“54 gün mühasirədə” təqdim olundu –
06 dekabr 2012 18:50 (UTC +04:00)

“54 gün mühasirədə” təqdim olundu –

Qarabağ müharibəsi zamanı mühasirədə qalan laçınlılar haqda çəkilmiş “54 gün mühasirədə” sənədli filminin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, film 1993-ci ildə ermənilərin Laçın rayonuna hücumu zamanı mühasirədə qalan 19 nəfərin başına gələn dəhşətli anlardan bəhs edir.

Ekran əsərində, filmin baş qəhrəmanı Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər onların dilindən təqdim olunub. Filmdə 19 nəfər arasında yeganə qadın - Nübar Rzayevanın mühasirə zamanı üzləşdiyi dəhşətli anlardan bəhs edən fikirləri də, yer alıb. Bir ailənin timsalında millətin yaşadığı ağlasığmaz hadisələr, torpaqların itkisi ilə bərabər insanların aldığı psixoloji zərbələr də, filmdə yer alan əsas məqamlardır.

Əli Əliyevin mühasirə zamanı cib kitabçasında etdiyi qeydlər, mühasirədən çıxandan sonrakı ilk günlərdə çəkilmiş fotoşəkillər, onunla birgə mühasirədə olmuş şəxslər haqqında məlumatlar, eləcə də erməni işğalı zamanı ailəsinin üzləşdikləri çətinliklərin lentə alındığı kadrlar da nümayiş olunub. Filmdə Əli Əliyevin həyat yoldaşı, bir qızı və 4 oğlunun da yaşadıqları çətin anlar öz dillərindən söylənilib.

Filmin təqdimatından sonra millət vəkilləri öz təəssüratlarını bölüşüblər.
Deputat Fəzail İbrahimli bildirib ki, bu film bir çağırış funksiyası daşıyacaq: “Bu, həm də bir çağırışdır. Biz bilməliyik ki, öz torpaqlarımız özümüz xilas etməliyik. Özü doğub, özü öldürən ölkələr heç vaxt bizə yardım edə bilməz. Biz xarici dövlətlərin məkrli siyasəti ilə yox, öz ordumuzun, öz millətimizin oyanışı ilə xalqımızın başına gətirilən müsibətlərin qisasını alacağıq”.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bu film millətimizi yenidən düşünməyə səsləyəcək: “Bizim sanki döyüş ruhumuz sındırılıb. Bu film bizi bir daha düşünməyə vadar edir. Biz elə gəlir ki, Qarabağa yaxınlaşırıq, əslində isə getdikcə ondan uzaqlaşırıq. Bir millət kimi özümüzdə təpər tapmalıyıq ki, torpaqlarımızı azad edək. Bu filmə baxandan sonra bizə ancaq başımızı aşağı salıb bu salonu tərk etmək qalır”.

Sonda çıxış edən filmin qəhrəmanı Əli Əliyev bildirib ki, gələcək nəsillər üçün bu filmin əhəmiyyəti böyükdür. O, qeyd edib ki, onların həyatından bəhs edən film eyniadlı kitab əsasında çəkilib: “Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə kitab nəşr olundu. O, ağrılı hadisələri bir kitab və film sığmır. 54 gün mühasirədə ağrılı-acılı günlər yaşadıq. Biz o mühasirədən sağ çıxdıq. Laçın sərhəddini sonuncu tərk etsəm də, bu gün müharibə başlayacağı təqdirdə sərhəddi birinci aşaraq, döyüşə getməyə hazıram”.

“54 gün mühasirədə”nin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film Milli Məclisin deputatı Nazim Fərəcovun təşəbbbüsü və dəstəyi ilə çəkilib.

Azərbaycan dilində çəkilən sənədli film yaxın zamanlarda bir çox dillərdə tərcümə olunacaq.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1531

Oxşar yazılar