İstiqlal rəmzinin 80-ci anı - FOTOLENT
30 oktyabr 2012 22:50 (UTC +04:00)

İstiqlal rəmzinin 80-ci anı - FOTOLENT

Oktyabrın 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli istiqlal şairi, ictimai xadim, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən mərasimə mədəniyyət və turizm naziri,millət vəkilləri, xalq artistləri,mədəniyyət və incəsənət xadimləri, yubileyarın qələm dostları, ailə üzvləri, yaxınları qatılıb.

Öncə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, onun Azərbaycan ədəbiyyatında mübariz bir şair kimi mövqe tutduğunu qeyd edib. Bildirib ki, Xəlil Rza yaradıcılığını yüksək qiymətləndirən prezident İlham Əliyev böyük şairin yubileyinin respublikamızın hər yerində, yüksək səviyyədə qeyd olunması üçün iyunun 4-də Sərəncam imzalayıb.

Xəlil Rza Ulutürkün ədəbi irsinin zənginliyi, ictimai fəaliyyəti, onun yaradıcılığında vətənsevərlik mövzusunun xüsusi yer tutduğunu söyləyən nazir deyib ki, Heydər Əliyev də istiqlal şairinin yaradıcılığını yüksək tutaraq, onu “İstiqlal” ordeni ilə mükafatlandırıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, xalq şairi Nəriman Həsənzadə ölməz poeziya ustası Xəlil Rza Ulutürklə bağlı xatirələrini danışıb, onun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən, keşməkeşli yolundan, xalqın bədii-poetik fikrinin formalaşmasında misilsiz xidmətlərindən söz açıblar.

Şeirlərində azadlıq, türklük ideyaları əsas yer tutan Xəlil Rza Ulutürkün Azərbaycan türkcəsinin inkişafında, eləcə də dövlətçilik, millətsevərlik yolunda göstərdiyi misilsiz xidmətlərdən danışan natiqlər bildiriblər ki, onun vətənsevərlik duyğuları xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir.

Çıxış edənlər şairin dünya ədəbiyyatı xəzinəsinin incilərini dilimizə uğurla tərcümə etdiyini də vurğulayıblar.
Daha sonra Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru Firəngiz Ulutürk şairin 80 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısına təşəkkür edib.

O, bildirib ki, Xəlil Rza Ulutürkün vəfatından sonra 45 kitab nəşr edilib: “Buna görə də mən rahatlıqla deyə bilərəm ki, Xəlil Rza daim yaşayır, bizimlə birgə addımlayır. Özünün dediyi kimi o, əbədidir, sönməzdir”.

Firəngiz Ulutürk Xəlil Rzanın şeirlərindən parçalar söyləyib.
Tədbir istiqlal şairinin yazdığı şeirlərin səsləndirilməsi, sözlərinə yazılmış mahnılar ifa olunması ilə davam edib.

Görkəmli poeziya ustasının ictimai fəaliyyətinə dair videosüjet də nümayiş etdirilib.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139

Oxşar yazılar