Jerar Depardye Azərbaycanda filmə çəkiləcək
13 dekabr 2010 14:03 (UTC +04:00)

Jerar Depardye Azərbaycanda filmə çəkiləcək

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Fransanın məşhur aktyoru Jerar Depardye ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə nazir Əbülfəs Qarayev Jerar Depardyeyə Azərbaycanın film sektoru haqqında məlumat verib və Fransa ilə bu sahədə birgə əməkdaşlıq etmək niyyətini açıqlayıb.

Nazir eləcə də Jerar Depardyeni Azərbaycanda görməyindən məmnunluq duyduğunu dilə gətirib. Görüş zamanı Jerar Depardyenin Azərbaycanda filmə çəkiləcəyi də məlum olub. Aktyor Azərbaycanda Aleksandr Dümanın Azərbaycana səfərlərini əks etdirən sənədli filmin istehsalı barədə danışıb: “Mən bu cür filmin çəkilməsini çox istəyirəm. Sözsüz ki, bu filmdə Dümanı özüm oynamaq istəyirəm. Aleksandr Dümanın Azərbaycana gəlişi, buradakı işləri ilə bağlı olduqca maraq doğuracaq faktlar var. Mən qayıtdıqdan sonra bununla bağlı əlimdə olan bütün sənədləri bir daha gözdən keçirəcəyəm”.

Nazir Əbülfəs Qarayev isə Jerar Depardyeyə Aleksandr Dümanın Xurşudbanu Natəvanla dost olduqları barədə məlumat verib və filmdə bu hissələrin də yer alacağını deyib. Jerar Depardye isə bununla bağlı məlumatlandırılmasından şad olduğunu və bu filmdə tərəfmüqabili Xurşudbanu Natəvan obrazını fransalı aktrisanın deyil, azərbaycanlı aktrisanın canlandırmasını istəyib: “Əlbəttə ki, bu obrazda azərbaycanlı aktrisanın çəkilməsi daha yaxşı olar. Yəqin ki, belə də olacaq. Azərbaycanda olmağımdan məmnunam, çox gözəl şəhəriniz var. Burada maraqlı tarixi əhəmiyyətli binalar, abidələr olduqca diqqətimi çəkdi. Eləcə də burada uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər həyata keçidrikləri məni sevindirir”.

Əbülfəs Qarayev deyib ki, Aleksandr Dümanın Azərbaycana səfərinin əks olunacaqğı bu filmin 2-3 il müddətinə çəkilməsi nəzərdə tutulur. Bu müddət ərzində Azərbaycanda müxtəlif ssenarilər hazırlanacaq və Jerar Depardyeyə göndəriləcək. Aktyor isə öz növbəsində bu ssenarilərdən birini seçəcək və rəhbərlik etdiyi kino şirkəti ilə birgə Azərbaycanda bu filmin çəkilişini həyata keçirəcək.

Görüşdən əvvəl fransalı aktyor Qız qalası və Milli Parkı gəzib. Aktyorun Azərbaycana səfəri dekabrın 16-na kimi davam edəcək. Bakıdakı görüşlərini yekunlaşdırdıqdan sonra Jerar Depardye Qəbələyə gedəcək. Xatırladaq ki, aktyor Azərbaycan şəxsi təyyarəsi ilə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar