Getdi...
22 noyabr 2012 16:38 (UTC +04:00)

Getdi...

Ölməyib axı?!

Hansısa saytda, kiminsə yazdığı şərh idi. Fərqinə varmadım, əslində. Adam inanmırdı, vəssalam!

Adamın doğrudan da inanmağı gəlmir. Getdi, “sroçnı bizim məclisi tərk elədi”.

Bu mənasız dünyanı deyirəm, “mahzı”...

Yaşarın ölümü adamı yandırır təbii. Amma düşünəndə ki, ondan, - Allah Səyavuşa ömür versin,-bu kimi sənətkarlardan sonra heç kim yoxdur, “Azdrama”, “muzkomediya”, böyük bir debillər və şit düşüklər ordusunun əlində qalacaq…adam buna daha çox yanır.


Və bir gün Yaşar səhnəsinə çıxdığı teatrlarda kimlərin çıxış etdiyini görəndə, yaratdığı Surxayzadənin, Göyüşün, daha kimlərin həmin obrazları nə günə qoyduğunu görəndə o dünyadan bəlkə də hayqırmaq istəyəcək:
“Eybi yox, qoy bura gəlsin, mən onun əyri ayaqlarından raqatka düzəltməsəm atamın oğlu deyiləm”.


Son aylarını İstanbul-Bakı təyyarə reyslərində keçirirdi. Etiraf edirəm, onun çox yaşayacağına ümid də az idi. Xəstəliyi də bəlli idi. Xəstəliyi yaradan o zəhrimar səbəb də. Özünü qorumadı, deyirdilər. İndi də deyəcəklər ki, onu qoruya bilmədik.

Niyə?

Bax, niyəsini bir kimsə cəsarət edib deməyəcək.

Və sanki sözləşiblər kimi dil-dil ötəcəklər: “O, ölməyib, Yaşar daim yaşaycaq”.

Yoxdu, qardaş, bayaq da improvizə üçün çəkdim o misalı. O dünyada hayqırıb kimlərinsə “əyri ayağından raqatka düzəldəcyini”.

Yoxdu, nə Yaşar var, nə də o dünya.

Hər şey, hər şey burda qaldı.

Bax, sonuncu dəfə çıxdığı Milli Dram Teatrının o səhnəsində.
Yaşar sonucu dəfə ora çıxıb…birdəfəlik getdi.

Bəlkə də kimin üçün qəribə görünə bilər; siz bu adamın böyüklüyünün fərqindəydinizmi? Bu adam Tanrının verdiyi ömrü özündən çox, bizim üçün, tamaşaçısı üçün yaşadı, fərqindəsizmi?

Bitdi hər şey, növbəti Yaşarı gözləməyə bir ömür bəs etməyəcək yəqin.

Bilirsinizmi bunu?

Cavab verə bilmirsiniz!

“Çünki hamınız gözü kölgəlisiniz!”

Zavallı Fatı!

Sən də öldün getdin Yaşarla.

Fərqindəsənmi? Elə Surxayzadə də. İsrafil də. Lap elə o “Cücə” də. “Cücə”ni xatırladızmı?

“Topal Teymur”dakı möhtəşəm ifa yadınızdadırmı? İldırım Bəyazid necə deyirdi?

“Cücə” bu gün yaman fəqan eyləyir”.

Öldü “Cücə” İldırım Bəyazid, öldü…

Getdi yanına...

Yaşar komik rollar da oynadı, “Səni axtarıram” trilogiyasında Elçin kimi dramatik rollar da. Onun sənətinin kulminasiya nöqtəsinin məhz hansı rol olduğunu təyin etmək çətindir. Yaşar yaradıcılığının kulminasiya nöqtəsinə noyabrın 22-si çatdı əslində, ən faciəli və sonuncu rolunu oynamaqla.

Səhnədə 200-300 nəfəri güldürən Yaşar, bu gün 9 milyonu ağlatdı.
“Rollarım hansı tamaşaçının xoşuna gəlmirsə, deməli, mənə də yaxın deyil. Hələ ki, üzümə dəqiq deyən olmayıb. Ola bilsin elə bir rolum olub ki, tamaşaçıdan utanmışam. Elə şey də ola bilər. Bir devizim var- mən bütün qazandığım və əgər varsa, uğurlarıma görə öz səhvlərimə borcluyam. Yəni 60 yaşa çatasan, istər həyatda, istər yaradıcılıqda səhv etməyəsən, o nə ömürdü? Mənə çatmır elə ömür”.

Bunu qəzetlərin birinə verdiyi müsahibəsində demişdi.
Ömür başa çatdı, böyük sənətkar. Və sən ömrünün ən böyük səhvini elədin.

“Bu fani dünyada padşahdan-zaddan da olmadıq”.

Doğrudan da fani imiş…
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4417

Oxşar yazılar