Nəriman Qasımoğlu: “Quran” o zamankı poeziyaya böyük zərbə vurdu...” - SÖHBƏT
05 noyabr 2012 19:04 (UTC +04:00)

Nəriman Qasımoğlu: “Quran” o zamankı poeziyaya böyük zərbə vurdu...” - SÖHBƏT

Nəriman Qasımoğlu ilə əvvəlcədən vədələşdiyimiz yerdə görüşürük. Nəriman bəy dəqiq adamdı, düz vaxtında gəlib. Qələbəlik içindən çıxıb mənə sarı addımlayır, sanki indicə rüzgarların içindən çıxıb. O anda Nəriman Qasımoğlunu rüzgar qanadlı adama oxşatdım, amma bunu onun özünə söyləmədim.

Ordan-burdan söhbət edə-edə, gəlib Lent.az-ın redaksiyasına çatırıq.

- Nəriman bəy, siz əyləşin, indicə qəhvələrimizdə gəlib çıxar. Qəhvə ilə aranız necədir? Əvvəllər mən çox qəhvə içirdim, indi həkimlərin məsləhəti ilə az içirəm, düzü, qəhvə qoxusu xoşuma gəlir. Ümumiyyətlə rəng, qoxu, və səs mənimçün çox önəmli nəsnələrdir.

- Məni çox yerə dəvət edirlər, bəzən bir bəhanə tapıb, yaxamı kənara çəkirəm. Siz zəng vuranda məmnuniyyətlə razılaşdım, mənim də bir səmimi könül söhbətinə ehtiyacım vardı. Sizin dəvətiniz bir fürsət oldu. Son görüşümüzdən sonra bir qədər kədərli əhval-ruhiyyəni xatırlayıram, nə yaxşı ki, hər şey keçib getdi – indi sizinlə burda oturub dərdləşməyimiz Tanrının bizə verdiyi bir hədiyyədir. Yadınızdadırsa, mən də sizin fərdi sərginizdə iştirak edirdim, onda məni yamanca qorxutmuşdunuz. Allaha şükür, gümrahsınız.

- Biz uzun illərin, özü də necə illərin dostlarıyıq. Bizim kimi adamları xoşbəxt etmək üçün həyatda çox şey lazım deyil, - bir gözəl ağac, bir bəyaz bulud, bir rəsm, bir şeir, bir dost təbəssümü yetər.

- Bu, sizin poeziyanızda qabarıq duyulur. Sizin poeziyanızla şəxsiyyətiniz üst-üstə düşür. İnsan var ki, yaradıcılığı ilə şəxsiyyəti tərs mütənasib gəlir. Bəzi sənətçilər yaradıcılıqlarında öz mənlərini gizlədə bilirlər. Deyək ki, səsnən, söznən, rəngnən gizlədirlər. Sənət onlar üçün həm də bir zireh kimidir. Məncə, siz zirehsiz adamsınız. Ona görə də bəzi qara qüvvələrin təsirinə məruz qalırsınız, amma sizin yaradıcılığınızda sanki magik bir aura mövcuddur.

- Siz əsrin 80-ci illərində müqəddəs kitabımız “Qurani-Kərimi” ana dilimizə tərcümə etməyə başladınız. O vaxt sizin tərcümələriniz Vaqif Bayatılının baş redaktoru olduğu “Xəzər” jurnalında çap olunurdu və oxucular tərəfindən böyük maraqla qarşılanırdı. İş elə gətirdi ki, mən də o dərgidə çalışmağa başladım. Siz tez-tez Tərcümə mərkəzində yerləşən redaksiyaya gələrdiniz. Daha sonralar “Qurani-Kərim” sizin tərcümənizdə ayrıca kitab şəklində çap olundu və siz “Quran”ın bir nüsxəsinə öz dəsti xəttinizlə bir neçə xoş söz yazıb mənə bağışladınız. Ziya Bünyadov və Vasim Məmmədəliyevdən sonra “Quran”ı tərcümə etmək fikri sizdə necə yarandı?

- Əvvəlcə kiçik bir düzəliş eləyim, bu proses eyni zamanda gedirdi. “Xəzər” jurnalında jurnal variantı çap olunurdu. Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcümələrinin bir hissəsi qəzetlərdə getmişdi.

- Yadımdadı, oxucular “Xəzər” jurnalının hər sayını səbirsizliklə gözləyirdilər.

