ehtimalları tarixi və ədəbi məlumatların köməyi olmadan da düşünmək imkanı verir.
Qədim Qəbələ ərazisindəki ictimai binaların, evlərin və digər tikililərin özülündə ən möhkəm materiallardan istifadə olunması, tikililərin divarlarında ağacdan və yumşaq daşlardan yararlanma faktı əhalinin seysmoloji ehtiyatından xəbər verir. Yəni belə yüngül materiallardan istifadə edən memarlıq üslubu güclü zəlzələni nəzərə alırdı. Deməli, zəlzələ və güclü dağıntılar barədə düşünmək olar. Ola bilər ki, qədim şəhər dəhşətli zəlzələlərdən birinin nəticəsində dağılıb, şəhərdə bu vaxta qədər əhalini içməli su ilə təmin edən borular sıradan çıxıb. Əhali isə sudan istifadənin daha asan olduğu çökəklik ərazilərə köçüb.
Səbəb nə olursa olsun, qədim Qəbələ artıq yoxdur. Əzəmətli şəhərdən qalan təkcə xarabalıqlardır ki, tarixin romantikasını anlaya bilən insan üçün bu qalıqlar əvəzolunmaz bir dünyadır.
Dostum Ceyhun Eminli isə qədim Qəbələnin köhnə tarixindən yox, özlərinin yaratmaq istədiyi ən yeni tarixindən danışır. Artıq başlanılmış bu iş bir çox ölkələrin təcrübəsində var: arxeoloji qazıntılar aparılmış yerləri uyğun vəziyyətə gətirib buranı turistlərə təqdim etmək.
- Müasir insan nəhəng istirahət komplekslərindən, əyləncələrdən yorulub. Hələ üstəlik, insan savadlıdırsa onu tarixin qalıqları daha çox cəlb edir. Bir çox ölkələr arxeoloji qazıntılar apardıqları yeri turistlərə açırlar. Qədim Qəbələnin sahəsi isə Troya şəhərinin var olduğu yerin ərazisindən dəfələrlə böyük və maraqlıdır. Sadəcə buranı təkcə xarici turistlərə deyil, tarixlə maraqlanan yerli insanlar üçün də görməli yerə çevirmək lazımdır. Bunun üçün isə ən vacib məsələ yerli insanların maarifləndirilməsidir. Bu barədə mətbuatda yazılmalıdır, işin mahiyyətini izah edəcək verilişlər hazırlanmalıdır. Buranı arxeoloji turizm məkanına çevirmək üçün görüləsi işlər çoxdur. Məsələn, geniş miqyaslı qazıntıların davam etdirilməsi lazımdır. Ərazidə turistlərin rahat hərəkət edə bilmələri üçün xüsusi cığırlar və körpülər, onlara məlumat verəcək bələdçilər, yol göstərəcək bildirişlər olmalıdır. Buranın meşə yaxınlığı olduğunu nəzərə alsaq, təhlükəsizliyin də təmin edilməsi vacibdir. Tarixi informasiyadan, görüntülərdən yorulan adamların rahat dincəlməsi üçün mini kafelər açmaq, skamyalar quraşdırmaq lazımdır.
Bu yerdə vacib bir qeyd etməliyəm ki, 2005-ci ildən başlanılan və hər il davam etdirilən arxeoloji tədqiqatlar, həmçinin, 2010-cu ildən qazıntıların konservasiya işləri də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, ideyası, təşkilatçılığı və maliyyə dəstəyi ilə aparılır.
15 illik fasilədən sonra 2005-ci ildən SEBA Assosiasiyası tərəfindən davam etdirilən arxeoloji qazıntıları mütəxəssis kimi İlyas Babayevin rəhbərliyi altında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları aparırdılar.
2009-cu ildən SEBA tərəfindən irəli sürülən ideyaya əsasən qazıntılara koreyalı mütəxəssislər də dəvət olunublar və ilk beynəlxalq Azərbaycan-Koreya ekspedisiyası yaradılıb. 2009-2010-cu illərdə koreyalı və azərbaycanlı arxeoloqlar birgə qazıntılar aparıblar.
Müsahibimin söylədiyinə əsasən SEBA Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə gələcəkdə bu planların daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulub.
Günel Mövlud

1443