Eldar Mansurov: “İnsanların beyninə təcavüz edirlər” – MÜSAHİBƏ - FOTO
29 noyabr 2012 10:37 (UTC +04:00)

Eldar Mansurov: “İnsanların beyninə təcavüz edirlər” – MÜSAHİBƏ - FOTO

Azərbaycanın tanınmış bəstəkarı, Prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bu yaxınlarda xalq artisti adına layiq görülən Eldar Mansurovun Lent.az-a müsahibəsi

- Sizi fəxri ad almağınız münasibəti ilə təbrik edirik. 60 yaşında aldığınız bu adı gecikmiş hesab edə bilərik?

- Bilirsiniz yaşıma baxanda görərik ki, bu gün mənim bir çox tələbələrim çoxdan əməkdar və xalq artistləridir. Yəni onlarla müqayisədə bir növ gecikmiş hesab etmək olar. Amma mən həmişə demişəm, gec-tezliyindən asılı olmayaraq, fəxri ad dövlət tərəfindən insanlara öz peşəsindəki nailiyyətlərinə görə verilir.

- Mahnılarınız ən çox özününkiləşdirilən və yaxud “anonim” imzası ilə təqdim edilən bəstəkarlardan bəlkə də birincisiniz. Bu hal yenə də davam edir ?

- Şükürlər olsun ki, o qədər də yox. Deyə bilərəm ki, dünyanın bir çox ölkələrində ifa olunan “Bayatılar” mahnısının bütün hüquqları artıq bərpa olunub. Yeganə plagiatçılıq faktı qonşularımıza məxsusdur. Son vaxtlar internetdə bir neçə mahnılarımı onların ifasında eşitmişəm. Ən təəccüblüsü də odur ki, heç ağına-bozuna baxmayaraq, utanmadan bəstəkar kimi öz adlarını yazıblar. İnşallah, zamanı gələr, onların da cavabını verərik.

- Cəmi iki-üç dahi bəstəkarımızı çıxmaqla, artıq Azərbaycan bəstəkarları dünyada tanınmır...

- Razıyam. Belə baxanda çox adam tanınmır. Onların tanınması üçün gərək əsərləri xarici ölkələrdə ifa olunsun. Düzdür, Konservatoriyanı bitirib, xaricdə təhsil alan tələbələrimiz ara-sıra orada ifa olunurlar. Ancaq onlar da çox azdır. Bu yaxınlarda Bəstəkarlar İttifaqının 9-cu qurultayı olacaq və bir neçə ölkələrin bəstəkarları bizə qonaq gələcəklər. Onlar bəstəkarlarımızın son beş ildə yazdıqları əsərləri hesabat konsertində dinləyəcəklər. Necə deyərlər, belə tədbirlər də musiqimizin təbliğinin bir növüdür. Doğrudur, bizim orkestrlərimiz və digər musiqi kollektivlərimiz xaricə qastrollara gedirlər, amma hər dəfə demək olar ki, eyni bəstəkarların eyni əsərləri ifa olunur. Düşünürəm ki, artıq vaxtı çatıb orta və gənc nəsil bəstəkarlarımızın musiqisini dünyaya tanıtmaq.

- Azərbaycan tamaşaçıları ciddi musiqiyə maraq göstərmir.

- Azərbaycanda artıq neçə ildir ki, Qəbələ şəhərində Musiqi festivalı keçirilir. Bu festival həqiqətən də biz musiqiçilər üçün böyük bayramıdır, çünki burada dünyanın ən yaxşı orkestrlərindən biri – Böyük Britaniyanın London simfonik orkestri iştirak edir. Onların buradakı çıxışları Azərbaycan musiqisinə ciddi təkan verir. Bu il keçirilən festivalda Azərbaycanın klassik bəstəkarları ilə yanaşı gənc bəstəkarların da əsərləri Kral orkestri tərəfindən ifa olundu. Zənnimcə bu cür festival və konsertlər sayəsində ciddi musiqiyə maraq daha da artacaq.

