“Sübhün səfiri” filminin təqdimatı keçirilib
29 noyabr 2012 00:27 (UTC +04:00)

“Sübhün səfiri” filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sübhün səfiri” filminin təqdimatı keçirilib.APA-nın xəbərinə görə, Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, milli dramaturgiyamızın banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və zəngin, çox şaxəli irsindən bəhs edən ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Anar, rejissoru isə Ramiz Həsənoğludur.

Filmin təqdimatında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkə başçısının sərəncamı ilə bir il ərzində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Mirzə Fətəli Axundovun 200 illik yubileyi geniş şəkildə qeyd olunur.

Onun sözlərinə görə, bu müddət ərzində Mirzə Fətəli Axundovun 6 əsəri 21 teatrda tamaşaya qoyulub: “Müxtəlif teatrlarda fəaliyyət göstərən rejissorların dahi dramaturqun əsərlərini özünəməxsus yanaşmaları ilə yeni həyat veriblər. Bundan əlavə, M.F.Axundovla bağlı tamaşalar 7 dövlətdə müxtəlif dillərdə xarici vətəndaşlara çatdırılıb. Biz inanırıq ki, dahi dramaturqun 200 illik yubileyi çərçivəsində hazırlanan “Sübhün səfiri” filmi də tamaşaçılar tərəfindən bəyəniləcək və tez bir zamanda beynəlxalq səviyyədə təqdim olunacaq”.

Daha sonra səhnəyə dəvət olunan ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Anar və rejissoru Ramiz Həsənoğlu filmlər bağlı təəssüratlarını bölüşüblər. Onlar bildiriblər ki, böyük çətinliklərə baxmayaraq müəyyən zamandan sonra sənət əsəri hazırlanıb. Filmin necə hazırlanmasına qiyməti isə tamaşaçılar verəcək.

Qeyd edək ki, “Sübhün səfiri” filminin çəkilişləri Azərbaycan, Gürcüstan və Türkiyədə aparılıb. M.F.Axundovun həyat və yaradıcılığını əks etdirən filmin operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur.

Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov, Axundovun həyat yoldaşı Tubu xanım obrazını Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova canlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1633

Oxşar yazılar