- Hə, o zaman eləydi, həm jurnal populyar idi, həm də orda “Quran”ın jurnal variantı çap olunurdu. Vaqif gözəl jurnal buraxırdı. Mən deməzdim ki, Z. Bünyadov və V. Məmmədəliyevin variantı birinci olub, tərcümə prosesi eyni zamanda gedirdi, amma ilkin jurnal variantı bizim variantımız olub. Ötən əsrin əvvəlində də tərcümələr vardı, türkdilli xalqlarda “Quran”ın müxtəlif tərcümələri mövcuddur. Bilirsinizmi, dil məsələsi, dil faktoru var - əski tərcümələrdə ərəb-fars sözlərindən geniş istifadə olunub. Mən bu gün danışdığımız ana dilimizə uyğun tərcümə eləmək istədim. Belə bir arzum vardı, amma bu arzunun nə zaman reallaşacağı bəlli deyildi. Universitetin üçüncü kursunda ərəb fakültəsində oxuyanda tərcüməyə cəhd elədim. Baxdım ki, ərəb dilini bilirəm, əlaçıyam, ərəblərlə sərbəst danışıram “Quran” da ərəb dilindədi, başladım tərcümə etməyə. 1972-ci ildə cəmi iki səhifə tərcümə eləyə bildim. O iki səhifəni hələ də saxlamışam. Təsəvvür edin ki, bir topa ağ kağız, mürəkkəblə yazan avtomat qələm, suçəkən, filan... Hə, hardasa bir gənclik sadəlövhlüyü ilə işə başladım. Bir də baxdım ki, dili bilmək hələ tərcümə deyil. Bəzi sözlər, ifadələr, fikirlər qaranlıq qalırdı. İki-üç səhİfədən sonra qələmi saxladım ki, haçansa yenidən qayıdaram. İllər keçəndən sonra Vaqif bəydən təklif gəldi. Vaqiflə münasibətlərimiz olmuşdu, onun şeirlərinin ərəbcəyə sətri tərcümələrini eləmişdim. Bir Suriya şairi vardı, Ayman Əbu Şeir - görkəmli şairdi. Bizim yazıçılarımızın, şairlərimizin əsərlərini Suriyada çap etdirmişdi. O vaxtlar mən də ərəb poeziyasından tərcümələr eləmişdim. Vaqif özünə məxsus bir ərklə, mənə “Quran”ı tərcümə eləməyi təklif edəndə, hardasa bir qədər tərəddüdlə yanaşdım, Vaqif mənə ürək-dirək verdi, dedi ki, ərəb dilini bilirsən, şeirlər tərcümə edirsən, özün də şairsən, səndən yaxşı kim bu işin öhdəsindən gələr.

- Nə isə, deməli Vaqif Bayatılı, bu işi sizin boynunuza qoydu.

- Boynuma qoydu deyəndə ki, göydəndüşmə bir təklif gəldi. Allahın istəyiylə işə başladım, Vaqif də vasitəçi oldu.

- Hardasa oxuduğum bir kəlam məni çox düşündürür: “Hər insanın boynundan bir quş asdıq”. Sizcə, bu metaforanın anlamı nə ola bilər?

- Hardasa ilahiyyatla bağlı belə bir ifadə gedə bilər, amma dəqiq bilirəm ki, “Quran” ayələrində belə bir şey yoxdur.

- Sizin maraqlı bir şeir kitabınız var mənim kitab rəfimdə, hərdən bir o kitabı açıb vərəqləyirəm. Rəssam Məzahir Avşar o şeir kitabına maraqlı rəsmlər çəkib. “Quran”da şairlərlə bağlı ilginc fikirlər var, “Quran”da şairlər pislənilir.

- “Quran”da Şairlər surəsi var, o surədə belə bir ifadə keçir ki, şairlər bir söz vadisindən o biri söz vadisinə keçirlər, eləmədiklərini deyirlər, amma o şəxslər istisna olunur ki, onlar zülm görüblər, Tanrı yolunda əzablar çəkiblər, iman gətiriblər. İstisna məsələsi bütövlükdə bütün şairlərə aid deyil, şairlərin ünvanına söylənən o neqativ ifadənin yanında bir istisna da var ki, bu şairlər onlardan deyil və həmin istisnaya görə, Məhəmməd Füzuli qəzəllərində Allaha həmd oxuyur.
“Qurani-Kərim” nazil olanda o zamankı poeziyaya böyük bir zərbə vurulub. O zaman ərəb poeziyası, yəni cahiliyyə dövrü ərəb şeiri çox inkişaf eləmişdi, indi də oxuyanda heyrətlənirsən, - metafora və alliterasiya zənginliyi oxucunu ovsunlayır. Məsələn, çapıb gedən atların ayaq səslərini aydınca eşidirsən – o dövrdə poeziya o qədər inkişaf eləmişdi ki, peyğəmbərə irad tuturdular ki, guya şairdi.
Amma “Quran” İlahidən gələn vəhylərdi. Ona görə poeziya arxa plana keçdi. Sonralar ərəb şairləri çalışdılar ki, əski poeziyanın bənzəri olan bir şeylər yaratsınlar, fəqət bu onlara müyəssər olmadı.

- İlk baxışda şeir sanki ani olaraq doğulur, əslində isə şeir şüurun və təhtəlşüurun gizli günəşlərində, şairin qəlbindəki ən məhrəm hücrələrdə yaranır və şairin qəlbində baş verən metafizik reaksiyalarda bişir, sonra qəflətən zühur edir. Sizi şeir yazmağa təhrik edən nədir?

- Mənə elə gəlir ki, bu fərdi bir şeydi və şeirin resepti yoxdu. İnsanın qəlbində belə bir ehtiyac olur, tutalım ki, qəlbimdə poetik duyğular oyanır – beynimdə nələrsə yazılır. Sonra mən o duyğuları kağıza köçürürəm. Elə fikirləşməyin ki, yuxuda gördüyümü yazıram. Bəlkə də ilkin yaradıcılıq dövrlərində belə olur, sonra bir qədər püxtələşirsən, şeirə bir sənət kimi baxmağa başlayanda anlayırsan ki, elmsiz şeir özülsüz divar kimidi. Gənc şairlərin yazılarını oxuyaram, görürəm ki, gənc şairin hansısa bir misrası, tapıntısı var, amma bu elə tapıntı halında, külçə halındadı, cilalanmayıb. Hiss edirsən ki, peşəkarlıq, intellekt çatmır – şeir əvəzinə bədii mətinlər baş alıb gedir.
Ritorika çoxdu müasir poeziyamızda.
80-cı illərin axırlarında vətən haqqında şeirlər yazılırdı, oxunurdu – o şeirlər çağırış idi, şüar idi, yəqin ki, o cür şeirlər də yazılmalıdı, mən düşünürəm ki, o cür şeirlər poeziya deyil, təbliğat vasitəsidi.

- Siyasi şeirə necə baxırsınız, Ümumiyyətlə siyasi şeiri qəbul edirsinizmi?

- Zamanında hansısa bir hadisəyə çevik reaksiya kimi qəbul oluna bilər. Açığı siyasi şeir mənimçün maraqsızdı, mən siyasi poeziyanın uzun ömürlü ola biləcəyinə şübhə edirəm.

- Türk şeirində siyasi şeirin ən yaxşı nümunələrini Nazim Hikmət yazıb.

- Sözsüz, Nazim Hikmət böyük şairdi. Nazimin siyasi şeirlərini oxuyanda heyfsilənirəm, ki, bu şeirlərin altında onun imzası durur. Bu şairin şəxsiyyəti ilə, cəmiyyətindəki fəaliyyəti ilə bağlıdır. Bəzən şairlər düşünürlər ki, gündəlik nəsə yazmalıdırlar, bəzən ondan nələrsə tələb edirlər, yaxud şair özü yaşayış üçün, hakimiyyətə yaranmaq naminə yazmalı olur. Füzulidə isə bir misra da olsun belə şey tapmaq olmur. Füzuli elə bir ev, elə bir bina tikib ki, ordan bir kərpic çıxarmaq mümkün deyil.

- Füzuli, Mövlana, Yunus İslam mədəniyyətinin müqəddəs şairləridi.

- Müqəddəslik ünvanı yalnız Allaha məxsusdur, mən sizi başa düşürəm, yəni ən yüksək dəyərlər mənasında...
Füzulinin hər misrası dopdoludu, onun obrazları adamı ovsunlayır, orda məna da, təsvir də söz ustalığı da var. Füzuli poeziyasının köklərini axtarırsan, Füzuli “Quran”dan öyrənib. O, “Quran”dakı obraz yaratmaq mexanizmini öyrənib. Füzulinin məşhur qəzəlinə fikir verək:

Güli-rüxsarinə qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsi güldür bu, axar sular bulanmazmı?

Füzulidə rəssamlığa aid ünsürlər də mövcuddur. İyirminci əsrin əvvəllərində Avropada vizual poeziya örnəkləri yarandı.
Füzulinin müəllimi Rəbbimdir.

- Bildiyimiz kimi, Ərəb ölkələrini iğtişaşlar bürüyüb “Ərəb baharı” virusu bir ölkədən başqa bir ölkəyə keçir və demokratiya pərdəsi altında özlüyə qan-qada və fəlakət gətirir. Hər gün Yaxın Şərqdən gələn qara xəbərlə açılır. Ərəb ölkələrində qardaş qanı tökülür, məscidlər partladırlar. “Ərəb baharı” dəhşət filmlərinin qanlı ssenariləri eyni bir qələmə yazılmırmı?