- Peşəkar bəstəkarlara müraciət edən müğənnilər də azalır.

- Mən bir çox müğənnilərlə işləmişəm. Flora Kərimova, Mirzə Babayev, Elmira Rəhimova, Akif İslamzadə, Yalçın Rzazadədən başlayaraq, Brilliant Dadaşova, Mübariz Tağıyev, İlqar Muradov, Ağadadaş Ağayev, Aygün Kazımova, Faiq Ağayev, Manana və bir çoxları demək olar ki, mənim mahnılarımı ifa ediblər. Bu gün bu ifaçıların bəziləri ümumi axınla gedir, efirlərdə daha çox səslənən həvəskarların mahnılarını oxuyurlar. Bizlim mahnılarımıza isə bir növ retro kimi baxırlar. Onu deyim ki, mahnının təzəsi, köhnəsi yoxdur. Var yaxşı mahnı və pis mahnı. Nəyə görə Tofiq Quliyevin musiqisi bu gün də toylarda, şənliklərdə oxunur? Desinlər ki, köhnə mahnıdır da... Niyə oxuyurlar bəs? Ona görə ki, peşəkarın qələmindən çıxan mahnı pis və ya zəif ola bilməz!

- Bəlkə, zövqümüzün korlanma həddinə çatması müğənnilərin repertuarına təsir edir.

- Zövqlərimiz artıq korlanıb. Korlanma prosesi də 1990-cı illərdən başlanıb. Çünki televiziya və radiolarda o qədər zəif, bayağı və xarici mahnılar səsləndirirlər ki, artıq insanların beyinlərinə təcavüz ediblər. Hərdən görürsən ki, Rəşid Behbudovu və ya Şövkət Ələkbərovanı radio və televiziyada o qədər səsləndirirlər ki, gözəl mahnı, gözəl ifa da insanı bezdirir. Hər şeyin həddi olmalıdır. Əfsuslar olsun ki, bizim radio və telekanallarda bu həddi bilən yoxdur...

- Artıq bir çox müğənnilərimiz həm də mahnı yazırlar. Buna münasibətiniz necədir?

- Türkiyədə müğənnilər bəstəkara pul verməməkdən ötrü və ucuz başa gəlməsi üçün mahnını özləri yazırlar. Bizdə də həmçinin. Bir az o mahnıdan, bir az bu mahnıdan bir-birinə birləşdirib deyirlər ki, bu mənim mahnımdır. Ona görə də bu cür mahnılar çox yaşamır, tez unudulur. Amma Emin Sabitoğlu, Cahangir Cahangirov kimi bəstəkarların musiqisi isə hər zaman yaşayacaq.

- Bəstəkarlar İttifaqına qəbul necə aparılır ?

- Bizim İttifaqımıza üzv olanlar Konservatoriyanın, daha doğrusu bugünkü Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakültəsini bitirənlərdir. 200-ə yaxın üzvümüz var, yarısı musiqişünas, yarısı da bəstəkarlardır. İttifaqa üzv olanlar ali və ciddi musiqi təhsili alanlardır. Bu bəstəkarların musiqisinin təbliği təkcə konsert salonlarından yox, həm də televiziyalardan asılıdır. Nə qədər ki, televiziyalar ciddi musiqiyə yer vermir, gələcək nəsil bəstəkarları yetişməyəcək. Yeganə kanal Azərbaycan Dövlət Televiziyasıdır ki, ciddi musiqimizi təbliğ edir. Digər kanallar isə əsasən həvəskarların mahnılarını təbliğ edirlər.

- Üzvlərinizdən hansı yenilikləri görürsünüz ?

- Ümumiyyətlə artıq neçə illərdir ki, musiqimizdə heç bir yenilik görmürəm. Bir çoxları Konservatoriyanı bitirdikdən sonra ciddi musiqi sahəsində irəliləyə bilmədiyinə görə, klassik janrdan uzaqlaşır və yalnız müəllimliklə məşğul olur. Onu da deyim ki, bəstəkarlıq çox çətin bir peşədir. Konservatoriyanın bəstəkarlığını çox adam bitirir, amma onların az bir hissəsi əsil bəstəkar olur.

