Tiflisdə Yaşar Nuri yad edilib
27 noyabr 2012 00:31 (UTC +04:00)

Tiflisdə Yaşar Nuri yad edilib

Gürcüstan paytaxtındakı Redisson mehmanxanasında Azərbaycanın xalq artisti, görkəmli kino və teatr xadimi, istedadlı aktyor Yaşar Nurinin xatirəsi yad edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin təşəbbüsü, “AZEBİ” İctimai Birliyinin və “Varlıq” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, biznes adamları, gürcü ali məktəblərində təhsil alan gənclər, Azərbaycan səfirliyinin nümayəndələri və jurnalistlər, Gürcüstan parlamentinin deputatları iştirak edib.

Tədbiri Gürcüstan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümmət açaraq səhnə tarixinin korifeyi Yaşar Nurinin 50-dən çox obrazlar yaratdığını, XX əsrin 70-ci illərdən bəri kino və teatr sahələrində qəhrəmanları canlandıran aktyorlardan birinin məhz Yaşar Nuri olduğunu bildirib. “O, özünün bu sənətdə korifeyliyini sübut edib. O, böyük aktyor və pedaqoq kimi dünya azərbaycanlıların, o cümlədən Gürcüstandakı azərbaycanlıların qəlbində daim yaşayacaq”.

Sonra söz ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadəyə verilib. Ş. Mehdizadə çıxışında xatirə gecəsinə toplaşanların Yaşar Nuriyə böyük hörmət və məhəbbət bəslədiyini qeyd edib. “Biz Yaşar Nuri sənəti ilə, azərbaycanlı olmağımızla fəxr etməliyik. Bu sübut edir ki, biz mədəniyyətimizə böyük dəstək veririk”.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. “Yaşar Nuri bizim bir araya gəlməyimizdə bir vəsilə olub. Bu gün biz Azərbaycan dövlətinə ona görə minnətdar olmalıyıq ki, o bizim mədəniyyətimizi yaşadır və inkişaf etdirir. Mən Yaşar Nuri yaradıcılığını tələbəlik illərindən sevirdim. Y. Nuri mənim yaddaşımda dramatik, psixoloji və komik obrazları oynayan istedadlı aktyor kimi qalıb. Yaşar Nuri itkisi Azərbaycan səhnəsinin nuru idi.”

Tədbirdə “AZEBİ” İctimai Birliyinin icraçı direktoru Qaratel Allahverdiyeva, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının rejissoru Namiq Hacıyev, yazıçı Emin Elsevər, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova Yaşar Nuri haqqında ürək sözlərini deyiblər.

Tədbirin sonunda Yaşar Nurinin iştirak etdiyi “Bəyin oğurlanması” filmi nümayiş etdirilib.

"Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"nın vitse-prezidenti Tamar Lamparadze APA-ya açıqlamasında tədbirin Gürcüstan paytaxtında təşkil edilməsinə çox sevindiyini bildirib.

“Arzu edərdim ki, belə tədbirlərə azərbaycanlı tələbələrlə birgə gürcü tələbələri də dəvət edilsin. Mən dəqiq bilirəm ki, gürcü tələbələri Azərbaycan mədəniyyətinə və incəsənətinə çox az bələddirlər. Buna görə də bu sahədə daha məqsədyönlü işlər görməli, Azərbaycan mədəniyyətini Gürcüstanda var gücümüzlə təbliğ etməliyik. Bu, mənim rəhbərlik etdiyim təşkilatın ən başlıca məqsədlərindən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087

Oxşar yazılar