“START” başladı  -
29 noyabr 2012 02:11 (UTC +04:00)

“START” başladı -

Bakıda Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə VIII “START” Gənclərin Beynəlxalq Film Festivalının rəsmi açılışı olub.

Lent.az-ın məlumatına görə, tədbirin aparıcısı Kamilə Babayeva ilk olaraq tədbir iştirakçılarına festival barədə geniş məlumat verib.

Daha sonra gənclər və idman nazirin müavini İntiqam Babayev çıxış edərək, Azərbaycan və regionda “START”ın xüsusi əhəmiyyətə malik olduğunu deyərək, festivalın istedadlı və yaradıcı gənclərin 2-ci Respublika Toplantısı çərçivəsində gerçəkləşdiyini bildirib: “Festival ilk vaxtlar başlayanda bir iki xarici ölkə ilə start götürdü. Amma ilbəil əhatə dairəsini genişləndirən festivalda bu artıq 20-dən çox ölkə iştirak edir. 20-dən çox ona görə deyirəm ki, festivalın təşkilat komitəsi məhz 20 ölkənin filmlərini festivalın müsabiqə proqramına daxil edib.Gənclərimiz bu festivalı sevirlər və sevə-sevə iştirak edirlər. Bu bizi çox sevindirir”.

“START” tələbə filmləri festivalının direktoru Fehruz Şamıyev isə bildirib ki, müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat alan kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalda iki - “Yerli” və “Beynəlxalq” müsabiqə proqramı olduğundan jüri üzvləri də bu proqrama əsasən seçilib. “Yerli” müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti: kinorejissor Elxan Cəfərov, İlqar Safat və “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək.

Onun sözlərinə görə “Beynəlxalq” müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti seçəcək. “Yeniliklərimizdən biri də məhz bu jürinin seçilməsidir. Bu, festivalın tarixində bir ilk olacaq. Belə ki, 8-ci “START” Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunduğundan beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri də ancaq yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan ibarət olacaq.

Onlar arasında xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolbergedir də var”.

Qeyd edək ki, “START”-a bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorus, ümumilikdə isə 20 ölkədən 250-dən çox film çəkilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçirilən festivalın film nümayişləri noyabrın 28-dən başlayaraq, 30-dək davam edəcək. Filmlər saat 11: 00 – da Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193

Oxşar yazılar