Serbiyada tələbələrə Üzeyir Hacıbəyli təqaüdü verilib - FOTO
29 noyabr 2012 18:04 (UTC +04:00)

Serbiyada tələbələrə Üzeyir Hacıbəyli təqaüdü verilib - FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü və hökumətimizin dəstəyi, Serbiya dövləti və hökumətinin siyasi razılığı ilə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi Serbiyanın Novi Sad şəhərində əbədiləşdirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Novi Sad şəhərində Dunay çayı üzərindəki sahil parkında “Üzeyir Hacıbəyli Memorialı” yaradılmış və burada görkəmli bəstəkarın büstü qoyulub.
Əhalisinə və ərazisinə görə Serbiyanın ikinci böyük şəhəri, Serbiya mədəniyyəti və klassik musiqisinin beşiyi hesab olunan Novi Sad şəhərinin İncəsənət Akademiyasının Elmi Şurası Serbiyanın müvafiq dövlət və hökumət qurumlarının razılığı və siyasi dəstəyi ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinin Novi Sad şəhərində əbədiləşdirildiyini, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın Serbiyadakı səfirliyinin birgə müraciətini nəzərə alaraq, oktyabrın 25-də Akademiyada “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, Akademiyada “Üzeyir Hacıbəyli təqaüdü” təsis edilib və təqaüd hər tədris ilində bu ali təhsil ocağının Elmi Şurasının qərarı ilə Akademiyanın Musiqi incəsənəti fakültəsinin ən yüksək təhsil səviyyəsi, dünyagörüşü, davamiyyəti və davranışı ilə fərqlənən üç tələbəsinə veriləcək.

Qeyd edək ki, Novi Sad İncəsənət Akademiyası 1974-cü ildə yaradılıb və Akademiyada “Dram sənəti”, “Təsviri sənət” və “Musiqi incəsənəti” fakültələri fəaliyyət göstərir. Nobyabrın 28-də ilk təqaüdlərin təntənəli təqdimolunma mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və səfirliyin əməkdaşları, Novi Sad şəhəri Meriyasının nümayəndələri, Voyevodina muxtar diyarının hökumət və dövlət rəsmiləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, millət vəkilləri, Serbiya ictimaiyyətinin nümayəndələri, tanınmış musiqiçilər, mədəniyyət xadimləri və bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Tədbirdə çıxış edən Eldar Həsənov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib, ölkələr arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin müstəsna rolunu vurğulayıb. Onun sözlərinə görə, Novi Sad İncəsənət Akademiyasında “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək. Eldar Həsənov “Azərbaycan dövlətinin milli himninin müəllifi olan Üzeyir Hacıbəylinin öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən olduğunu, milli bəstəkarlıq məktəbinin özülünü qoyduğunu, Azərbaycan musiqisi tarixində və eyni zamanda müsəlman Şərqində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanındığını, eyni zamanda dünya mədəniyyət tarixinə Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi daxil olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi təşəbbüsünün məhz prezident İlham Əliyevə məxsus olduğunu xüsusi vurğulayıb. Eldar Həsənov “Üzeyir Hacıbəyli təqaüdü”nü Akademiyanın tələbələrinə təqdim edərək, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Novi Sad İncəsənət Akademiyasının prorektoru Pavle Sekeruş çıxış edərək, Azərbaycan dövləti və Heydər Əliyev Fondunun Serbiyada həyata keçirdiyi humanitar layihələrdən söz açıb. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son illərdə Serbiyada, o cümlədən bütövlükdə Balkan regionu ölkələrində bir sıra mühüm humanitar layihələrin həyata keçirilməsinə göstərdiyi birbaşa dəstək, qayğı, diqqət və xüsusi xidmətlərinə görə 2011-ci ilin “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edilməsinin təsadüfi olmadığını” bildirib. Pavle Sekeruş bu təqaüdün serbiyalı tələbələrə təqdim edilməsinə görə Azərbaycan dövlətinə, hökumətinə, səfirliyin kollektivinə və xüsusilə də Prezident cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib, təqaüdün Akademiya tələbələrinin gələcək yaradıcılıqlarında ciddi bir stimul olacağını söyləyib. Sonra “Üzeyir Hacıbəyli təqaüdü” təqdim olunmuş tələbələr təntənəli mərasimdə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Novi Sad İncəsənət Akademiyasının professoru xanım Zərifə Əlizadənin iştirakı ilə Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa etmiş, tədbir iştirakçıları onların ifasını böyük maraq və alqışlarla qarşılayıblar. Tədbir iştirakçıları sonra Novi Sad şəhərində Dunay çayı üzərindəki “Sahilyanı park”da yaradılmış “Üzeyir Hacıbəyli Memorialı”nı ziyarət edərək, dahi bəstəkarın büstü qarşısına əklil və gül-çiçək dəstələri qoyublar.

Novi Sad İncəsənət Akademiyasında “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi Serbiya ictimaiyyəti və Qərbi Balkanlarda yaşayan soydaşlarımız tərəfindən xüsusi sevinc və rəğbətlə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar