“START” başa çatdı –
01 dekabr 2012 13:50 (UTC +04:00)

“START” başa çatdı –

Bakıda 28, 29, 30 noyabr tarixlərində gerçəkləşən VIII “START” Gənclərin Beynəlxalq Film Festivalı təmtəraqlı mərasimlə başa çatıb. Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşan festival İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşib. Festivala bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorus, olmaqla, ümumilikdə 20 ölkədən 250-dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib.

“START” Gənclərin Beynəlxalq Film Festivalının prezidenti Fehruz Şamıyev bildirib ki, kinoforumun məqsədi kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək və müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir.
Festivalın beynəlxalq münsiflər heyətinə sədrlik edən xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova festivaldan bol enerji aldığını deyərək, qaliblərin seçilməsinin çətin olduğunu deyib: “Nə qədər ki, gənclərin festivalı olacaq, orada yalnız münsiflər heyətinin sədri kimi deyil, adi üzvü kimi belə iştirak etməyə hazıram. Münsiflər heyəti filmlərə incəliklə baxdılar. Səmimi deyirəm, mən hər bir filmlə yaşadım. Çünki çox şux, yaradıcı atmosfer hökm sürürdü. Filmlərdə çox maraqlı mövzular və onların bədii həlli hiss olunurdu. Gənclərin həqiqətən potensialları çoxdur. Bütün iştirakçılara minnətdaram. Sizinlə gəncləşdim”.
Festival çərçivəsində maraqlı yerli filmlər izlədiyini bildirən yerli münsiflər heyətinin üzvü rejissor Elxan Cəfərov “START”ın gələcək illərdə əhatə dairəsinin daha da genişlənəcəyinə əminliyini qeyd edib.
Sonra qaliblər elan olunub.
“Beynəlxalq” müsabiqə proqramının qalibləri:
“Ən yaxşı bədii film”- Türkiyə - “”Hekayə həyatdan götürülüb” rej. Kerem Keskin
“Ən yaxşı sənədli film”- Almaniya – “Müharibədən əvvəl” rej. Jaried Katsiane
“Ən yaxşı cizgi filmi”- İran – “Oyun” rej. Cəmal Rəhməti
“Ən yaxşı eksperimental film”- Rusiya “Ölüm rəqsi”
“Ən yaxşı film- Qran Pri”- Jüri heç bir filmi bu mükafata layiq görmədi

“Yerli” müsabiqə proqramının qalibləri:
“Ən yaxşı bədii film”- Ər Toğrul Kamalov “Ömürlük əsir”
“Ən yaxşı eksperimental film”- Emin Pənah “Motivasiya”

Qeyd edək ki, qaliblərdən başqa “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi iki filmə xüsusi mükafat təqdim edib. Festival Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən dəstəklənib.
Xatırladaq ki, “Yerli” müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti-kinorejissor Elxan Cəfərov, İlqar Safat və “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndirilib. “Beynəlxalq” müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti seçib.
Qeyd edək ki, bu il festivalın tarixində ilk dəfə olaraq beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan ibarət olub. Bu da səbəbsiz deyil. Çünki VIII “START” Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunub. Şəfiqə Məmmədovanın sədrlik etdiyi beynəlxalq münsiflər heyətində iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolberger də təmsil olunub.

Jalə Məmmədli
# 1122

Oxşar yazılar