Bakıda “Gəncləşən muğam” təntənəsi - FOTOLENT
29 dekabr 2010 12:09 (UTC +04:00)

Bakıda “Gəncləşən muğam” təntənəsi - FOTOLENT

Lent.az-ın məlumatına görə, Heydər Əliyev adına Sarayın təşkilatçılığı ilə ikinci ildir keçirilən “Gəncləşən muğam -2” layihəsinin bədii rəhbəri xalq artisti Mənsum İbrahimov olub. Konsert sarayda “online” sistemdə yayımlanan ilk layihə kimi yadda qalıb.

Konsertin 20 dəqiqəsi internet istifadəçiləri üçün Heydər Əliyev Sarayının “www.ha-saray.az” rəsmi internet saytında göstərilib. Qeyd edək ki, bu yeniliyin mütəmadi olaraq növbəti konsertlərdə də həyata keçirməsi nəzərdə tutulub.

Konsertdə izləməyə muğam sahəsinin biliciləri, görkəmli ustadlar gəliblər. Xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov, Arif Babayev və digər sənət ustaları konserti böyük maraqla izləyiblər.

Açılışdan öncə Milli Konservatoriyanın nəzdində musiqi kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov qısa nitq söyləyib. O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğama böyük dəstək verir: “Bir neçə muğam layihələri həyata keçirilib. O muğam layihələrindən biri də bu gün Heydər Əliyev Sarayında baş tutan konsert proqramıdır”.

Konsertdə məlum olub ki, milli konservatoriyanın rektoru Siyavuş Kərimi bu tədbirdə iştirak edə bilmir: “Siyavuş müəllim iştirak edə bilmir, çünki bu gün səhərə yaxın xalq artisti Aygün Bayramova, əməkdar artistlər Elçin Həşimov, Elmir Əhmədovla birgə Amerikadan gəliblər. İki sutkada Moskvada qalıblar, Bakıya gələ bilməyiblər”.

Xalq artisti Mənsum İbrahimov da qonaqları salamlayıb, onlara iki saatlıq konsert proqramında xoş istirahətlər arzu edib: “Hörmətli qonaqlar, bu muğam layihəsi artıq keçən ildən həyata keçirilir. Məqsədimiz odur ki, yeni sənətə gələn istedadlı gənclər ilk addımlarını Sarayda atsın, xeyir-dualarını alsın. Necə ki, biz vaxtilə ustadlarımızdan dəstək almışıq, onlar da belə dəstək alsınlar.”

Xalq artisti konserti işıqlandıran Azərbaycan Dövlət Televiziyasına da təşəkkürünü bildirib.

Konsert Elnur Zeynalovun ifasında “Mahur təsnifi” ilə başlayıb.

Qeyd edək ki, konsertdə xanəndənin 26 tələbəsi və 12 gənc ifaçı çıxış edib. Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Oksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalovun ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Gənc muğam ustalarının ifasında “Qarabağ şikəstəsi”, “Leyli və Məcnun” operasından görüş səhnəsi, “Çahargah”, “Segah” təsnifi, “Əzizim Şirvan gözəl”, “Olmaz, olmaz”, “Heyratı”, “Şur”, “Bayati şiraz” muğam və xalq mahnılarını səslənib. Onları tarda Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov, Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiət ediblər.

Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə tələbələri ilə birgə çıxış edib.

Konsertə informasiya dəstəyini Lent.az İnformasiya Agentliyi verib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443

Oxşar yazılar