Xalq artisti Rafael Dadaşov sirlərini açdı -
24 noyabr 2012 19:51 (UTC +04:00)

Xalq artisti Rafael Dadaşov sirlərini açdı -

Bu gündən etibarən Gənclərin II Ümumrespublika Teatr festivalı Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsində Art Kampa start verib. Gənclər festivalın həyəcanlı anlarını yaşayır. Qeyd edək ki, Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi Art Kampa ümumilikdə 100-dən artıq gənc qatılıb.

Noyabrın 24-də tanınmış sənət adamları - xalq artisti Rafael Dadaşov və rejissor Cavid Təvəkkülun iştirakı ilə ustad-dərsləri keçirilib. Rafael Dadaşov keçdiyi yaradıcılıq yolundan danışıb və teatra marağın artması üçün yaradıcı gəncləri səhnəni sevməyə səsləyib: “Biz əvvəllər teatrı pul xatirinə seçməmişdik, səhnənin fədailəri idik. Maaşım o qədər cüzi idi ki, dolanmaq üçün sirk proqramlarında da iştirak edirdim. Hətta podiumda model kimi də işlədiyim vaxtlar olub. Bütün bunlar ona görə idi ki, çətinliklərə sinə gərib, sənəti tərk etmək məcburiyyətində qalmayım. Sizə də tövsiyəm budur ki, bu sənəti seçmisinizsə, teatra ömürlük bağlanasınız. Heç bir əyləncə teatrı əvəzləyə bilməz”.

Sənətkar gənclərə müxtəlif mizanlar və səhnə fəndləri barədə də məlumat verib. Gənclər hazırladıqları tamaşalardan bəzi səhnələr oynayaraq, xalq artistindən məsləhətlər alıblar.

Daha sonra tanınmış rejissor Cavid Təvəkkül gənclərlə təcrübəsini paylaşıb. Rejissor konkret səhnələrlə gənclərə vacib mizanları anladıb. Sevgi səhnəsini canlandıran 2 gəncin oyunu fonunda onların aktyorluq qabiliyyəti barədə müzakirələr aparılıb. Rejissor onlara təbii oynamadıqlarını və bunun səbəblərini izah edib. “Elə etmək lazımdır ki, siz tamaşaçıya diqtə edəsiniz, tamaşaçı sizə yox” - deyən rejissorun fikirləri gənclər tərəfindən maraqla qarşılanıb.

Noyabrın 25-də xalq artistləri Rasim Balayev, rejissor Vaqif Əsədov, noyabrın 26-da isə xalq artisti Ağaxan Salmanlı və Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulovun iştirakı ilə ustad dərsləri baş tutacaq.

Layihənin ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstəyi ilə keçirilir. Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur .

Əlaqə üçün: 055 378 3133 (Ramil Ağasiyev)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4033

Oxşar yazılar