- Opera yazan da yoxdur...

- Opera və balet janrının yazılıb səhnəyə çıxması sırf maliyyə problemləri ilə bağlıdır. Bu əsərlər dövlət tərəfindən çox cüzi miqdarda maliyyələşdirilir. Ona görə də heç bir bəstəkar belə qiymətə görə özünə zəhmət vermək istəmir. Sovet vaxtında opera və balet yazana böyük məbləğdə maliyyə vəsaiti ödənilirdi. O pula bahalı maşın, ev almaq və yaxud uzun müddət problemsiz yaşamaq olurdu. O vaxtlar musiqinin dəyəri yüksək idi. Yaxşı sənət əsəri yaratmaq üçün, onun müqabilində yaxşı da qonorar almalısan.

- Amma müğənnilərimiz Türkiyə bəstəkarlarına kifayət qədər yüksək məbləğ ödəyirlər.

- Kim deyir onu?

- Müğənnilər özləri.

- Siz də inandınız? Bizim müğənnilər buradakı bəstəkarlara heç 500 manat da vermirlər, deyirsiz ki, gedib Türkiyədən 10-15 minə mahnı alırlar? Heç özünüz dediyinizə inanırsınız?

- Sizin bir layihəniz var idi...

- Rok-operanı ortaya çıxarmaq üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır. Bakıda rok-operanı səhnələşdirmək klassik operadan qat-qat çətindir. Çünki klassik opera akustik olduğu halda, rok-opera bütünlüklə elektron alətlərdən və yüksək keyfiyyətli texniki cihazlardan ibarətdir. Daha bir problem isə yüksək səviyyəli rok ifaçılarının azlığıdır.

- “Eurovision”da da xarici bəstəkarların yazdıqları mahnılara üstünlük veririk.

- Bu işlə kimlər məşğul olursa, bunu onlardan soruşmaq lazımdır. Eşitdiyimə görə, deyirlər ki, bizdə dünya səviyyəsində hit mahnılar yazan bəstəkar yoxdur.

- Hazırda hansı müğənnilərlə çalışırsınız?

- Hansı müğənni müraciət edir, onunla da çalışıram. Bəzən isə olur ki, görürəm kiminsə gözəl səsi, yaxşı ifaçılıq qabiliyyəti var, özüm zəng edib, çağırıram, heç birindən də pul almıram. Son vaxtlar əsasən Cəlal Abbasov, İlhamə Qasımova, Xəyyam Mustafazadə ilə çalışıram.

- Sizi qane edən müğənnilər çoxdurmu ?

- Yaxşı müğənnilərimiz var. Sadəcə onları yoluna salmaq lazımdır. Müğənninin böyüklüyü onun özünə hörmət etməsindədir. Özünə hörmət edən müğənni isə hər mahnını oxumaz, onu seçər. Məsələn, olub ki, mən mahnını Flora xanıma vermişəm, deyib ki, bu mənim mahnım deyil, Yalçına ver, onda daha yaxşı alınar. İndikilərə isə nə versən, deyir gətir oxuyum. Yaxud Səməd Səmədovu hamı toy müğənnisi kimi tanıyır. Artıq ötən əsrin 90-cı illərində, toylarda məşhur idi, amma televiziyaya buraxmırdılar. O vaxtı belə bir qayda var idi ki, televiziyaya çıxmaq üçün gərək bəstəkar mahnısı ifa edəydin. O vaxtlar Səməd mənimlə və Faiq Sücəddinovla işlədi, hər ikimizin mahnılarını oxudu. Ondan sonra onu qəbul etdilər və artıq tez-tez efirdə görünməyə başladı.

- Amma çalışdığınız müğənnilər kifayət qədər imkanlıdır...

- Allah başacan eləsin!

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2329

Oxşar yazılar