- Bu, politoloji şərhə ehtiyac olan məsələdir, bu yaxınlarda bəzi təhlilləri oxudum, bəzən hadisələr başlanandan sonra hadisələri yönəltmək məqsədi ilə məqsədi ilə ssenarilər yazılıb, belə hallar da var. Ümumiyyətlə, dünya dəyişir, yeni dünya düzənidi, qloballaşmadı, ölkələrin siyasi və iqtisadi durumları və s.
Məsələn, Liviyada iğtişaşlar heç də iqtisadi məsələ deyildi, mən Liviyada tərcüməçi işləmişəm. 80-82-ci illərdə Müəmmar Qəddafinin dövründə cəmiyyətdə tayfa-qəbilə münasibətləri vardı, amma iqtisadi baxımdan əhali yaxşı yaşayırdı. Böyük dövlətlərin maraqlarını da unutmayaq. Türkiyənin baş naziri Ərdoğan “biz çalışmalıyıq ki, Liviyanın nefti Liviya xalqına çatsın” - deyir. Biz hadisələrin pərdə arxasından xəbərsizik.
Bir də axı tarixin dialektikası da var.

- Amma heç nə tökülən insan qanına haqq qazandıra bilməz. Eyni dindən, eyni soydan olan insanlar Allahu Əkbər sədaları altında qardaş qanı tökürlər - abad şəhərlər xarabazarlıqlara çevrilir. Ötən əsrdə üç dəfə əlifbamız dəyişdirildi, biz min il ərəb kallıqrafiyasindan istifadə etmişik. Şəxsən mən ərəb əlifbasının tərəfdarıyam, kuf xəttindən tutmuş ən qeyri-müəyyən axıcı formaya malik nəsx xəttinə qədər üslub rəngarəngliyi, nizam və qanunauyğunluğuna, bir də üstəgəl maksimum azadlığı ilə latın əlifbasından fərqlənir. Mən deyərdim ki, ərəb əlifbasında “Quran”ın qələmə alındığı əlifbada İslam mədəniyyətinin Ruhu duyulur.

- Siz məsələyə bir qədər rəssam kimi, bir gözəllik kimi yanaşırsınız. Ərəb əlifbasından latın əlifbasına keçid zərurət idi. Bu proses hələ Mirzə Fətəli Axundzadə tərəfindən irəli sürülmüşdü. Öz özlüyündə müsbət hadisədir. Kütləvi savadsızlığı da bura əlavə edək. Savadsızlığın ləğvində, bu əlifba əvəzsiz rol oynayıb. Bu başqa bir söhbətin mövzusudur ki, biz ərəb əlifbasından kirilə, kirildən təzədən latın əlifbasına keçmişik.


- “Quran” bütövlüklə poetikliyinə baxmayaraq, poeziya kateqoriyasına daxil edilə bilməz. Siz də bunu vurğuladınız. Poeziya hər halda insanın əməlidir, “Quran” isə İlahi kəlamın təcəssümüdür. Ərəb şairi Nəzar Qəbbani deyir ki, Qeybdən gələn bir səsdi şeir...

- Peyğəmbərliklə elçiliyin fərqləri var. Elçilik ilahidən gələn bilikləri, məlumatları ötürmək missiyasıdır. Peyğəmbərlikdə isə həm elçilik, həm də gələcəyi görmək missiyaları olur. Peyğəmbərlik bütün bəşəriyyətə ünvanlanır.
İlahi göndərişlər hələ də davam eləyir, “Quran”ın açıqlamaları elə adı çəkilən göndərişlərdi. Bayaq siz Qəbbaninin dili ilə şeirin qeybdən gələn səs olduğuna işarə vurdunuz, bu ilahi mətləbləri anlamaq üçündür. Bəziləri bunu qəbul etməyə bilirlər, söhbət böyük sənətdən gedir.

- Siz, səfər ərəfəsindəsiniz, Harvard Universitetdən dəvət almısınız. Bir il müddətində Harvardda mühazirələr oxuyacaqsınız. Başınız səfər qayğılarına qarışdığı bir vaxtda sizi iş-gücünüzdən ayırdıq. Sizə uğurlar arzulayırıq. İnşallah bir ildən sonra yenidən görüşərik, bir fincan qəhvə içərik.

- Sağ olun, mən də sizə uğurlar diləyirəm...


***

Gecədir, səhərdən əsən külək bir qədər səngiyib. Nəriman Qasımoğlunun rəssam Məzahir Avşarın rəsmləri ilə çap olunmuş şeirlər kitabını vərəqləyirəm. Bir şeir, iki şeir, üç şeir oxuyuram. Qəlbimdə qəribə bir əmin-amanlıq duyğusu var. Bu anda Nəriman Qasımoğlunun qeybdən gələn səsini aydına eşidirəm...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886

Oxşar yazılar